23 Dekabr 2024, Bazar ertəsi

Bu gün ölkəmizin dilbər guşələrindən biri olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür. Zəngilan 1993-cü il oktyabrın 29-da mənfur ermənilər və onların havadarları tərəfindən işğala məruz qaldı. Düşmən işğalı altında qalan şəhər və rayonlarımızın hər biri mühüm siyasi, iqtisadi və coğrafi əhəmiyyətə malikdir. Zəngilan rayonunun strateji əhəmiyyəti isə ondan ibarət idi ki, bu rayon həm də Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşirdi. Bu yurd yerimizi işğal edən ermənilər qədim diyarla ana torpağımız arasında məsafəni daha da artırmış oldular. Nəticədə, Zəngilanın işğalı Naxçıvan Muxtar Respublikasının blokadasının “gücləndirilməsində” daha böyük rol oynadı.

“Zəngilan” toponimini araşdıran tədqiqatçılar qeyd edirlər ki, oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış zəngi tayfalarının Azərbaycanla bağlılığı heç kəsə sirr deyil. Adları əski mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər, əsasən, Qərbi Azərbaycanda – İrəvan mahalı ərazisində yaşayıblar. Zəngibasar bölgəsi, Zəngi çayı, Zəngilər kəndi də bu soyun adını yaşadan toponimlərdəndir. Haqqında bəhs etdiyimiz Zəngilan rayonunun adı da bu qədim oğuz boyunun adından götürülüb və “Zəngilan” şəklində müasir dövrümüzə gəlib çıxıb. Zəngilan rayon kimi 1930-cu ildə yaradılıb. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl Zəngilanda bir şəhər, bir qəsəbə və 83 kənd var idi.

Təbii ki, torpaqlarımızın bir-birinin ardınca işğal olunmasında erməni işğalçıları ilə bərabər, daxildəki xəyanətkar qüvvələrin də rolu az olmayıb. AXC-Müsavat iqtidarının yarıtmaz əməlləri, ayrı-ayrı qruplara məxsus pərakəndə silahlı dəstələrin xəyanətkar hərəkətləri nəticəsində ermənilər 1992-ci ilin dekabrında Zəngilan rayonunun əhatəsində olan əsas strateji məntəqələrimizi ələ keçirdilər. Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və çoxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşsalar da, qüvvələr arasında qeyri-bərabərlik çox idi. Bu vaxta qədər işğal olunmuş ərazilər Zəngilanın ələ keçirilməsinə geniş imkanlar açmışdı. Eyni zamanda bu rayonun işğalına ermənilər daha çox can atırdılar. Çünki Zəngilan ələ keçiriləndən sonra düşmənin cənub sərhədləri daha da genişlənir, Naxçıvanla Azərbaycanın digər əraziləri arasındakı məsafə daha da çoxalırdı. Buna görə də Ermənistan, demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına sərf etmişdi. Hücumda təyyarələr də iştirak edir və rayonun mərkəzini bombalayırdılar. Ciddi müqavimətə baxmayaraq, vəziyyət daha da çətinləşirdi. Dörd gün ərzində, əsasən, Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməklə qüvvələrimizi bu istiqamətə cəlb edən düşmən beşinci gün – oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətindən cəbhəni yardı.
Üç istiqamətdə hücuma keçən ermənilər rayonu mühasirəyə alıblar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kənd­lərini işğal edib. Qafan istiqamətində hərəkət edən ermənilər Bürünlü, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxıblar. Qubadlının işğal olunmuş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kənd­lərini və Ağbis yüksəkliklərini ələ keçiriblər. Sığırt və Bartaz yüksəklikləri tutulduqdan sonra Zəngilan faktiki olaraq işğal edilib.
Həmin vaxt əhali tam mühasirədə qalmışdı. Şahidlərin dediklərindən məlum olur ki, burada təsvir edilməsi mümkün olmayan faciəvi bir vəziyyət yaranmışdı: üç tərəfdə qana susayan düşmən, qarşıda isə bol sulu Araz çayı. Əhalinin düşmənin qanlı caynaqlarından xilas olmağa ümidinin tükəndiyi bir vaxtda yenə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev insanların köməyinə çatıb. Ulu öndərin tapşırığına əsasən, Araz çayı üzərində qurulmuş su bəndi bağlanıb və beləliklə, çayın suyu azaldığına görə əhali maneəsiz bir şəkildə İran İslam Respublikasının ərazisinə keçə bilib. Həmin vaxt insanlara ümid verən yaşlıların sözləri də öz təsdiqini tapıb. Onlar deyirmişlər: “Qorxmayın, Allah kərimdir, Heydər Əliyev heç vaxt öz xalqını darda qoymaz. Nəsə bir çıxış yolu tapacaq”. Böyük xilaskar bu dəfə də xalqının köməyinə çatıb, 35 minə yaxın əhalini xilas edib, dəhşətli bir soyqırımının qarşısını alıb.
Zəngilanın işğalı nəticəsində, təqribi hesablamalara görə, ölkəmizə həmin dövrün rəqəmləri ilə 1 milyard 390 milyon ABŞ dolları məbləğindən çox ziyan dəyib.
Qeyd etmək lazımdır ki, Zəngilan tarixi-mədəni abidələri ilə tanınmış rayonlarımızdandır. İşğal nəticəsində rayonda 10 mühüm tarixi abidə dağıdılıb. Onlar arasında Məmmədbəyli türbəsi (XIII əsr), Şərifan sərdabəsi (XII əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr), Bartaz Qız qalası (XIII əsr) və digər əhəmiyyətli abidələr də var idi. Arxeoloji abidələrdən ən böyüyü isə “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. İndi xarabalıqları xatırladan təkcə Şəhri Şərifan deyil, bütün Zəngilandır...
Zəngilan təkcə tarixi, coğrafi mövqeyi ilə deyil, həm də torpağı, iqlimi ilə seçilir. Avropada birinci, dünyada ikinci olan Çinar meşəsi məhz Zəngilanda idi. Yaşı yüz illərlə ölçülən bu çinar ağaclarını indi ermənilər kəsərək xarici ölkələrə satırlar. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar da erməni vandalizmini bir daha sübut edir. 2270 metr yüksəkliyində Şükrətaz dağı, çiyin-çiyinə dayanan Əsgülüm, Susənin zirvələrinə qədər uzanıb gedən dağ silsilələri, meşələr qızmar yay günlərində insanların əsl istirahət guşələri idi. Bu dağ və yamacların can dərmanı olan zoğalı, əzgili, qaragiləsi, böyürtkəni, narı, alçası, armudu, fındığı, cəvizi əvəzsiz sərvətimiz idi. Zəngilan rayonu həm də zəngin yeraltı sərvətləri ilə seçilən bölgələrdəndir. Burada qızıl, qara mərmər yataqları, tabaşir çöküntüləri, əhəng xammalı, tikinti daşı və sair var.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. Ötən əsrin 70-ci illərində ümummilli liderimizin səyi ilə Ağ oyuq hidrokompleksinin istifadəyə verilməsi Zəngilanda kənd təsərrüfatının inkişafına böyük təsir göstərib. Yeni suvarma xətlərinin çəkilməsi nəticəsində əkin sahələri genişləndirilib, məhsuldarlıq dəfələrlə artıb. Xüsusilə üzüm sahələri böyük gəlir gətirməyə başlayıb. Arıçılıq, balıqçılıq təsərrüfatları yaradılıb. Tütünçülük, heyvandarlıq, taxılçılıq inkişaf etdirilib. Aqrar sahənin dinamik inkişafı yerli istehsal müəssisələrinin də sayının artmasına imkan verib. Tezliklə istehsal gücü 30 min tona çatan 2 şərab zavodu, konserv zavodu, çörək zavodu inşa edilib. Rayonda 2 toxuculuq kombinatı fəaliyyətə başlayıb, 1 çınqıl, 2 asfalt zavodu, mərmər, əhəng istehsalı sahələri yaradılıb. Həmin dövrdə əhalinin gün-güzəranı xeyli yaxşılaşmışdı. Xüsusən sadə zəhmət adamları həyat, məişət şəraitini müasirləşdirir, yeni evlər, mülklər tikirdilər. 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası, eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanaları, 46 feldşer-mama məntəqəsi, 5 kənd ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası əhaliyə tibbi xidmət göstərirdi.
İşğala qədər rayonda 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası fəaliyyət göstərirdi. Rayonun mədəniyyət müəssisələri şəbəkəsinə isə 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kino­qurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi daxil idi.
Zəngilanın işğal olunmasından 22 il keçir. Ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb. Bu gün xalqımız işğal altında qalan torpaqlarımızın geri qaytarılacağına tam əmindir və o günü səbirsizliklə gözləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycanda yaradılmış qüdrətli ordu bu inamı daha da artırır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, biz heç vaxt öz ərazi bütövlüyümüzün pozulması faktı ilə barışmayacağıq və istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. İndi keçən hər gün bizi torpaqlarımızın azad olunacağı günə – Böyük Qələbəyə daha da yaxınlaşdırır.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR