Noyabrın 1-də keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə bağlı tanışlıq zamanı şahbuzluların da bu prosesə yüksək ovqatla qatılacaqlarına əmin olduq.
5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının sədri Taməddin Hüseynovla söhbətimizdə öyrəndik ki, bu dairə üzrə 46 məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrin hamısı seçkiyə tam hazırdır. Ümumilikdə, bu məntəqələrdə 30 min 46 seçici səs verəcək. İlk dəfə səs verəcək seçicilər 541 nəfərdir. Komissiya sədrinin sözlərinə görə, seçki məntəqələrinin 25-i Şahbuz, 12-si Babək rayonunda yerləşir. Şahbuz rayonundan 14 min 938, Babək rayonundan 12 min 70 seçici seçkiyə qatılacaq. Bütün seçki məntəqələri lazımi avadanlıqlarla təmin edilib, seçki sənədlərinin mühafizəsi üçün tədbirlər görülüb. Məntəqələr seçkilərə aid sənədlərlə təmin olunub. Dairənin 5-1, 5-2, 5-26, 5-31, 5-34 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Şahbuz rayonunda yerləşən seçki məntəqələrindən bir neçəsində olduq. 5-6 saylı seçki məntəqəsi Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşir. Seçki məntəqəsinin sədri Əvəz Həsənov bildirdi ki, bu məntəqədə səs verəcək seçicilərin sayı 803 nəfərdir. Onlardan 18 nəfəri ilk dəfə səs verəcəkdir. Müsahibimiz onu da diqqətə çatdırdı ki, burada hərtərəfli şərait yaradılıb. Katib və üzvlər, həmçinin seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyən edilib. Seçicilərin aktivliyi də hiss olunur. Onlar öz adlarının seçici siyahısında olub-olmadığını dəqiqləşdirmək üçün bura gəlirlər.
5-2 saylı seçki məntəqəsi isə Şahbuzkənd tam orta məktəbinin binasında yerləşir. Burada da hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Məntəqə seçki komissiyasının sədri Xəqani Həzrətquliyev dedi ki, məntəqə üzrə 787 nəfər səs verəcək. Onlardan 11 nəfəri ilk dəfə seçkidə iştirak edəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 34-7 saylı Şada seçki məntəqəsində 131 seçici səs verəcək. Bu məntəqədə də hazırlıq işləri tamamilə başa çatdırılıb. Hazırlıq işləri “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa əsasən həyata keçirilib. Məntəqə lazım olan bütün avadanlıqlarla təmin edilib. Seçici siyahıları dəqiqləşdirilib, komissiya üzvlərinin təlimatlandırılması məqsədilə onlar seminar-müşavirələrə cəlb olunublar. İlk dəfə səs verənlərlə söhbətlər aparılıb. Bu tədbirlər 35-9 saylı Qızıl Qışlaq, 36-9 saylı Kiçikoba seçki məntəqələrində də həyata keçirilib.
Səbuhi Həsənov