Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi davam edir.
Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan şəhərindəki Xatirə Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş həmyerlilərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış muzeyin fondunda 1500 eksponat saxlanılır ki, onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Nümayiş etdirilən eksponatların hər biri tariximizin qanlı və şanlı səhifələrini özündə əks etdirir. Burada, əsasən, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanları və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri və onlara aid materiallar qorunur.
Muzeydəki 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1937-1938-ci illərin repressiya qurbanları, 1941-1945-ci illər müharibəsinin Naxçıvandan olan iştirakçıları, eyni zamanda ən yeni tariximizdə baş vermiş 20 Yanvar, Xocalı soyqırımı hadisələri haqqında eksponatlar bu tarixi dövrlər haqqında ətraflı məlumatlar verir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Xatirə Muzeyində olmuşlar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin kollektivləri Bəhruz Kəngərli Muzeyini, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları isə Hüseyn Cavidin ev-muzeyini ziyarət etmişlər.
“Şərq qapısı”