Naxçıvan Dövlət Universitetinin nəzdindəki Heydər Əliyev Universitetinin 200-cü məşğələsi keçirilmişdir. “Heydər Əliyev: dahi şəxsiyyət, müdrik xilaskar” mövzusuna həsr olunmuş məşğələni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasındakı tarixi xidmətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, məhz ulu öndərin siyasi kursunun qətiyyətlə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz davamlı şəkildə tərəqqi etməkdədir. Rektor vurğulamışdır ki, Heydər Əliyev ideyalarına sadiqlik, bu dahi şəxsiyyətin siyasi irsinin təbliği ziyalıların mənəvi borcudur.
Məşğələdə ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 1997-ci il 6 mart tarixli qərarı ilə yaradılan Heydər Əliyev Universiteti tələbə-gəncliyə müstəqil dövlətçiliyimizin ideoloji aspektlərini elmi əsaslarla aşılayan siyasi-mənəvi tərbiyə qurumudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 1997-ci il aprel ayının 5-də keçirilmiş ilk məşğələdə “Heydər Əliyevin həyatı və fəaliyyəti universitetdir” mövzusunda çıxış edərək bu siyasi tərbiyə məktəbinin qarşısında duran vəzifələri müəyyən etmişdir. Heydər Əliyev Universitetinin məşğələlərində respublikanın, dünyanın tanınmış elm, siyasət xadimlərinin, diplomatlarının iştirak və çıxışları böyük maraq doğurmuşdur.
Məmməd Rzayev görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının təşəkkülündə, milli özünüdərk və milli-mədəni intibahın yüksəlişində, Azərbaycançılığın milli dövlətçilik ideologiyası kimi sistemləşdirilib ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təliminə çevrilməsindəki misilsiz rolundan geniş bəhs etmişdir. Vurğulamışdır ki, çoxəsrlik qədim tariximizin, milli mədəniyyət və ədəbiyyatın, ana dilinin təbliği və yaşadılması məhz xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır.
Univeristetin İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru Teymur Abbasov “Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı məruzəsində ulu öndərin iqtisadi inkişaf konsepsiyasından danışmışdır.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məruzə edərək məşğələ iştirakçılarının diqqətinə çatdırmışdır ki, müdrik siyasətçinin rəhbərliyi ilə müstəqillik illərində “Təhsil haqqında” Qanun qəbul edilmiş, yeni təhsil müəssisələri açılmış, təhsil işçilərinə dövlət qayğısı artırılmışdır. Elmin, təhsilin inkişafı bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Məşğələnin sonunda bir qrup tələbəyə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur.
Mehriban Sultan