Naxçıvan Muxtar Respublikasının tarixən sərt iqlimi burada yaşayan insanları hər zaman fəsil dəyişikliklərinə əvvəldən hazır olmağa məcbur edib. Hələ keçmiş zamanlardan buranın sakinləri yay fəslində qışa azuqələrini toplayar, gediş-gəliş üçün yollarda ehtiyat tədbirləri həyata keçirər, soyuqdan qorunmaq üçün odun-kömür tədarükü görərdilər. Zaman keçdikcə qışa hazırlıq tədbirləri də müasirləşmiş, yeni dövrün imkanları qış fəslində insanların daha rahat yaşayışını təmin etmişdir. Artıq neçə illərdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılmasının, fasiləsiz elektrik enerjisi ilə təminatın nəticəsidir ki, insanlar qış fəslində heç bir çətinliklə qarşılaşmırlar.
Payız-qış mövsümünə hazırlıqların muxtar respublikada yüksək səviyyədə həyata keçirilməsi soyuq keçən bu fəsillərdə dövlətin öz vətəndaşlarına isti münasibətinin nəticəsi kimi dəyərləndirilir. İstənilən halda əsas olan odur ki, bu qədim diyarda dövlət vətəndaşına, vətəndaş isə dövlətinə xidmət etməkdə maraqlıdır. Payız-qış mövsümünə hazırlıqların mövcud vəziyyəti ilə yerində tanış olmaq üçün Şahbuz rayonuna üz tutduq.
Rayonda olarkən öyrəndik ki, 2015-ci il avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində xeyli iş görülüb. Belə ki, həmin müşavirədə verilən tapşırıqların yerinə yetirilməsi üçün Şahbuz Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb, qısa müddət ərzində nəzərdə tutulmuş işlərin icrasına başlanılıb. Rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, eləcə də digər sosial obyektlərin qışa hazırlanması, əhalinin qış mövsümündə enerji və yanacaqla fasiləsiz təmin olunması, inzibati binaların, kəndarası yolların təmiri diqqət mərkəzində saxlanılaraq müvafiq tədbirlər həyata keçirilib.
Muxtar respublikamızda tikinti-quruculuq tədbirlərinin həcminin ildən-ilə genişlənməsi Şahbuz rayonunda da müxtəlifprofilli yeni obyektlərin həyata vəsiqə qazanmasına səbəb olub ki, bu da ilin bütün fəsillərində rayon sakinlərinə rahat yaşayıb işləmək imkanı qazandırıb. Hazırda Daylaqlı kəndində aparılan quruculuq tədbirləri də daxil olmaqla, rayonun 22 kənd yaşayış məntəqəsindən 21-də kompleks quruculuq işləri aparılıb. Türkeş kəndi istisna olmaqla, bütün kəndlərdə sosial obyektlər istifadəyə verilib, yollar abadlaşdırılıb. Təbii ki, bu işlər görülübsə, payız-qış mövsümündə iqlim şəraitindən asılı olmayaraq, belə abad kəndlərdə sakinlərin rahatlığı da təmin olunub.
Yuxarıda adıçəkilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların həlli məqsədilə rayonun bütün kənd yaşayış məntəqələrində mövsümi hazırlıqlar nəzarətə götürülərək elektrik və qaz xətləri, qazanxanalar yoxlanılıb, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Bir zamanlar Şahbuzun ucqar dağ kəndlərinə gedən daşlı-kəsəkli, nahamar yollar, eləcə də kəndlərdəki çətin və əlverişsiz yaşayış şəraiti haqqındakı söz-söhbətlər indi, sadəcə, xatirələrdə yaşayır.
Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində fəaliyyət göstərən 103 müasir qazanxananın hər birinə baxış keçirilib, qazanxanalarda elektrik enerjisi, təbii qaz, su təchizatı və digər texniki məsələlər araşdırılıb. Rayonda əhaliyə göstərilən kommunal xidmətin payız-qış mövsümündə də mütəşəkkil təşkili məqsədilə mövcud texnikaların saz vəziyyətdə saxlanılması üçün lazımi ehtiyat tədbirləri görülüb, mövsüm ərzində yolların vaxtında təmizlənməsi üçün maşın-mexanizmlərin təmiri başa çatdırılıb.
Payız-qış mövsümündə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələlərdəndir. Qeyd edək ki, rayonda bu sahədə də bir çox tədbirlər həyata keçirilib, xətlərdə olan nasazlıqlar aradan qaldırılıb. Cari ilin ötən dövründə Sələsüz kəndinə 3,9 kilometr məsafədən çəkilmiş su xətti vasitəsilə kənd daxilində 151 ailə içməli su ilə təmin edilib. Mahmudoba kəndində istifadəyə verilmiş yeni artezian quyusu 30-a yaxın ailənin içməli su problemini həll edib. Yeri düşmüşkən qeyd edək ki, artıq Şahbuz şəhərində yeni su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırılıb, yaxın zamanlarda hər iki xəttin istifadəyə verilməsi nəzərdə tutulub.
2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqlar rayon mərkəzi olan Şahbuz şəhərində də mütəşəkkilliklə aparılıb. Rayonda mövcud olan 103 müasir qazanxananın 40-a yaxını Şahbuz şəhərində yerləşir. Bu qazanxanaların hər birinə aidiyyəti orqanlar tərəfindən ayrılıqda baxış keçirilib, onların mövsümə hazırlığı yoxlanılıb. Şəhərdəki “Azərbaycan”, “Bakı”, Məmməd Araz və Cavadxan küçələrində yollar cari təmir olunub, ümumilikdə, 3 kilometrə yaxın yola asfalt salınıb.
Şəhərdəki yaşayış binalarında da payız-qış mövsümünə hazırlıqla bağlı cari təmir işləri aparılıb, 14, 9, 8 nömrəli binaların bəzi pəncərələrinin şüşələri dəyişdirilib. Rayon mərkəzindəki yaşayış binaları fərdi istilik sistemi ilə qızdırılsa da, binalardakı bütün kommunikasiya xətlərinə baxış keçirilərək nasazlıqlar aradan qaldırılıb, zirzəmilərdə təmizlik işləri aparılıb, yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib.
Bəli, Şahbuz rayonunda müşahidələrimiz onu deməyə əsas verir ki, rayon sakinləri mövsümü rahat və təhlükəsiz şəraitdə başa vuracaq.
Səbuhi Həsənov