Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Naxçıvana səfər edib. O, rəsmi görüşlər keçirib, Naxçıvan şəhəri, onun tarixi abidələri və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olub. Səfər təəssüratları barədə sualımızı cavablandıran Jandos Asanov deyib:
– Azərbaycanın sürətlə inkişaf edən bu qədim diyarı türkdilli ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı zamanı Türk dünyası üçün önəmli bir təşkilatın – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin də məhz Naxçıvanda imzalanması bunu bir daha təsdiq edir. Naxçıvan həm də bu baxımdan türkdilli ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynadı. Bu mənada, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi kimi Naxçıvan Muxtar Respublikasına səfər etməyimdən çox məmnunam.
Naxçıvanda keçirdiyim rəsmi görüşlərdə Türkdilli Ölkələrin Parlament Assambleyası ilə muxtar respublika arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi apardıq. Birgə tədbirlərin keçirilməsinə dair razılıq əldə etdik. Bu, gələcəkdə əməkdaşlığımızın inkişafı baxımından önəmlidir.
Mən səfər çərçivəsində Naxçıvan şəhərindəki Biznes Mərkəzində də oldum. Burada gördüklərim mənim böyük marağıma səbəb oldu. Naxçıvanda istehsal olunan məhsulların çeşidlərinin çoxluğu muxtar respublikanın sürətli iqtisadi inkişafını bir daha sübut edir. Bütün dünyada maliyyə böhranının səngimədiyi bir vaxtda açıq şəkildə görünür ki, bu böhran Naxçıvan Muxtar Respublikasının inkişafına təsir göstərə bilməyib. Muxtar respublikanın iqtisadiyyatı şaxələnib. Mən bunun şahidi oldum. Bu, qürurvericidir.
Naxçıvan çox zəngin mədəni-tarixi irsə malikdir. Bu diyarda olan tarixi abidələr insanı valeh edir. Görünən odur ki, tarixi abidələrin qorunub saxlanılmasına Naxçıvanda xüsusi diqqət yetirilir. Yenidən bərpa olunan, ətrafı abad olan abidələrə böyük maraqla baxdım. Muxtar respublikada ağır bronxial-astma xəstəliklərinin müalicəsi üçün də çox gözəl bir məkan – Duzdağ Fizioterapiya Mərkəzi var. Mən orada da oldum. Naxçıvanın tarixi abidələri, gözəl təbiəti, təmiz havası, təbii müalicə məkanı onun cazibəsini daha da artırır.
Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcəkdir. Həmin gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər olacaq. Əminəm ki, böyük seçki təcrübəsi olan ölkənizdə budəfəki seçkilər də yüksək səviyyədə keçiriləcək.
Rauf Əliyev