Muxtar respublika əhalisi seçkilərdə yüksək fəallıq göstərib
Dünən ölkəmizdə növbəti dəfə parlament seçkisi keçirildi. Belə mühüm bir siyasi kampaniyanın uğurla yekunlaşması respublikamızda demokratik proseslərin dərinləşdiyini, azad, plüralist cəmiyyətin formalaşdığını, mütərəqqi prinsiplərə söykənən ölkəmizin inkişaf modellərini rəhbər tutaraq bu yolda böyük nailiyyətlər qazandığını bir daha sübut etdi.
Seçkilərin qanunvericiliyə uyğun olaraq azad, ədalətli və şəffaf keçirilməsi, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etmələri demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Ötən illərdə respublikamızda yaradılan demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilmiş, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsi qəbul olunmuş, bu qanuna əlavələr və dəyişikliklər edilməklə seçki qanunvericiliyi daim təkmilləşdirilərək azad və ədalətli seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılmışdır. Noyabrın 1-də ölkəmizdə, o cümlədən tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan Muxtar Respublikasında şəffaf və demokratik, bayram əhval-ruhiyyəsi şəraitində keçirilən sayca beşinci parlament seçkiləri dediklərimizi bir daha təsdiq etdi.
Azərbaycan Respublikası söz, ifadə, mətbuat azadlığının, vətəndaşın seçmək və seçilmək hüquqlarının təmin olunduğu demokratik cəmiyyətin təşəkkül tapmasında maraqlıdır. Ona görə ki, yalnız bu halda hərtərəfli inkişaf və tərəqqiyə yol açılır. Cəmiyyətin hər bir fərdinin təməl hüquqlarından biri də seçkilərdə azad, sərbəst surətdə seçim etmək, eləcə də seçilmək hüququdur. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan bu hüququn qorunmasına böyük önəm verirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunu uğurla davam etdirən Azərbaycan azad, şəffaf seçkilərin təşkili sahəsində zəngin təcrübə qazanıb. Seçki öncəsi ölkədə ictimai-siyasi sabitliyin, cəmiyyətdəki institutlar arasındakı dialoqun və anlaşma mühitinin mövcudluğu da seçkilərin uğurla yekunlaşmasına əsaslı təsir göstərən əhəmiyyətli amillərdəndir. Bu sahədə siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Dünənki parlament seçkiləri də məhz belə bir şəraitdə keçirildi.
Bu seçkilər Naxçıvan Muxtar Respublikası üçün ikiqat əlamətdar idi. Çünki noyabrın 1-də muxtar respublikada Azərbaycan Respublikasının Milli Məclisi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçirildi. Naxçıvan Muxtar Respublikasında seçicilərin seçki hüquqlarından istifadə edərək seçdikləri namizədə səs vermələri üçün zəruri olan bütün şəraitin yaradılması isə hər iki əhəmiyyətli quruma seçkilərin uğurla başa çatmasına geniş imkanlar açdı. Naxçıvanda tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirildi. Muxtar respublikanın 35 seçki məntəqəsində quraşdırılan veb-kameralar seçkilərdə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Hər zaman olduğu kimi, 1 noyabr seçkilərində də seçicilərin səsvermə prosesində yüksək fəallıq nümayiş etdirməsi bir daha muxtar respublikada əhalinin siyasi proseslərdə fəal iştirak etdiyini göstərdi.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsində seçki keçirilib. Qeydə alınmış 268 min 463 seçicidən 205 min 166 nəfəri, yəni 76,4 faizi seçkilərdə iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 435 seçicidən 30 min 441 nəfəri, yəni seçicilərin 79,2 faizi səsvermədə iştirak edib.
Naxçıvan şəhəri
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Naxçıvan şəhərində şəffaf, azad, demokratik şəraitdə, ruh yüksəkliyi ilə keçirildi. Səhər saatlarından başlayaraq muxtar respublikamızın paytaxtında seçici fəallığının müşahidə olunması da belə deməyə əsas verir.
4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının sədri Cahangir Seyidovdan aldığımız məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin 37 məntəqəsində 43 min 955 seçici qeydiyyatdadır. Dairənin bütün məntəqələrində seçicilərin öz iradələrini azad ifadə edərək istədikləri namizədlərə səs vermələri üçün hər cür şərait yaradılıb. 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin 5 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkilərin gedişini müşahidə etmək, seçicilərin, siyasi partiyaların təmsilçilərinin, yerli və beynəlxalq müşahidəçilərin fikirlərini öyrənmək üçün seçkilərə start verildiyi andan Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində yerləşən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 4-19 saylı seçki məntəqəsində olduq.
Məntəqədə seçkiyə vaxtında – saatlarımız 800-i göstərəndə start verildi. Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Qeyd edək ki, bu məntəqədə 1493 nəfər seçici qeydiyyatdadır. Onlardan 8-i ilk dəfə səs verən gənclərdir.
Seçkilərin gedişi ilə bağlı 4-19 saylı məntəqə seçki komissiyasının Böyük Quruluş Partiyasından olan üzvü Xəyalə Ağayeva ilə söhbətimizdə qeyd etdi ki, seçkilərə start verildiyi andan etibarən insanlar məntəqəyə gələrək istədikləri namizədlərə səs verirlər. Onun sözlərinə görə, seçki prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir.
Burada öyrəndik ki, 19 saylı seçki məntəqəsinin seçicisi və hal-hazırda xəstə olduğu üçün məntəqəyə gələ bilməyən 77 yaşlı Surə Rəhimovanın səsvermə hüququndan istifadə etməsi üçün onun Babək məhəlləsində yaşadığı evinə daşınan seçki qutusu aparılacaq. Məntəqə seçki komissiyasının katibi Elnur İbrahimov və komissiya üzvü Xəyalə Ağayeva ilə birlikdə biz də Surə nənənin evinə yollandıq. Surə nənə seçdiyi namizədlərə səs verərək seçki bülletenlərini daşınan seçki qutularına atdıqdan sonra bizimlə söhbətində göstərilən bu diqqətə və qayğıya görə dövlətimizə minnətdarlığını bildirdi. O, bunu dövlətin hər bir vətəndaşına əhəmiyyət verməsi kimi qiymətləndirdi, bu mənada həm də mənəvi dəstək aldığını dedi.
Müşahidə apardığımız növbəti ünvan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı seçki məntəqəsi oldu. Burada da məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyasının, Böyük Quruluş Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirdilər. Bu məntəqədə 1367 seçici qeydiyyatdadır. Seçkiyə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə etmişdi.
Əliabad qəsəbəsindəki uşaq musiqi məktəbinin binasında fəaliyyət göstərən 4-4 saylı seçki məntəqəsində isə 1380 nəfər seçici qeydiyyatdadır. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi cəlb etdi. Ölkə parlamentində və muxtar respublikanın Ali Məclisində növbəti 5 ildə görmək istədikləri namizədlərlə bağlı iradəsini ifadə etmiş seçicilərdən birinə yaxınlaşırıq. Sahil Məmmədov deyir ki, bura gələrkən əvvəlcə seçici siyahısından adını rahatlıqla tapıb. Sonra məntəqəyə daxil olaraq heç bir maneə olmadan səsvermə hüququndan istifadə edib.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə təşkil olunan 4-28 saylı seçki məntəqəsində MDB-dən olan müşahidəçilər missiyasının nümayəndəsi Vladimir Muradovun da müşahidə apardığını gördük. Vladimir Muradovla söhbətimizdə bildirdi ki, o, Naxçıvana oktyabrın 30-da gəlib. Naxçıvan Muxtar Respublikasında keçirilən parlament seçkilərinin gedişi ilə bağlı fikirlərini bizimlə paylaşan MDB-dən olan müşahidəçilər missiyasının nümayəndəsi dedi: “Bu vaxta qədər biz muxtar respublikanın bir neçə şəhər və rayonunda seçki məntəqələrində müşahidələr aparmışıq, seçki komissiyalarının fəaliyyəti ilə yaxından tanış olmuşuq. Bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilib. Hər şey müvafiq qanunların tələblərinə uyğun aparılır. Müşahidə apardığım müddət ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadım. Biz səhər saatlarında seçki başlamamışdan əvvəl seçki qutularının möhürlənməsini və məntəqələrin seçkilərə açılmasını müşahidə etdik. Proses başlandığı andan gördük ki, dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarını, tələblərini lazımınca yerinə yetirirlər”.
Muxtar respublikanın seçicilərinin fəallığından da danışan Vladimir Muradov dedi: “Həqiqətən də, muxtar respublikada seçicilər yüksək fəallıq nümayiş etdirirlər. Belə ehtimal edirəm ki, Azərbaycan üzrə ən fəal seçicilər məhz naxçıvanlılardır. Seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu, seçkiqabağı təbliğat və təşviqat işlərinin də yüksək səviyyədə aparıldığını göstərir.
Hər kəs məntəqəyə daxil olduğu andan öz iradəsinə uyğun hərəkət edir, seçdiyi namizədlərə səs verir. Mən məntəqə seçki komissiyasının üzvlərinin vətəndaşlara necə hörmətlə yanaşdığının, lazım gələndə qanunvericilik çərçivəsində onlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır. Bütün hallarda məndə belə bir əminlik yarandı ki, muxtar respublika parlament seçkilərinə çox yüksək səviyyədə hazırlaşıb”.
Qeyd etdiyimiz kimi, dünən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçirildi. Naxçıvan şəhərində Ali Məclisə seçkilər üzrə 10 seçki dairəsinin 50 məntəqəsində 54 min 213 nəfər seçici qeydə alınıb.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə yerləşən 30 saylı Naxçıvan Şəhər Seçki Dairəsində olduq. Dairə Seçki Komissiyasının sədri Oqtay Rzayev bildirdi ki, bu dairədə 5 min 989 seçici qeydiyyatdadır. Onun sözlərinə görə, seçicilər qeydiyyatda olduqları məntəqələrə gələrək sərbəst şəkildə inandıqları və etibar etdikləri namizədlərə səs verirlər. Bu, muxtar respublikamızda hər kəsin öz hüquqlarını, seçim etməkdə şəxsi məsuliyyətini dərk etdiyinə gözəl nümunədir.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə yerləşən Ali Məclisə seçkilər üzrə 30-4 saylı seçki məntəsində ilk dəfə səsvermə hüququndan istifadə edən gənc seçici Bahadur Əmiyev qeyd etdi ki, muxtar respublikanın ali orqanına seçkilərdə iştirak etdiyi üçün sevinc hisləri keçirir. O, səsvermə hüququndan istifadə edərək istədiyi namizədə səs verdiyini və seçimində yanılmayacağına əminliyini bildirdi.
30-4 saylı məntəqə seçki komissiyasının sədri Aygün Hüseynova isə bildirdi ki, məntəqə üzrə 1008 nəfər qeydiyyatdadır, onlardan 13 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edir. Aygün Hüseynova seçki prosesinin normal qaydada, şəffaf getdiyini dedi: “Seçicilər bu seçkilərdə də fəallıq nümayiş etdirirlər. İnsanlar məntəqəyə gəlir, səs verirlər. Yaradılan şərait isə göz qabağındadır. Seçkinin yüksək səviyyədə və demokratik şəraitdə keçirilməsi üçün hər bir şərait mövcuddur”.
Naxçıvan şəhərində Ali Məclisə seçkilər üzrə 27-2 saylı seçki məntəqəsində də seçici fəallığı müşahidə etdik. Məntəqə seçki komissiyasının sədri İlkin Məmmədovun sözlərinə görə, bu məntəqədə 1010 nəfər qeydiyyatdadır. Məntəqədə seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilir.
Ali Məclisə seçkilər üzrə 24-2, 25-3, 26-2, 27-3, 31-1, 33-4 saylı seçki məntəqələrində də yüksək seçici fəallığını müşahidə etdik.
Qeyd edək ki, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsi üzrə saat 1900-a olan məlumata görə, 43 min 955 seçicidən 34 min 109 nəfəri seçkilərdə iştirak edib. Dairə üzrə qeydiyyatda olan seçicilərin 77,6 faizi səs verib. Bu, ölkə üzrə ən yüksək göstəricilərdən biridir.
Rauf Əliyev
Şərur rayonu
Şərur rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərə 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Seçki dairələri üzrə, ümumilikdə, 81 seçki məntəqəsi yaradılmışdı. Bu məntəqələr üzrə 70 min 8 seçici qeydə alınmışdı ki, bunlardan da 1062 nəfərini ilk dəfə səs verənlər təşkil edirdi. Hər iki dairə üzrə seçkilərə əvvəlcədən yüksək hazırlıq işləri görülmüş, 9 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Seçkiləri yaxından izləmək üçün hər iki dairənin Şərur rayonunda yerləşən seçki məntəqələrində olduq.
2-50 saylı seçki məntəqəsi Şərur şəhərindəki dəmiryol vağzalının inzibati binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Məhərrəm Həşimov bildirdi ki, məntəqə üzrə 1150 seçici qeydə alınıb. Onlardan 38 nəfəri ilk dəfə səs verənlərdir. Müsahibimiz qeyd etdi ki, seçkiyə hazırlıq işləri əvvəlcədən yüksək səviyyədə həyata keçirilib.
Səhər saatlarından bu seçki məntəqəsində seçicilərin aktiv iştirakını müşahidə etdik. Hər kəs seçdiyi namizədə səs vermək üçün məntəqəyə axışırdı. Seçki məntəqəsində veb-kamera da quraşdırılmışdı. Səsvermə başlayandan 1 saat sonra burada 70-dən çox seçicinin səsvermədə iştirak etdiyinin şahidi olduq.
2-9 saylı seçki məntəqəsi isə Yuxarı Aralıq Kənd Uşaq Musiqi Məktəbində fəaliyyət göstərirdi. Bu məntəqədə də seçicilərin seçkidə iştirakı üçün hərtərəfli şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Fikrət Həsənov seçki prosesinin mövcud qaydalara uyğun getdiyini və seçicilərin səsvermədə fəal iştirak etdiyini bildirdi. Öyrəndik ki, bu məntəqə üzrə 761 seçici qeydə alınıb. Seçicilərdən 82 yaşlı Əkbər Quliyevlə söhbət etdik. Dedi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra özü və ailə üzvləri seçkilərdə daim aktiv iştirak ediblər. Bu gün keçirilən seçkidə də seçicilər üçün yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz seçdiyi namizədə səs verə bilər. Bu gün biz bir daha sabitliyə, əmin-amanlığa, ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafına, işıqlı gələcəyinə səs verdik.
1-27 saylı seçki məntəqəsi Şərur rayonunun Zeyvə kənd tam orta məktəbinin binasında yerləşir. Öyrəndik ki, bu məntəqə üzrə 1084 seçici səs verəcək. İlk dəfə səsvermədə iştirak edənlərin sayı isə 22 nəfərdir. Məntəqə seçki komissiyasının sədri Aygün Şükürova bildirdi ki, saat 1000-dək artıq məntəqədə 350-dən çox seçici səs verib. Seçicilərdən Fərrux Abdullayev təqaüdçüdür. O, seçkilərlə bağlı təəssüratlarını bizimlə bölüşdü: “İnsanlar bilirlər ki, bundan sonrakı inkişafımız üçün kimə üstünlük vermək lazımdır. Bizim üçün yaradılan şəraitdən çox razıyıq. Bizə bu şəraiti yaradan insanlara səs verdik”.
1-19 saylı seçki məntəqəsi isə Kürçülü kənd tam orta məktəbinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Ülviyyə Kərimova bildirdi ki, məntəqə üzrə 657 nəfər seçici qeydə alınıb. Səhər saatlarından hər kəs seçdiyi namizədə səs vermək üçün məntəqəyə gəlirdi. Səsvermə başlayandan 1 saat sonra burada 50 nəfərə yaxın seçici səs vermişdi. İlk baxışdan görünürdü ki, seçicilər səsvermədə fəal iştirak edirlər.
Qeyd edək ki, rayonun ən yaşlı sakini, 117 yaşlı Qönçə Hümbətova da seçici kimi bu məntəqədə qeydə alınıb. Yaşlı seçicinin məntəqəyə gəlmək imkanı məhdud olduğu üçün əvvəlcədən daşınan qutudan istifadə ilə bağlı qeydiyyat aparılıb. Komissiya üzvlərinin iştirakı ilə daşınan seçki qutusu Qönçə Hümbətovanın yaşadığı mənzilə aparıldı və yaşlı sakin seçki hüququndan istifadə edərək səs verdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə Şərur rayonunda 12 seçki dairəsi yaradılıb.
7-4 saylı seçki məntəqəsi rayonun Qarxun kənd mədəniyyət evinin binasında yerləşir. Bu məntəqədə də seçicilərdən bir neçəsi ilə görüşüb söhbət etdik.
Qarxun kənd sakini Məcnun Bağırov keçirilən seçkilərlə bağlı fikirlərini belə ifadə etdi: “Bu gün keçirilən seçkilər ölkəmizin, eləcə də muxtar respublikamızın həyatında mühüm ictimai-siyasi hadisədir. Buna görə də seçkilərdə hamının iştirakı vacibdir. Bildiyiniz kimi, muxtar respublikamız hərtərəfli inkişaf yolundadır. Biz hamımız bu inkişafın davamlı olmasında maraqlıyıq. Ona görə də ən layiqli namizədlərə səs verdik.
Şərur rayonunda seçici sayına görə ən böyük seçki məntəqələrindən biri Düdəngə kəndində yerləşən 8-1 saylı seçki məntəqəsidir. Bu məntəqə üzrə 1493 seçici qeydə alınıb. 28 seçici isə ilk dəfə səs verənlərdir. Məntəqədə seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılmaqla yanaşı, veb-kamera da quraşdırılmışdı. Bu məntəqədə də seçici fəallığı səhər saatlarından hiss olunurdu. Seçicilərdən 1939-cu il təvəllüdlü Bayram Abdullayev təqaüdçü-müəllimdir. Seçkilərin yüksək səviyyədə keçdiyini və hər bir seçici üçün azad seçim imkanı yaradıldığını bildirdi. Dedi ki, ötən illər ərzində vətəndaşlarımızın seçkilərdəki fəallığı xeyli artıb. Hər kəs bilir ki, yalnız layiqli, öz vətənini sevən, sözdə yox, əməldə fəaliyyəti ilə seçilənlərə səs vermək lazımdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkiləri Şərur rayonundakı məntəqə seçki komissiyalarının əksəriyyətində müşahidə etdik. Azad, demokratik və şəffaf şəkildə keçirilən seçkilər bir daha onu göstərdi ki, bu bölgədə də seçkilərə hazırlıq vaxtında və yüksək səviyyədə aparılmaqla yanaşı, seçicilərdə zəngin seçki təcrübəsi formalaşıb.
Səbuhi Həsənov
Babək rayonu
Noyabrın 1-də keçirilən seçkilərdə Babək rayonunun sakinləri də axın-axın seçki məntəqələrinə yollanırdılar. Seçkilərin gedişini izləmək üçün həmin gün rayon ərazisində fəaliyyət göstərən seçki məntəqələrində müşahidələr apardıq. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunmuş 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin 21-i Babək rayonu ərazisindədir. Rayon üzrə 15 min 434 nəfər seçicinin səs verəcəyi dəqiqləşdirilib. Onların 349 nəfəri ilk dəfə səs verənlərdir.
Babəklilər dünən yuxudan həmişəkindən tez oyanmışdılar. Babək qəsəbəsinin mərkəzində, seçki məntəqələrinin ərazisində qələbəlik idi. Hamı vətəndaşlıq borcunu yerinə yetirməyə tələsirdi. İlk olaraq, 3-41 saylı seçki məntəqəsinə yollandıq. Bu məntəqə Babək qəsəbə tam orta məktəbinin binasında yerləşir. Burada seçkilərdə şəffaflığın təmin olunmasının mühüm vasitəsi sayılan veb-kamera quraşdırılmışdı. Məntəqədə vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılmışdı. Səsverməyə gəlmiş 86 yaşlı Yaqub Süleymanov təəssüratlarını bizimlə bölüşdü:
– Uzun illərdir, müxtəlif seçkilərdə iştirak edirəm. Bu dəfə də seçkidə iştirak edərək vətəndaşlıq borcumu yerinə yetirdim. İnanıram ki, bu seçkilərdə layiqli namizədlər parlamentə seçiləcək, Azərbaycanın gələcək inkişafı, qanunların aliliyi, xalqımızın rifahı, dövlətimizin qüdrətlənməsi naminə əllərindən gələni edəcək, sözün həqiqi mənasında, millətin vəkili olacaqlar.
Saat 900-da bu məntəqədə 150 nəfər artıq səs vermişdi. Qeyd edim ki, məntəqə üzrə 31 nəfər ilk dəfə səs verənlərdir. Həmin gənclərdən biri – Naxçıvan Dövlət Universitetinin tələbəsi Pınar Məmmədsoylunun dediklərindən:
– İlk dəfədir ki, seçkidə iştirak edirəm. Səsvermə zamanı şahidi oldum ki, bu gün muxtar respublikamızda demokratik seçkilərin keçirilməsi, insanların öz iradələrini azad ifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Bu da mənim kimi gəncləri gələcəyə daha inamla baxmağa sövq edir.
Babək Rayon Mədəniyyət Evində yerləşən 3-42 saylı seçki məntəqəsindəyik. Burada da seçki prosesi qanunvericiliyə uyğun aparılırdı. Kütləvi informasiya vasitələri nümayəndələrinə onları maraqlandıran suallar üzrə müfəssəl məlumat almaq imkanı yaradılmışdı. Vətəndaşların hər hansı bir sorğusu məntəqə seçki komissiyası üzvləri tərəfindən dərhal cavablandırılırdı.
Seçicilərdən Heydər Həsənov deyir:
– Ailəmlə birlikdə səsvermədə iştirak etdik. Deyə bilərəm ki, seçki azad və şəffaf keçirilir. İnanıram ki, deputat mandatı qazananlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlar.
6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə Babək rayonu ərazisində 19 məntəqə yaradılıb. Həmin məntəqələrdə seçicilərin ümumi sayı 14 min 554 nəfərdir. Dairənin Zeynəddin kənd tam orta məktəbində yerləşən 6-3 saylı seçki məntəqəsindəyik. Bir neçə saatdır ki, səsvermə başlayıb. Açığı, buradakı qələbəlik komissiya üzvlərinə yaxınlaşmağa imkan vermir. Nəhayət, məntəqə seçki komissiyasının sədri Raiq İsmayılovla görüşüb qısa söhbət edirik. O bildirdi ki, məntəqədə 850 seçici səs verməlidir. Məntəqəyə axını özünüz görürsünüz. Tam məsuliyyətlə deyirəm: seçkilər demokratik, şəffaf keçirilir. Məntəqə sədrinin sözlərini komissiyanın katibi Nadir Nuriyev də təsdiqlədi. O dedi ki, seçkidə fəallıq yüksəkdir. Heç bir qanun pozuntusu ilə rastlaşmayıblar.
5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Babək rayonu ərazisində 12 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 12 min 70 seçici qeydə alınıb. Dairənin Vayxır kənd tam orta məktəbində yerləşən 5-35 saylı seçki məntəqəsində də olduq. Həmsöhbət olduğumuz insanlar seçkilərin demokratik, azad və şəffaf şəraitdə keçirildiyini bildirdilər.
Məlum olduğu kimi, dünən muxtar respublikada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçirildi. Ali Məclisə seçkilər üzrə Babək rayonunda 6 seçki dairəsi yaradılıb. 18 saylı Nehrəm, 19 saylı Babək qəsəbə, 20 saylı Yarımca, 21 saylı Məzrə, 22 saylı Şıxmahmud, 23 saylı Cəhri Seçki dairələri üzrə 49 məntəqədə yüksək seçici fəallığı var idi. İlk olaraq, yolumuzu Yarımca kəndindən saldıq. Elə kəndə daxil olanda hiss edilirdi ki, yarımcalılar bu siyasi kampaniyada fəal iştiraklarını səslərini ən layiqli namizədə verməklə nümayiş etdirməyə çalışırlar. Qeyd edək ki, 20 saylı Yarımca Seçki Dairəsi üzrə 11 məntəqə yaradılıb. Seçki dairəsi üzrə 7147 seçici qeydiyyatdadır. Yarımca kənd tam orta məktəbində yerləşən 20-3 saylı seçki məntəqəsində müşahidə apardıq. Burada 1094 nəfər seçici səs verəcəkdi. Onlardan 17 nəfəri ilk dəfə səs verənlərdir. Bu məntəqədə gənclərin fəallığı diqqətimizi çəkdi. Dövran Məmmədov heç bir maneəyə rast gəlmədən sərbəst şəkildə səs verdiyini dedi.
Cəhri kənd 1 nömrəli tam orta məktəbdə yerləşən 23-2 saylı seçki məntəqəsində də seçicilər istədikləri namizədə səs verirdilər. Bütün bunlar isə muxtar respublikada demokratiyanın bərqərar olduğundan xəbər verirdi. Saat 1230-da 350 nəfər səsvermə hüququndan istifadə etmişdi. Seçicilərdən Sənayət Tağıyeva ilə həmsöhbət oluram:
– Hər şey yaxşı təşkil olunub. Bizdə seçki mədəniyyətinin yüksəldilməsi məni bir ziyalı kimi çox sevindirir. Gördüyünüz kimi, seçki prosesi yüksək səviyyədə davam edir.
Seçicilərdən Arzulə Cəfərova bildirdi ki, azad şəkildə seçimini edərək ən layiqli namizədə səs verib.
Axşam saatlarına əldə etdiyimiz məlumatlara əsasən, Babək rayonundakı seçicilərin əksəriyyəti artıq səsvermə hüququndan istifadə etmişdi. Seçki dairələrinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.
Sara Əzimova
Ordubad rayonu
Azərbaycan Respublikasının Milli Məclisinə 7 saylı Ordubad-Culfa Seçki Dairəsinin Ordubad rayonunda yaradılan 45 seçki məntəqəsində 29 min 8 nəfər seçici qeydə alınmışdı. Həmin məntəqələrdə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Ordubad rayonu üzrə 41, 42, 43, 44, 45 saylı seçki dairələrinin eyni sayda olan məntəqələrində seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilmişdi.
Seçki başlanarkən 7 saylı Ordubad-Culfa Seçki Dairəsinin Ordubad şəhərindəki şahmat məktəbində yerləşən 1 saylı məntəqəsində olduq. Məntəqə üzvlərinin iştirakı ilə qutular möhürləndi və seçkiyə start verildi. 1245 seçicinin səs verəcəyi məntəqədə səhər saatlarından seçici fəallığı hiss olunurdu. Məntəqə seçki komissiyasının sədri Əkbər Babazadə söhbət zamanı bildirdi ki, məntəqədə səs verəcək bütün seçicilərin siyahısı dəqiqləşdirilib və onlara bildirişlər göndərilib. Bizə edilən bütün müraciətlərə baxılıb. Seçki kampaniyasının tam şəffaf başa çatacağına əminik.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Ordubad rayonunun Nüsnüs kəndindəki 7-10 saylı seçki məntəqəsində də müşahidə apardıq. Məntəqə seçki komissiyasının sədri İsrafil Məmmədovun sözlərinə görə, hər kəs seçkilərin şəffaf keçirilməsində maraqlıdır. Çünki bu gün səs verdiyimiz namizəd sabah Milli Məclisdə və başqa tribunalarda öz seçicilərini təmsil edəcək. Ona görə də hər bir seçici istədiyi namizədi seçmək üçün tələsir.
Adıçəkilən məntəqədə bitərəf müşahidəçi Sərdar İsmayılovla həmsöhbət olduq. O, seçki prosesində qanun pozuntusunun qeydə alınmadığını bildirdi: “Səhər saatlarından seçkini izləyirik. Seçicilər azad şəkildə istədikləri namizədə səs verirlər”.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 42 saylı Ordubad Şəhər Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində də olduq. 1149 seçicinin səs verəcəyi məntəqə lazımi avadanlıqlarla tam təmin olunmuşdu.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 43 saylı Yuxarı Əylis Seçki Dairəsi 10 seçki məntəqəsini əhatə edir. Dairə Seçki Komissiyasının sədri Tofiq Hüseynov bildirdi ki, məntəqələrin seçki gününə tam hazır olması üçün vaxtında hazırlıq işləri aparmışıq. Bu gün hər hansı bir problemin yaranacağını düşünmürük. Məntəqələrdən məlumatları vaxtında alırıq. Seçicilərə rahat şərait yaradılıb.
Rayonun Dırnıs kənd tam orta məktəbində fəaliyyət göstərən 43-3 saylı seçki məntəqəsində əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri ilk baxışda hiss olunurdu. Burada da seçicilərin rahat səs verməsi üçün lazımi şərait yaradılmışdı. Dırnıs kənd sakini, ilk dəfə səs verən Miryusif Yusifov dedi: “Mən çox xoşbəxtəm ki, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan seçki kampaniyasında iştirak edirəm. Xalqın öz vəkillərini özünün seçə bilməsi qürurverici hadisədir. Mən də layiqli namizədimə səs verdim”.
44 saylı Vənənd Seçki Dairəsi və 45 saylı Aza Seçki Dairəsi üzrə yaradılmış bir neçə məntəqədə də seçkiləri müşahidə etdik. Həmin məntəqələrdə gördüklərimiz belə qənaət yaratdı ki, seçki komissiyaları öz işini seçkilərlə bağlı mövcud təlimatlara uyğun qurub. Seçicilərin fəallığı isə belə deməyə əsas verir ki, onların ölkəmizin qarşıdakı beş ildə inkişaf və tərəqqisi üçün çalışa biləcək deputatlara səs verməsi təbiidir. Çünki gələcəyimiz bizim bugünkü seçimimizdən asılıdır.
Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Ordubad rayonunda keçirilən seçkilər şəffaf və demokratik şəkildə keçirildi.
Arzu Abdullayev
Culfa rayonu
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə 6 saylı Culfa-Babək və 7 saylı Ordubad-Culfa Seçki dairələri üzrə Culfa rayonunda 32 məntəqə yaradılmışdı. Ümumilikdə, rayonda 25 min 694 seçici qeydə alınmışdı. Biz ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən seçki məntəqələrində olduq. Rayonda parlament seçkilərinə nümunəvi hazırlıq görülmüşdü. Culfa rayonundakı seçki məntəqələrinin hər birində səsvermə mütəşəkkilliklə keçirildi. Şəffaflığı təmin etmək məqsədilə 16, 17, 21, 22, 26 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı.
6 saylı Culfa-Babək Seçki Dairəsinin Culfa şəhərində fəaliyyət göstərən 6-15 saylı seçki məntəqəsində səhər saat 800-dən başlayaraq mütəşəkkillik müşahidə olunurdu. Seçicilər istədikləri namizədə sərbəst səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Anar Hüseynov:
– 1409 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Seçkinin başlandığı ilk saatlardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib. Müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri də sərbəst şəkildə seçki prosesini izləyirlər.
Seçicilər arasında gənc bir oğlan diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir, səs verir. 18 yaşı yenicə tamam olub. Gənc seçici Ceyhun Babayevin ürək sözləri:
– Çox həyəcanlıyam. Məntəqədə əsl bayram əhval-ruhiyyəsi vardır. Culfa şəhər sakinləri böyük ruh yüksəkliyi ilə məntəqəyə gələrək vətəndaşlıq borclarını yerinə yetirirlər. Mən də ölkəmizin xoşbəxt gələcəyinə səs verdim və bundan böyük qürur hissi duyuram. Öz Vətənimlə fəxr edirəm. Xoşbəxtəm ki, belə demokratik bir ölkədə yaşamaq mənə nəsib olub.
Seçki məntəqələrindən biri Culfa şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşirdi. 6-16 saylı məntəqə seçki komissiyasının sədri Sərdar Əliyev seçkilərin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 281 nəfərin səs verdiyini bildirdi.
Bir sözlə, səsvermə prosesi öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və demokratik şəraitdə gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyədə olması idi. Ona görə də onların ürək sözlərini dinləməyə üstünlük verdik. Seçici Abbas Tağıyev:
– Bu gün Vətənimiz və dövlətimiz üçün əlamətdar bir gündür. Biz ölkə və muxtar respublika parlamentində təmsil olunacaq layiqli namizədləri seçirik. Odur ki, bugünkü tədbirdə qürur və fərəhlə iştirak edirəm. Mən digər seçicilərin də bu günün əhəmiyyətini yaxşı dərk etdiklərini bilirəm. Hər kəs öz vətəndaşlıq borcunu məmnuniyyət, eyni zamanda məsuliyyət hissilə yerinə yetirir.
Seçici Gülzadə İsmayılova isə təəssüratını belə ifadə etdi:
– Çox sakit və rahatlıqla məntəqəyə daxil olaraq səs verdik. Heç bir qanun pozuntusuna rast gəlmədim. Bir seçici kimi məni budəfəki seçki prosesi də tam qane edir. Şükürlər olsun, artıq elə bir dövrə yetişdik ki, seçici sərbəst şəkildə, kənardan heç bir müdaxilə olmadan öz iradəsini ifadə edir. Zənnimcə, bu, demokratiya göstəricisi olaraq insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərə 37, 38, 39, 40 saylı Seçki dairələri üzrə 32 məntəqə yaradılmış, rayonda 25 min 694 seçici qeydə alınmışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər də yüksək seçici fəallığı ilə keçirilirdi. Culfa şəhərindəki 37-4 saylı seçki məntəqəsində də böyük izdiham var idi. Seçici Nazim Ağayev seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd edərək bildirdi ki, insanlar dəstə-dəstə məntəqələrə gələrək layiqli namizədə sərbəst şəkildə səs verirlər. İnsanlar ötən seçkilərdə olduğu kimi yenə də gülərüzlə, ailəliklə məntəqələrə gəlirlər. Bax bu fakt ölkəmizdə keçirilən seçkilərin demokratik, şəffaf və ədalətli keçirildiyindən xəbər verir.
Rayonun Yaycı, Şurud, Gal, Ərəzin, Bənəniyar, Əbrəqunus, Kırna, Qızılca və Saltaq kənd tam orta məktəb binalarında yerləşən 38-3, 38-7, 38-8, 39-1, 39-2, 39-5, 39-6, 39-7, 40-1 saylı seçki məntəqələrində də seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs layiq bildiyi namizədinə səs verirdi.
Kərəm Həsənov
Kəngərli rayonu
Kəngərli rayonunda da parlament seçkilərinə ciddi hazırlıq işlərinin görülməsi seçki məntəqələrinin açıldığı səhər saatlarından axın-axın bu ünvanlara gələn seçicilərin rahat və heç bir çətinlik çəkmədən səs verməsinə şərait yaratmışdı.
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə bağlı 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə Kəngərli rayonunda 19 seçki məntəqəsi yaradılıb. Məlumat üçün bildirək ki, rayon üzrə 19 min 487 seçici qeydə alınıb.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 3-12 saylı seçki məntəqəsi Kəngərli rayonunun Şahtaxtı kəndində, kənd mərkəzinin binasında fəaliyyət göstərirdi. 1241 nəfər seçicidən 37-nin ilk dəfə səs verən vətəndaşlar olduğu məntəqədə onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Seçicilərdən Miryasin Seyidov dedi:
– Məntəqədə hər kəsin öz namizədinə səs verməsi üçün bütün şərait yaradılıb. Hamı sərbəst şəkildə seçimini edir. Bundan artıq demokratik seçki təsəvvür etmirəm. Mən düşünürəm ki, bu gün layiqli namizədə səs verməklə quruculuğa, sosial rifaha, inkişafa səs verdim.
1482 seçicinin qeydiyyatda olduğu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin binasında yaradılan 3-6 saylı məntəqədə ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclərdən Eltunə Novruzova ilə söhbət zamanı bildirdi ki, onun və onun kimi ilk dəfə səs verən gənclərin seçkilərdən öncə seçki proseduru ilə bağlı maarifləndirilməsi onların seçkilərdə fəal iştirakına zəmin yaradıb.
Rayonun Qıvraq qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə yaradılan 3-17 saylı məntəqə seçki komissiyasının sədri Nazim Əsgərov dedi ki, məntəqədə 1208 nəfər seçici qeydə alınıb. Seçicilərdən 44 nəfəri ilk dəfə səs verənlərdir. Günortaya kimi seçicilərin, demək olar ki, yarısı səsvermə hüququndan istifadə edib. Məntəqədə qayda pozuntusu qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərlə bağlı rayonda təşkil edilən 15 saylı Qarabağlar, 16 saylı Qıvraq, 17 saylı Çalxanqala Seçki dairələri üzrə 19 məntəqəyə rayon sakinləri böyük ruh yüksəkliyi ilə gəlir, layiqli namizədə səs verirdilər. Adıçəkilən dairələr üzrə 19 min 487 seçicinin qeydiyyatda olduğu məntəqələrin önündə elə səhər saatlarından qələbəlik idi. Seçkilər beynəlxalq tələblərə uyğun, azad, şəffaf keçirilirdi.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər üzrə Qarabağlar Kənd Mərkəzinin binasında yaradılan 15-2 saylı məntəqədə 1496 seçici qeydiyyatda idi. Kənd sakinləri axın-axın buraya gəlir, növbəyə durur, istədikləri namizədə səs verirdilər. 20 nəfər sakinin ilk dəfə səsvermə hüququndan istifadə etdiyi məntəqədə təqaüdçü Musa Hətəmov bizimlə söhbətində bildirdi ki, ötən 20 il ərzində keçirilən bütün seçkilərdə istisnasız olaraq iştirak edib və bununla kifayətlənməyib. O, yaranan hər imkanda gənc nəslin nümayəndələrinə seçkilərdə fəal iştirak etməyi tövsiyə edib, seçkilərin hər bir Azərbaycan vətəndaşının həyatında mühüm hadisə olduğunu deyib. İnanır ki, səs verdiyi namizəd seçicilərin ona göstərdiyi etimadı doğruldacaq.
Məntəqədə olarkən ilk dəfə səs vermək üçün gəlmiş Leyla Mənsimovanın da fikirlərini, təəssüratlarını öyrəndik. Müsahibimiz bildirdi ki, parlament seçkilərində ilk dəfə iştirak etdiyi üçün böyük qürur və fəxarət hissi keçirir. Çünki həyatında birinci dəfədir ki, ölkəmizin və muxtar respublikamızın ali qanunverici orqanlarına deputat seçilmək istəyən namizədlərə səs verir. Əmindir ki, bu gün onun deputat görmək istədiyi namizəd millət vəkili seçildiyi təqdirdə xalqa layiqli xidmət edəcək.
Rayonun Qabıllı kəndindəki inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə yaradılan 15-5 saylı məntəqədə də səhər saatlarından qələbəlik hökm sürürdü. 777 seçicinin qeydiyyatda olduğu məntəqədə saat 1230-da səs verənlərin sayı 300-ü ötmüşdü.
Rayonda olarkən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə yaradılan 17-5 saylı Çalxanqala, 17-6 saylı Xıncab, 17-7 saylı Təzəkənd, 16-6 saylı Böyükdüz, 17-1 saylı Yeni Kərki və başqa kəndlərdəki məntəqələrdə də olduq. Bu məntəqələrdə də yüksək seçici fəallığı var idi.
Səbuhi Hüseynov
Şahbuz rayonu
1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilər çox mühüm siyasi kampaniya kimi xalqımızın həyatında yaddaqalan oldu. Ədalətli və obyektiv şəraitdə, beynəlxalq standartlara uyğun şəkildə keçirilən seçkilər bir daha sübut etdi ki, ölkəmizdə demokratiyanın inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublika əhalisi seçki məntəqələrinə gedib sərbəst şəkildə səs verməklə Azərbaycan Respublikasının Milli Məclisində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində onu təmsil edəcək ən layiqli oğul və qızlarını seçdi.
Budəfəki seçkilər muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da yüksək hazırlığı ilə seçilirdi. Seçkiləri izləmək üçün ezam olunduğumuz Şahbuz rayonu ərazisindəki seçki məntəqələrinə artıq səhər saatlarından başlayaraq seçicilərin axını başlamışdı.
Qeyd edək ki, Şahbuz rayonundakı seçicilər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 5 saylı Şahbuz-Babək Seçki Dairəsi üzrə Şahbuz rayonunda yaradılmış 34 seçki məntəqəsində səs verirdilər. Seçki dairəsindən aldığımız məlumata görə, gün ərzində bu məntəqələrdə 17 min 976 seçici səs verəcəkdi. Artıq ilk saatlardan seçkilərin yüksək mütəşəkkilliklə keçdiyi müşahidə olunurdu. Səsvermə prosesində şəffaflıq üçün tələb olunan bütün şərait yaradılmış, eyni zamanda müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün yerlər ayrılmışdı. Rayonda 2 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə seçkilər onlayn rejimdə izlənə bilirdi.
Səhər saat 800-dən başlayaraq Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş 5-1 saylı seçki məntəqəsində xeyli qələbəlik idi. Burada həmsöhbət olduğumuz gənc seçici Nihad Abışovun həyəcanı açıq sezilirdi. 1 noyabr onun doğum günü olduğundan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən ona xüsusi vəsiqə verilmişdi. Bu məntəqədə 33 nəfər ilk dəfə olmaqla, ümumilikdə, 1438 nəfərin səs verəcəyi bildirildi. Yüksək seçici fəallığı olan bu məntəqəyə saat 1200-də yenidən baş çəkəndə burada artıq 550 nəfərə yaxın seçicinin səs verdiyini öyrəndik. Qeyd edək ki, eyni seçici fəallığına Şahbuz şəhərindəki 5-6 saylı, Ayrınc kəndindəki 5-8 saylı, Kükü kəndindəki 5-15 saylı, Güney Qışlaqdakı 5-16 saylı, Şahbuzkənddəki 5-2 saylı seçki məntəqələrində də rast gəldik.
5-2 saylı Şahbuzkənd seçki məntəqəsində 787 seçici qeydiyyata alınıb. Onlardan 11 nəfəri ilk dəfə seçki hüququndan istifadə edirdi. Məntəqədə olarkən seçici İsa Həsənəliyev və onun xanımı Bahar Həsənəliyevadan seçki haqqında fikirlərini soruşduqda onlar bu seçkiyə yüksək əhval-ruhiyyə ilə gəldiklərini, həm Milli Məclisə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə öz layiqli namizədlərinə səs verdiklərini bildirdilər. Gün-güzəranından razılıq edən 76 yaşlı İsa kişi dövlətimizin bayrağının həmişə uca olmasını arzuladığını dedi.
Qeyd edək ki, Şahbuzdakı 1 noyabr seçkilərində seçicilər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə yaradılmış 34 saylı Şahbuz Şəhər, 35 saylı Kolanı və 36 saylı Şahbuzkənd Seçki dairələri üzrə yaradılmış seçki məntəqələrində bu konstitusion hüquqlarından istifadə etdilər.
Şahbuzun digər bir iri yaşayış məntəqəsi olan Kolanı kəndində də seçki günündə yüksək seçici fəallığı vardı. Burada fəaliyyət göstərən 35-1 saylı seçki məntəqəsində artıq saat 1200-də 500 nəfərə yaxın seçici səs vermişdi ki, bu da kənd üzrə qeydə alınmış seçicilərin 40 faizini təşkil edirdi. Səsvermədən sonra burada həmsöhbət olduğumuz 82 yaşlı Əbülfəz Rzayev və 18 yaşlı Tünzay Orucova demokratik və şəffaf seçkilərin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər, layiqli namizədlərə səs verdiklərini dedilər.
Ölkəmizin ildən-ilə qüdrətlənməsinin, muxtar respublikamızın hərtərəfli inkişafının insanların budəfəki seçkilərə olan marağını artıran əsas amillərdən olduğu görünürdü. 1 noyabr Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günündə həmsöhbət olduğumuz şahbuzlu seçicilərin də ümumi qənaəti belə idi.
Əli Cabbarov
Sədərək rayonu
Sədərək rayonunda da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə böyük ruh yüksəkliyi hiss olunurdu. Bu da təsadüfi deyildi. Ötən seçkilərdən keçən 5 il ərzində bu sərhəd bölgəsində sosial-iqtisadi inkişaf uğurla davam etdirilmiş, ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanılmış, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır. Bu da növbəti seçkilərdə sədərəklilərin fəallığına öz təsirini göstərən amil kimi diqqəti çəkirdi.
Seçki məntəqələrində seçkiyə hazırlığın yüksək səviyyədə təşkil edildiyini gördük. Seçki komissiyaları üzvlərinin normal fəaliyyətinə, seçicilərin isə demokratik şəraitdə səs vermələrinə hərtərəfli şərait yaradılmışdı. Seçicilər seçki məntəqələrinə yüksək ovqatla gəlirdilər. Bunu Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Sədərək rayonunda yaradılmış 8, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 1 və 2 saylı Seçki dairələrinin 8 məntəqəsinin hamısında müşahidə etmək olardı. Bu məntəqələrdə, ümumilikdə, 11 min 77 seçici qeydə alınmışdı ki, onların 224-ü ilk dəfə səs verənlər idi. Onu da qeyd edək ki, Milli Məclisə seçkilər üzrə 1-1 saylı Heydərabad seçki məntəqəsində veb-kamera da quraşdırılmışdı. Bu da seçki prosesinin internet üzərindən izlənməsinə şərait yaratmışdı. Həmin seçki komissiyasının sədri Ramazan Cəfərov bildirdi ki, seçki məntəqəsində 1496 nəfər səsvermə hüquqlu seçici qeydə alınıb. Onlardan 43 nəfəri ilk dəfə səs verən gənclərdir. Ümumilikdə, 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə 11 nəfərin 18 yaşı noyabrın 1-də tamam olub. Onlardan biri Turan İsmayılbəylidir. Turan gələcəkdə deputat görmək istədiyi namizədlərə səs verdiyini bildirdi:
– Birinci dəfədir ki, seçkidə iştirak edirəm. İlk dəfə səs verdiyimdən bir qədər həyəcanlıyam. Siyahıda adımı asanlıqla tapdım, şəxsiyyət vəsiqəmi təqdim etdim, bülleten alıb istədiyim namizədlərə səs verdim.
1-3 saylı seçki məntəqəsi Sədərək kəndindəki 2 nömrəli tam orta məktəbin binasında yerləşir. Bu məntəqədə 1495 seçici qeydiyyatdadır. Məntəqə seçki komissiyasının sədri Süleyman Tağıyev seçkilərə start veriləndən seçki gününədək görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, həyata keçirilən tədbirlər seçkinin mütəşəkkilliyini təmin edib.
Burada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə təşkil edilən 2-1 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri Məhərrəm Qədimov dedi ki, seçicilər arasında yüksək əhval-ruhiyyə müşahidə olunması prosesin normal səviyyədə getməsindən xəbər verir. Seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün yaradılan şərait onlarda razılıq doğurub.
Seçicilərlə söhbət zamanı məlum oldu ki, məntəqədə hamı sərbəst şəkildə, şəffaflıq şəraitində səs verir. Seçici Zakir Zamanov söhbət zamanı bildirdi ki, illər keçdikcə insanların dünyagörüşü artır, onların dövlətə, dövlətçiliyə inam və etibarı daha da çoxalır. Sədərəklilər də yaxşı bilirlər ki, ölkənin, muxtar respublikanın, eləcə də Sədərək rayonunun daha sürətli yüksəlişi üçün kimlərə üstünlük vermək lazımdır. Bizim məntəqədə də seçki demokratik qaydada keçir. Demokratik, şəffaf seçki isə ölkəmizin xoşbəxt sabahı deməkdir. Azərbaycanın və Naxçıvanın tərəqqisi üçün çalışan namizədə səs verməklə daha xoşbəxt gələcəyə səs veririk. Sevindiricidir ki, istədiyimiz namizədə səs vermək üçün hər cür şərait yaradılıb. Seçicilər heç bir təsir olmadan öz iradələrini ifadə edirlər.
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Sədərək rayon ərazisində fəaliyyət göstərən 1-2, 1-4, 1-5, 1-6 və 1-7 saylı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 1-1, 1-2, 1-3, 2-4, 2-2, 2-3 saylı seçki məntəqələrində də yüksək seçici fəallığı müşahidə etdik.
Muxtar Məmmədov