23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizin müstəqillik tarixində Naxçıvan Muxtar Respublikasının keçdiyi çətin yol və onun bugünkü inkişaf mənzərəsi artıq çoxları tərəfindən heyrətlə izlənilməkdədir. Blokada şəraitində yaşamasına baxmayaraq, bütün çətinlikləri aşaraq sürətlə müasirliyə qovuşan Naxçıvanın hər guşəsində aparılan quruculuq indi hər kəs üçün bir nümunədir. Son iyirmiillik bir zamanda Naxçıvanda görülən işlərin əzəməti elə bir miqyasdadır ki, indi onun haqqında danışmaq üçün bir az keçmişi də vərəqləmək lazımdır.

Babək rayonu Naxçıvan Muxtar Respublikasının ərazisi və əhalisinə görə böyük rayonlarından biridir. Bu rayon ümummilli liderimiz Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanın ucqar rayonlarının iqtisadiyyatını möhkəmləndirmək siyasətinin nəticəsi kimi 1978-ci ildə yaradılmışdır. Sovet hakimiyyətinin ən güclü dövründə bu rayona Azərbaycanın xalq qəhrəmanının adının verilməsi dahi rəhbərin cəsarəti və öz xalqına sonsuz sevgisi nəticəsində mümkün olmuşdu. Beləcə, ötən dövrdə Babək rayonu inkişaf edərək öz göstəriciləri ilə təkcə muxtar respublikamızda deyil, ölkəmiz miqyasında da tanınmağa başlamışdır.

Hazırda 73 minə yaxın əhalisi olan Babək rayonu 36 kənd və bir qəsəbədən ibarətdir. Ərazicə Naxçıvan Muxtar Respublikasının mərkəzində yerləşən rayonun çox əlverişli nəqliyyat imkanları, torpaq və su ehtiyatları vardır. Rayon mərkəzi Babək qəsəbəsi və onun Nehrəm, Cəhri kimi iri kəndləri muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə ən yaxın olan yaşayış məntəqələri kimi sürətlə inkişaf edirlər. Belə coğrafi imkan rayonun digər yaşayış məntəqələrinin də simasının sürətlə dəyişilməsinə, əhalinin rifahının şəhər standartlarına çatmasına imkan yaradır. Babəkin şəhərə yaxın kəndləri ilə yanaşı, ucqar yaşayış məntəqələri də vardır. Lakin muxtar respublikamızın hər yerində aparılan quruculuq işləri yaxın-ucqar demədən bütün kəndlərimizdə müasir həyat şəraitinə uyğun infrastrukturun yaradılmasına imkan vermişdir. İndi Nehrəmdə, Qahabda, Kərimbəylidə, Şıxmahmudda yaradılmış müasir şəraitin eynisi ucqar dağ kəndləri olan Göynükdə, Nəhəcirdə, Naxışnərgizdə, Yuxarı Buzqovda da vardır. Naxçıvan şəhərindən ayrılan yollar boyunca baxdıqca qəsəbəni xatırladan Babək kəndlərinə daxil olduqda keçmişdə qalanları ancaq kəndin yaşı altmışı ötmüş sakinlərinin xatirələrindən eşitmək olar. Bəli, Babək 20 il əvvəlki rayon deyildir artıq.

Babək iri kənd təsərrüfatı rayonudur. 16 min hektardan çox əkinəyararlı torpaq sahəsi olan rayonda taxılçılıq, kartofçuluq, bostançılıq geniş yayılmışdır. Rayonda xeyli üzüm və meyvə bağları vardır. Təkcə bu il Babəkin bərəkətli torpaqlarından 32 min tondan çox taxıl, 400 tondan çox dən üçün qarğıdalı, 200 ton günəbaxan, 8 min tondan artıq kartof, 20 min tona yaxın tərəvəz və 22 min tona yaxın bostan məhsulları, 5 min tona yaxın meyvə və təqribən, bir o qədər də üzüm istehsal edilmişdir. Rayonda bu qədər həcmdə istehsal olunan kənd təsərrüfatı məhsulları torpaqların gücündən və suvarma potensialından səmərəli istifadə olunması ilə mümkün olmuşdur. Bu baxımdan rayon haqqında aldığımız məlumatlardan biri daha çox diqqəti cəlb edir: hazırda Babək rayonunda ümumi tutumu 133,8 milyon kubmetr olan 11 su anbarı vardır.
2002-ci illə müqayisədə Babək rayonunda sənaye məhsulunun həcmində 36,9 dəfə artım olmuşdur. Hazırda Babək rayonunda fəaliyyətdə olan müxtəlif istehsal müəssisələrinin sayı 23-ə çatmışdır. Rayon ərazisində iri daş məhsulları, kərpic, beton məmulatları və mineral su istehsalı müəssisələri ilə yanaşı, limonad istehsal edən “Savalan-S” kimi digər kiçik sahibkarlıq obyektləri də vardır. Nehrəmdə və Şıxmahmudda gəc istehsalı sahələrini, Cəhri, Sirab və Hacıvardakı un dəyirmanlarını və digər kəndlərdəki istehsal sahələrini də nəzərə alsaq, burada çox sayda babəklinin işlə təmin olunduğunu görmək olar. Şübhəsiz, Babək rayonunun təbii sərvətləri, burada sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı daha çox sayda istehsal sahəsinin yaradılacağına imkan verir.
Ötən iyirmi il ərzində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq Babək rayonunun da simasını tamamilə müasirləşdirən, bu rayonda yaşayan insanların həyat səviyyəsini və buna uyğun olaraq həyat tərzini, mədəni inkişafa baxışlarını kökündən dəyişdirən bir proses olmuşdur. Quruculuq dövrün tələbinə görə insanın vacib tələbatlarının ödənilməsinə, bölgələrdə məskunlaşmanın dərinləşməsinə, məşğulluğun artmasına yönəlmiş ən mühüm tədbirlərdən biridir. Bunun zamanın tələbinə görə qiymətləndirilib həyata keçirilməsi isə təkcə iqtisadi inkişaf imkanlarından deyil, eyni zamanda torpağa bağlılıqdan qaynaqlanan yorulmaz fəaliyyətin nəticəsində mümkün olur. Naxçıvanda aparılan quruculuq təkcə şəhər və kəndlərdə yaradılan müasir sosial infrastruktur, kənd və xidmət mərkəzləri ilə məhdudlaşmır. İyirmi il əvvəl başlamış bu quruculuq insanları daha yaxşı həyat şəraiti qurmağa, ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyəti bürümüş ətalət və durğunluğu bir kənara atıb işgüzar, yaradıcı əməyə səsləyən yeni düşüncə quruculuğu oldu həm də. Məhz bu quruculuğun yaratdığı əzmdir ki, əvvəllər inşası illərlə uzanıb gedən bir kənd məktəbi indi cəmisi bir neçə ay müddətində yüksək keyfiyyətlə yekunlaşdırılıb təhvil verilir. Bu quruculuğun insanlarda yaratdığı özunəinamdır ki, bu gün muxtar respublikamızın ən ucqar dağ kənd­lərində yaşayan sakinlər özləri üçün ikimərtəbəli müasir villalar tikdirir, kənddə şəhərə xas həyat səviyyəsi standartları yaradırlar. Nəhayət, bu quruculuq bir zamanlar sovet dövrünün qadağaları ilə insanların beyninə hopdurulmuş hər cür “olmaz”ların üstündən birdəfəlik xətt çəkərək, yaxşı yaşamaq üçün lazım olan nə varsa onun yaradılması, istehsal olunması yollarını açıb göstərdi. Naxçıvanda həyata keçirilən bu uzaqgörən düşünülmüş siyasətin nəticəsində sübut olundu ki, əməkdə göstərilən ən böyük qəhrəmanlıq qolları çırmayıb eldə, obada görülən işlərdir. Və ona görə də gələcək nəsillər onun memarını minnətdarlıqla xatırlayacaqlar.
Ötən dövrdə Babəkdə təkcə qəsəbə mərkəzində 20-dən çox sosial obyekt, 3 idman obyekti, 20 kənddə kənd və xidmət mərkəzləri istifadəyə verilmiş, hazırda iki kənd mərkəzinin tikintisi davam etdirilir. Təkcə cari ildə 2 kənd yeni görkəmə qovuşmuşdur. Abad yurd yolundan bəlli olar, – deyiblər. Babək rayonu da rahat yol-nəqliyyat infrastrukturuna malikdir. Son illərdə burada genişhəcmli Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları inşa olunmuş, görülmüş kompleks yol infrastrukturu işləri nəticəsində 400 kilometrdən çox yeni yol çəkilmiş, kəndlərdən rayon mərkəzinə və Naxçıvan şəhərinə gediş-gəliş xeyli dərəcədə asanlaşmışdır. Odur ki, hazır­da Babək rayonunda əksəriyyəti lüks olmaqla, 4757 minik avtomobili vardır. 2003-cü illə müqayisədə əhalinin şəxsi vəsaitləri hesabına ev tikintisində 10,7 dəfə artım olmuşdur.
İnsanların həyat şəraitinin müasirləşdirilməsi sosial həyat göstəricilərində dərhal əks olunur. Babək rayonunun təhsil, səhiyyə və mədəniyyət göstəriciləri timsalında bu, çox aydın görünür. 1996-cı ildən Babək rayonunda 33 ümumtəhsil, 6 musiqi məktəbi, 1 uşaq bağçası üçün binalar tikilmiş, yaxud yenidən qurulmuşdur. Hazırda rayondakı 36 tədris ocağında oxuyan 7561 şagirdin 97 faizi yeni məktəb binalarında təhsil alır. Təhsildə çəkilən zəhmət isə öz bəhrəsini vermişdir. Təkcə bu il rayon məktəblərinin məzunlarından 262 nəfər ali məktəblərə qəbul olunmuş, onlardan 46 nəfər 500-dən yuxarı bal toplamış, ümumi qəbul göstəricisi 52,6 faiz olmuşdur. Bu, 14 nəfərinin Əməkdar müəllim olduğu 1411 nəfər müəllim-pedaqo­qun gənclərin təlim-tərbiyəsində apardığı səmərəli fəaliyyətin nəticəsidir. Təkcə son illərdə rayonun Qoşadizə, Nehrəm, Qahab, Naxışnərgiz, Xal-xal, Şəkərabad kəndlərində istifadəyə verilmiş müasir məktəblər təhsilə göstərilən dövlət qayğısından xəbər verir.
Babəkdə əhalinin sağlamlığının qorunmasına da ciddi fikir verilir. Rayonun səhiyyə müəssisələrində çalışan tanınmış həkim və tibb işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Rayonda bir mərkəzi, iki sahə xəstəxanası, 14 həkim ambu­latoriyası, 18 feldşer-mama məntəqəsi vardır. Bu səhiyyə-sağlamlıq ocaqlarında 43 həkim və 228 orta tibb işçisi fəaliyyət göstərir. 1996-cı ildən bəri rayonda 26 səhiyyə obyekti müasir şəraitlə təmin olunmuşdur. Rayonda çox sayda aptek məntəqələri, 6 təcili yardım avtomobili vardır. Babəkli həkimlərdən 2 nəfər Əməkdar həkim kimi fəxri ad daşıyır.

Bu dövrdə istifadəyə verilmiş 3 yeni idman obyekti gənclərin asudə vaxtı və sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edir.
Ötən iyirmi il ərzində Babəkdə mədəniyyətin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bu dövrdə rayonda 22 mədəniyyət müəssisəsi üçün yeni binalar istifadəyə verilmişdir. Hazırda rayonda fəaliyyət göstərən 1 mərkəzləşdirilmiş kitabxana sistemi, 37 kənd filial kitabxanası, 17 mədəniyyət evi, 13 klub, 2 muzey, 5 uşaq musiqi məktəbi, 1 xalq teatrı insanların sosial-mədəni tələbatlarının ödənilməsində, asudə vaxtın səmərəli təşkilində mühüm rol oynayır. Rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən 6 nəfər Əməkdar artist və Əməkdar mədəniyyət işçisi onlara göstərilmiş yüksək qayğını öz səmərəli fəaliyyəti ilə doğrultmağa çalışırlar.

Babəkin öz firavan günlərinə qovuşması bu gün burada hamını sevindirir. Bundan əvvəl Nehrəm kəndi ilə bağlı yazı işləyərkən kənd ağsaqqalları Tofiq Abutalıbov və Mehralı Cəfərovla tanış olduqda muxtar respublikamızda insanların yaxşı yaşaması üçün yaradılan bu şəraitin nə qədər qiymətli olduğunu bir daha gördüm. Dünyagörmüş bu insanların dünən və bu gündən bəhs edən söhbətlərinə qulaq asmaq çox düşündürücü idi.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR