23 Dekabr 2024, Bazar ertəsi

Seçkilər hər bir ölkənin siyasi həyatında mühüm hadisə hesab olunur. Seçkilərin demokratik, azad və ədalətli keçirilməsi hakimiyyətin seçkili orqanlarının xalq tərəfindən formalaşdırılmasının əyani ifadəsidir. Ölkəmiz mühüm siyasi kampaniya olan parlament seçkiləri ərəfəsindədir. Noyabrın 1-də seçicilər seçki məntəqələrinə gedib istədikləri namizədlərə səs verəcəklər. Seçki kampaniyası kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Qeyd olunmalıdır ki, seçkilərin yüksək səviyyədə təşkili üçün muxtar respublikamızda artıq zəngin təcrübə qazanılmışdır. Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də bir daha göstərib ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda vətəndaşların öz seçki hüquqlarından istifadəsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında parlament seçkilərinə ciddi hazırlıq işləri görülmüşdür. İndiyədək qanunvericiliyə uyğun olaraq, seçki prosesinin hər bir mərhələsi uğurla başa çatdırılmışdır. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabr ayının 1-də keçiriləcək seçkilərə hazırlıqla bağlı son vəziyyəti öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımova müraciət etdik:

– Məhərrəm müəllim, artıq seçkilərə çox az bir müddət qalıb. Seçki komissiyalarının seçki gününə hazırlığı hansı səviyyədədir?

– Bildiyimiz kimi, bu il noyabr ayının 1-də həm Azərbaycan Respublikası Milli Məclisinə, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçiriləcək. Buna görə də hər iki seçkiyə hazırlıq paralel şəkildə aparılır. Seçki komissiyaları seçkilərin hazırlanması prosesinə seçkilərin elan olunmasından çox əvvəl başlamışlar. Belə ki, ilk işimiz seçici siyahılarının dəqiq tərtib edilməsidir. Bu proses yanvar ayından etibarən başlayır və seçicilərin daimi siyahısı hər bir məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmışadək dəqiqləşdirilir. Artıq seçici siyahıları Mərkəzi Seçki Komissiyasında çap olunaraq muxtar respublikaya gətirilmiş və məntəqə seçki komissiyalarının qarşısında yerləşdirilmişdir. Seçkilərdən əvvəl hər kəs yaşadığı ərazidə fəaliyyət göstərən məntəqə seçki komissiyasına yaxınlaşaraq öz adının müvafiq seçici siyahısında olub-olmadığını müəyyənləşdirə bilər. Əgər seçici öz adının müvafiq seçki məntəqəsi üzrə tərtib edilmiş seçici siyahısında olmadığını aşkar edərsə, şəxsiyyət vəsiqəsini müvafiq seçki komissiyasına təqdim etməklə adını seçici siyahısına əlavə edə bilər. Muxtar respublika üzrə seçicilərin sayı 268 min 463 nəfərdir. Bunlardan 137 min 454 nəfəri qadın, 131 min 9 nəfəri isə kişidir. 4799 nəfəri ilk dəfə səs verən seçicilərdir. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin sayı 2033 nəfər artmışdır.
Dairə və məntəqə seçki komissiyalarının seçkilərə tam hazır olması üçün tələb olunan bütün işlər həyata keçirilmişdir. Belə ki, hər bir seçki komissiyasında mövcud olan inventar və avadanlıqlar tək-tək araşdırılmış, seçki komissiyaları seçki günü üçün tələb olunan bütün əşyalarla təmin olunaraq tam hazır vəziyyətə gətirilmişdir. Milli Məclisə seçkilər ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hazır­ladığı təlimatlar, izah və qaydalar, Seçki Məcəlləsi, nümunə protokollar və digər seçki sənədləri Bakıdan gətirilərək müvafiq seçki komissiyalarına paylanılmışdır. Əhalinin maarifləndirilməsi üçün plakatlar şəhər, qəsəbə və kəndlərdə mərkəzi yerlərdə yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının hazırladığı təlimatlar, izah və qaydalar, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu, nümunə protokollar və digər tələb olunan seçki sənədləri nəşr olunaraq müvafiq seçki komissiyalarına verilmişdir.
– Səsvermə prosesi muxtar respublikada neçə seçki dairəsini və məntəqəsini əhatə edəcək və neçə deputat seçiləcəkdir?
– Muxtar respublikada Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı (seçki gününə 5 gün qalmış yaradılan) seçki məntəqəsi yaradılmışdır. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə fəaliyyət göstərəcək məntəqə seçki komissiyaları eyni binalarda yerləşirlər. Seçki məntəqələri yeni binalarda yerləşdirilmişdir. Bəhs etdiyim 24 qapalı seçki məntəqəsi muxtar respublikada xidmət keçən hərbi qulluqçuların və cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların aktiv seçki hüquqlarının təmin olunması üçün seçkilərə 5 gün qalmış yaradılmışdır. Azərbaycan Respublikasının Milli Məclisinə 7 seçki dairəsi üzrə 29 nəfərin namizədliyi qeydə alınmışdır ki, onlardan 7-si deputat seçiləcəkdir. Namizədlərin partiya mənsubiyyətinə görə 5 nəfəri Yeni Azərbaycan Partiyasının, 16 nəfəri müxalifət partiyalarının nümayəndələri, 8 nəfəri isə bitərəflərdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə isə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınmışdır ki, onlardan 45-i deputat seçiləcəkdir. Bu namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir.
– Seçki kampaniyalarının əsas komponentlərindən biri də təşviqat mərhələsidir. Qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatı necə təşkil olunmuşdur?
– Hər bir namizəd özünün seçki­qabağı təşviqatını sərbəst apara bilər. Bunun üçün qanunla müəyyən olunmuş üsullardan istifadə edilməlidir. Yəni kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlər – yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və sair keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə, yaxud qanunla qadağan edilməyən digər üsullarla hər bir namizəd özünün seçkiqabağı təbliğatını təşkil edə bilər. Muxtar respublikanın şəhər və rayonlarında hər kəsin görə biləcəyi mərkəzi yerlərdə xüsusi lövhələr yerləşdirilmişdir. Eyni zamanda şəhər və rayon mərkəzlərində namizədlərin öz seçiciləri ilə görüşlər keçirə bilməsi üçün qapalı və açıq məkanlar müəyyənləşdirilmiş və yerli mətbuat orqanlarında bu yerlər haqqında məlumat dərc olunmuşdur. Seçkilərə 24 saat qalmış, yəni oktyabrın 31-i saat 800-də seçkiqabağı təşviqatın müddəti bitir. Qeyd etdiyim tarixdən sonra Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlərin və yaxud onların səlahiyyətli nümayəndələrinin, vəkillərinin təşviqat xarakterli çıxışları, təşviqat materiallarını yaymaları qadağandır.
– Gözəgörünməyən mürəkkəblərdən builki seçkilərdə də istifadə olunacaqmı?
– Bəli, məntəqə seçki komissiyasının üzvlərindən biri səsvermə otağının girişində seçki məntəqəsinə gələn hər bir seçicinin şəxsiyyətini təsdiq edən müvafiq sənədi yoxladıqdan sonra ultrabənövşəyi lampa ilə seçicinin sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayacaq. Bununla seçicinin əvvəl səs verib-vermədiyi yəqinləşəcək. Həmçinin seçiciyə seçki bülleteni verilərkən onun sol əlinin baş barmağının gözə­görünməyən mürəkkəblə işarələnməsi təklif olunacaq və izah ediləcək ki, əgər bu cür işarələnmədən imtina edərsə, ona seçki bülleteni verilməyəcəkdir.
– Seçici səs vermək üçün hansı sənədləri təqdim etməlidir?
– Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini və ya müvəqqəti şəxsiyyət vəsiqəsini, qaçqın və məcburi köçkün vətəndaşlar, əgər şəxsiyyət vəsiqəsi yoxdursa, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş müvafiq vəsiqəni, hərbi qulluqçular zabitin şəxsi vəsiqəsini və ya hərbi bileti, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər və cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin və ya məhkumun şəxsiyyətini təsdiq edən müvafiq sənədi təqdim etməlidirlər.
Seçicilər səsverməyə gələrkən şəxsiyyəti təsdiq edən müvafiq sənədi özləri ilə mütləq gətirməlidirlər. Əks halda, səsvermədə iştirak edə bilməyəcəklər.
– Əgər seçici öz adını seçicilər siyahısında tapmasa, nə etməlidir?
– Bu zaman seçicinin səsvermə hüququnu yoxlayan məntəqə seçki komissiyasının üzvü həmin seçiciyə izah edəcək ki, adının siyahıya salınması üçün məntəqə seçki komissiyasının sədrinə müraciət etsin. Seçicinin adının əlavə seçici siyahısına salınıb-salınmaması məsələsi yalnız məntəqə seçki komissiyasının qərarı əsasında həyata keçirilir. Seçicinin adının əlavə seçici siyahısına salınması üçün seçki məntəqəsinin ərazisində müvafiq polis orqanları tərəfindən verilmiş daimi və ya müvəqqəti qeydiyyatda olmasını təsdiqləyən sənəd olmalıdır.
– Seçici səsvermə bülletenini korlayarsa, ona yeni bülleten verilə bilərmi?
– Seçici seçki bülletenini korlayarsa, ona yeni seçki bülleteni verilə bilər. Bunun üçün o, korlanmış seçki bülletenini bülleten verən məntəqə seçki komissiyasının üzvünə qaytarmalıdır. Məntəqə seçki komissiyasının üzvü korlanmış seçki bülletenini alaraq onu yarı kəsməklə ləğv edir və korlanmış seçki bülletenləri üçün nəzərdə tutulan ayrıca zərfə qoyur. Daha sonra seçiciyə yeni seçki bülleteni verərək onun seçki bülletenini korlaması və yenisinin verilməsi barədə seçicilər siyahısında seçicinin soyadından sağda bu barədə müvafiq qeyd edir. Hər bir korlanmış seçki bülleteni barədə ayrıca akt tərtib olunur.
– Seçici səsvermə bülletenini doldurmaqda çətinlik çəkərsə, ona kimlər kömək edə bilər?
– Seçki bülletenini almaq və doldurmaq üçün köməyə ehtiyacı olan seçici məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, aktiv seçki hüququ olan başqa şəxsə müraciət edə bilər. Seçiciyə seçki bülleteni almaqda və ya doldurmaqda köməklik edən şəxs öz soyadını, adını və atasının adını göstərməklə seçici siyahısının “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməlidir. Bülleteni doldurmaq üçün seçici dərhal boş səsvermə kabinəsinə daxil olur. Ehtiyac olarsa, kömək göstərən şəxs seçici ilə birlikdə səsvermə kabinəsinə daxil ola bilər.
– Səsvermə günü müxtəlif səbəblərdən muxtar respublika ərazisində olmayan seçicilər necə səs verəcəklər?
– Parlament seçkiləri digər seçkilərdən fərqlənir. Belə ki, hər bir seçici yalnız yaşadığı ərazidəki seçki dairəsi üzrə namizədliyi qeydə alınmış şəxslərə səs verə bilər. Bu baxımdan səsvermə günü başqa yerdə olan seçicinin səsvermədə iştirakı mümkün deyil.
– Seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən seçicilər necə səs verəcək?
– Bu kimi səbəblərə görə səsvermə günü seçki məntəqəsinə gələ bilməyən seçicilər daşınan seçki qutusu ilə səs verə biləcəklər. Həmin şəxslər səsvermə gününə azı 24 saat qalmış məntəqə seçki komissiyasına yazılı və ya şifahi formada müraciət etməlidirlər. Məntəqə seçki komissiyasının sədri bu müraciətlər əsasında siyahı hazırlayır və səsvermə günü məntəqə seçki komissiyasının iki üzvü səsvermə otağından kənarda bu şəxslərin səsverməsini təmin edir.
– Ötən seçkilərdə bir neçə seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Bu seçkilərdə də veb-kameralardan istifadə olunacaqmı?
– Bəli, seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərdə şəffaflığın təmin olunmasının mühüm vasitəsidir. Muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin beş seçki məntəqəsində olmaqla, ümumilikdə, muxtar respublikada 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır və seçki günü səsvermə və səslərin hesablanması müddətində aktiv olacaqdır. İstəyən hər kəs internet vasitəsilə həmin seçki məntəqələrində səsverməni və səslərin hesablanmasını izləyə bilər.
– Məhərrəm müəllim, xahiş edirik seçki bülleteninin doldurulma qaydasını izah edəsiniz.
– Seçki bülletenini almış seçici səsvermə kabinəsinə daxil olur və bülletendə qeyd olunan namizədlər sırasından yalnız 1 namizədin adının sağ tərəfində olan boş kvadratın içərisinə işarə qoyur. Məsələn, bülletendə 3 nəfər namizədin adı qeyd olunubdursa, o zaman seçici həmin 3 nəfərdən yalnız 1 nəfərin adından sağda olan boş kvadratın içində hər hansı bir işarə qoyur. Əgər seçici heç bir işarə qoymazsa və ya 1-dən artıq namizədi işarə edərsə, o zaman onun verdiyi səs etibarsız hesab olunacaqdır.
– Sonda seçicilərə nə deyə bilərsiniz?
– Əziz seçicilər! Ötən müddət ərzində seçki məntəqələri səsvermənin keçirilməsi üçün tam hazır vəziyyətə gətirilmişdir. Həm seçki məntəqələrinin maddi-texniki bazası, həm də komissiya üzvlərinin peşəkarlığı imkan verir ki, seçkilər azad və demokratik şəraitdə keçirilsin. Builki parlament seçkiləri də tam demokratik və şəffaf şəraitdə keçiriləcəkdir.

Müsahibəni apardı:
Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR