23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan müstəqillik qazandıqdan və ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli dövlətçiliyin qurulması istiqamətində həyata keçirilən tədbirlər xarici işlər sistemini də əhatə etmişdir. Dahi şəxsiyyətin təməlini qoyduğu xarici siyasət strategiyası qonşu dövlətlər və dünya birliyi ilə xalqımızın milli maraqlarına söykənən, bərabərhüquqlu, qarşılıqlı və faydalı əməkdaşlıq prinsipləri əsasında münasibətlərin qurulmasını təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. 

Ulu öndərin müəllifi olduğu xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ötən illər ərzində milli diplomatiya sahəsində ciddi və əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da tarixən diplomatik əlaqələr formalaşmış, bu münasibətlər ölkəmiz müstəqillik qazandıqdan sonra daha da möhkəmlənmişdir. X əsrdə Naxçıvan şahlığının, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin, XVIII əsrdə Naxçıvan xanlığının, 1918-ci ildə Araz-Türk Respublikasının paytaxtı olmuş, beş minillik şəhər mədəniyyətinə malik Naxçıvan Azərbaycan dövlətçiliyinin, siyasi və diplomatik münasibətlər sisteminin formalaşmasına və inkişafına mühüm töhfələr vermiş, bu qədim diyarda görkəmli diplomatlar nəsli yetişmişdir.

Dövrünün görkəmli dövlət xadimlərindən olan Möminə xatın qüdrətli Azərbaycan Atabəylər dövlətinin Marağa və Rey hakimləri ilə münaqişələrini böyük təcrübə və müdrikliklə aradan qaldırmış, Heydərqulu xan, Abbasqulu xan və Cəfərqulu xan Naxçıvan xanlığının xarici siyasətinə, bilavasitə, rəhbərlik etmiş, birinci Kalbalı xan isə on səkkizinci əsrin nüfuzlu siyasi lideri və diplomatı kimi məşhurlaşmışdır. Araz-Türk Respublikasının xarici işlər naziri Bəhram xan Naxçıvanski ölkə­nin əsas hissəsindən ayrı düşmüş Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərmişdir. Həmçinin Naxçıvan İbrahim Əbilov və Rza Təhmasib kimi görkəmli diplomatlar yetirmiş, Behbud ağa Şahtaxtinski mahir diplomat bacarığı ilə Moskva və Qars müqavilələrinin xalqımızın milli maraqlarına uyğun şəkildə bağlanmasında, eləcə də Naxçıvanın muxtariyyət qazanmasında mühüm xidmətlər göstərmişdir. Ötən əsrin 20-ci illərində Azərbaycanın himayəsi altında muxtariyyət qazanmış Naxçıvanın Maku, Xoy və Təbrizdə konsulluqları, Bakı, Tiflis və İrəvanda nümayəndəlikləri yaradılmış, Rusiya Federasiyasının Qarsdakı konsulluğu yanında müvəkkilliyi təşkil olunmuş, səriştəli dövlət xadimləri səmərəli diplomatik fəaliyyətləri ilə muxtar respublikamızın xarici əlaqələrinin inkişafına mühüm töhfələr vermişlər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının da xarici əlaqələrinin inkişafında yeni mərhələ başlanmışdır. Ümummilli lider Naxçıvanın qonşu dövlətlərlə münasibətlərdə iştirakına daim böyük əhəmiyyət vermiş, onun bilavasitə tapşı­rığı ilə 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında Konsulluq məntəqəsi yaradılmışdır. Bir il sonra bu qurumun əsasında Konsulluq şöbəsi, 2003-cü ilin fevralında isə Konsulluq idarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il oktyabrın 31-də imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yaradılmış, idarənin əsasnaməsi qəbul olunmuş və fəaliyyəti təmin edilmişdir.
İdarə Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin və dövlət protokolunun Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsini təmin etməklə yanaşı, Naxçıvana səfər edən xarici nümayəndə heyətlərinin dövlət hakimiyyəti orqanları ilə münasibətlərini əlaqələndirir. Bu gün muxtar respublikanın xarici dövlətlər və beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə bağlı səmərəli əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına mühüm töhfələr verir. İdarə öz fəaliyyətini Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə hüquqi və fiziki şəxslərlə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin konsulluqları, beynəlxalq təşkilatların nümayəndəlikləri ilə qarşılıqlı şəkildə həyata keçirir.
Son illər Naxçıvanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, nüfuzlu xarici nümayəndə heyətlərinin bu qədim diyara səfərləri muxtar respublikanın dünya miqyasında əhəmiyyətini xeyli artırmışdır. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün, 2012-ci ildə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, 2014-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi muxtar respublikanın xarici siyasət müstəvisindəki əhəmiyyətinin mühüm göstəricilərindəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Gürcüstanın Acarıstan Muxtar Respublikasına, İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətlərinə, Avstriyanın Ştiriya Əyalətinə rəsmi və işgüzar səfərləri Azərbaycan Respublikasının bu ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfələr vermişdir. Həmçinin güclü iqtisadi inkişaf xarici ölkələrin muxtar respublikaya marağının artmasına səbəb olmuşdur. Naxçıvan şəhəri ilə Belarusun Brest şəhəri arasında 2012-ci ildə “qardaşlaşmış şəhər” münasibətləri yaradılmış, Gürcüstanın Batumi, Bolqarıstanın Veliko-Trnovo, Çinin Çun-Çin və Malayziyanın Kota Kinabulu şəhərləri arasında isə bu münasibətlərə dair niyyət protokolları hazırlanmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikası özünün muxtar dövlət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində və Avropa Birliyinin Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətləri Konfransında da uğurla təmsil olunur. Bu qurumlar vasitəsilə qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə birbaşa əlaqələr yaradan və səmərəli əməkdaşlıq edən Naxçıvan Muxtar Respublikası həm də Avropa siyasətinin formalaşması və həyata keçirilməsi prosesində yaxından iştirak edir. 2012-ci ildə Fransanın Strasburq şəhərində Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının statusunu və sərhədlərini müəyyən edən Moskva və Qars müqavilələri beynəlxalq təşkilatların sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir.
Muxtar respublikada diplomatların səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısının nəticəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Kadr təminatı və əməkdaşların peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsi də daim diqqət mərkəzində saxlanılır. Diplomatlar “ADA” Universitetində və bir çox xarici ölkələrdə təşkil olunmuş kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. Təkcə 2015-ci ildə əməkdaşlardan 10-u Azərbaycan Diplomatik Akademiyasının təlim kurslarında, 1-i Pakistan Diplomatik Akademiyasında, 1-i Çin Xalq Respublikasının Pekin Beynəlxalq İnstitutunda, 1-i isə Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyində keçirilən ixtisasartırma kurslarında iştirak etmişdir.
Yaradılan şəraitin nəticəsidir ki, bu gün idarənin əməkdaşları ölkəmizi və muxtar respublikanı xarici ölkələrdə layiqincə təmsil edirlər. Cari ildə idarənin 15 əməkdaşı Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə ezam olunmuşdur. Onlar Azərbaycan Respublikasının Türkiyə, Bolqarıstan, Malayziya, Özbəkistan, Meksika, Səudiyyə Ərəbistanı və Hindistandakı səfirliklərində, eləcə də Təbriz, Qars və İstanbul şəhərlərindəki baş konsulluqlarında ölkəmizin maraqlarını layiqincə müdafiə edirlər. Həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Sədərək, Culfa və Şahtaxtıda, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanının sərhəd-nəzarət buraxılış məntəqələrində viza sektorları fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müvafiq ixtisası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə hamiliyə verilmişdir. Bu da peşəkar kadrların yetişdirilməsi istiqamətində görülən işlərə mühüm töhfələr verir. Ona görə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi sərəncamdan irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır, bu sahədə ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir ölkənin diplomatiyası o ölkənin qürur mənbəyidir. Milli dövlətçiliyi və dövlət sərhədləri olan ölkələr istər-istəməz beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilirlər. Bu mənada diplomatiya dövlətçiliklə birbaşa bağlıdır və ondan kənarda ölkələrarası münasibətlər mümkün deyil”. Bu fikirləri əldə rəhbər tutan idarənin kollektivi peşə hazırlıqlarını daim yüksəldəcək, bundan sonra da ölkəmizin maraqlarının qorunmasında yorulmadan fəaliyyət göstərəcəkdir.

Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR