23 Dekabr 2024, Bazar ertəsi

Şərur muxtar respublikamızın abad, hərtərəfli inkişaf etmiş, bütün sahələrdə yüksək nailiyyətlərə imza atmış bölgələrindən biridir. Bu gün rayonun ən ucqar dağ və sərhəd kəndləri belə, müasir yaşayış məntəqəsinə çevrilib. Yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq tədbirləri öz həcmini genişləndirdikcə şərurluların rifah halı daha da yüksəlir. Onlar bu əhval-ruhiyyə ilə qarşıdan gələn seçkilərə hazırlaşırlar.
Şərur şəhərindəki 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Dairə Seçki komissiyalarında və həmin komissiyaların tərkibində olan bir neçə məntəqədə olduq. 1 saylı Şərur-Sədərək Dairə Seçki Komissiyasının sədri Niyaz Əsgərovla görüşdük. O bildirdi ki, dairənin tərkibində 35 məntəqə yaradılıb və həmin məntəqələr seçkilərə tam hazır­dır. Bu məntəqələrdə 38 min 435 seçici səs verəcək. Onlardan 815-i ölkəmizin ictimai-siyasi həyatında ən əhəmiyyətli və yaddaqalan hadisələrdən biri olan seçki prosesində ilk dəfə iştirak edəcək. Seçicilərdən biri muxtar respublikanın ən yaşlı sakinidir. Şərur rayonunun Kürçülü kəndində yaşayan Qonça Hüseynovanın 117 yaşı var.

Onu da öyrəndik ki, 1-1 saylı Heydərabad, 1-22 saylı Yengicə, 1-25 saylı Düdəngə, 1-27 saylı Zeyvə, 1-31 saylı Mahmudkənd seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Bu da seçki prosesinin internet üzərindən izlənməsinə şərait yaradacaq. Komissiya sədri söhbət zamanı bildirdi ki, komissiya seçkilərə start veriləndən bu günə qədər öz işini Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə qurub. Komissiyanın iclaslarında müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilib, seçki komissiyasının üzvləri üçün kurslar, seminar-treninqlər təşkil olunub. Deputatlığa qeydə alınmış namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün qapalı və açıq yerlər ayrılıb, təşviqat kampaniyası qanunauyğun şəkildə aparılıb. Şəxsiyyət vəsiqəsinin vaxtı ötmüş seçicilərin seçkilərdə səs verməsini təmin etmək üçün yaşayış məntəqələrində səyyar xidmətlər təşkil edilib və vətəndaşların bu problemi vaxtında həll olunub.
Dairənin Azərbaycan Respublikasının Milli Məclisinə 1-26 saylı Düdəngə məntəqə seçki komissiyasında olduq. Bu məntəqə Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə yerləşir. Müasir tələblərə cavab verən binada yaradılan məntəqə lazım olan avadanlıqlarla təchiz edilib. Həmin binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərlə əlaqədar yaradılmış 8-2 saylı seçki məntəqəsi də eyni şəraitlə təmin olunub. Bu məntəqələrdə 1205 seçici səs verəcək. Onların 40-ı ilk dəfə səs verənlərdir. İlk dəfə səs verəcək seçicilərlə görüşlər təşkil olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
2 saylı Şərur Dairə Seçki Komissiyasının sədri İbrahim Abbasov söhbət zamanı bildirdi ki, seçkilərin yüksək səviyyədə təşkili üçün muxtar respublikamızda artıq zəngin təcrübə qazanılıb. Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də bir daha göstərib ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda vətəndaşların öz seçki hüquqlarından istifadəsi diqqət mərkəzində saxlanılır. Bu, seçkilərdə iştirak edən xarici müşahidəçilər tərəfindən də təsdiq edilib.
Komissiya sədri onu da bildirdi ki, seçicilər öz iradələrini 53 məntəqədə ifadə edəcəklər. Onların sayı dəqiqləşdirilib. Belə ki, seçkilərdə 41 min 435 nəfər seçici səs verəcək. Onlardan 471-i ilk dəfə səs vermək hüququndan istifadə edəcək. Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün bütün tədbirlər görülüb. Bu Dairə Seçki Komissiyası da öz fəaliyyətini qanunverici­liyə uyğun qaydada qurub. Belə ki, dairənin tərkibində olan məntəqələrdə məlumat guşələri hazırlanıb. Seçki gününü və yerini göstərən bildirişlər paylanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə 2-8, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 9-5 saylı Sərxanlı, 2-50 saylı Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 10-4 saylı Şərur dəmiryol vağzalında təşkil edilmiş məntəqələrdə də bunun şahidi olduq. Sərxanlıda 9-u ilk dəfə səs verən olmaqla, 372, Şərur dəmiryol vağzalında isə 1150 seçici səs verəcək. Bu məntəqələrdə də hərtərəfli şəraitin yaradılması seçkilərin uğurla başa çatacağına inam yaradır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR