Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Ulu öndər Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda açıq dərs keçilib.
Muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, burada Azərbaycanın ilk milli nizami ordu hissələrini yaratmasıdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edilib, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılıb. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul olunub.
Qeyd olunub ki, ulu öndərimiz Heydər Əliyev hələ Sovet İttifaqı dönəmində yüksək hərbi təhsil almış milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz dahi şəxsiyyətin ciddi səyləri nəticəsində 1971-ci ildə gəncləri ali hərbi məktəblərə hazırlayan ilk təhsil ocağı olan ixtisaslaşdırılmış hərbi internat məktəbi açılıb. Bir müddət sonra bura Cəmşid Naxçıvanskinin adı verilib. Həmin dövrdə Bakıda iki ali hərbi məktəb – Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar, əsasən, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrdən gəlmiş gənclər idi. Xalqımızın böyük oğlu Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik aradan qaldırılıb. Azərbaycanlı gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənlərinin tədrisinə başlanılıb. Hər il 800-900 nəfər azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilib. Bu gün sovet dövründə yetişmiş yüksək biliyə və təcrübəyə malik həmin kadrlar ordumuzun daha da güclənməsində öz səylərini əsirgəmirlər.
Vurğulanıb ki, ən yeni tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış ordu quruculuğu prosesi ümummilli liderimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra daha geniş miqyasda davam etdirilib. Ulu öndərimiz 1993-cü ildə hakimiyyətə gəldiyi ilk gündən ordu quruculuğu prosesini diqqət mərkəzində saxlayıb. Azərbaycan Ordusunun ilk nizami hərbi birləşmələrinin 1994-cü ilin yanvarından başlayaraq əks-hücuma keçməsi düşmən tərəfdə vahimə yaratmışdı. Silahlı Qüvvələrimizin daha böyük qələbələr qazanacağından qorxan Ermənistan rəhbərliyi 1994-cü il mayın 12-də atəşkəsə razılıq verməyə məcbur oldu. Atəşkəsin əldə olunması ordu quruculuğunda mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların Silahlı Qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərlik hislərinin aşılanması işi gücləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı. Ümummilli liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirildi.
“Ordumuzun gündən-günə daha da güclənməsi üçün bu gün də lazımi addımlar atılır. Təsadüfi deyil ki, 2003-cü ildən bu tərəfə ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir”, – deyən Ramil Orucəliyev qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında dəfələrlə ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlərin bu gün də prioritet məsələ olduğunu bəyan edib. Bu bir faktdır ki, ölkəmizin iqtisadi potensialı artdıqca, Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılır.
Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bununla da, Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaradılıb. Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında hərbi təyinatlı tikinti-quruculuq işlərinin geniş vüsət alması, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun artırılması bu yöndə atılan addımların mühüm tərkib hissəsidir. Motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Ordu səviyyəsinədək böyük inkişaf yolu keçmiş Naxçıvan ordusu Azərbaycan Ordusunun muxtar respublikada gücünü bir daha ortaya qoyur.
Sonra liseyin kursantları Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olublar, “Heydər Əliyev və Azərbaycan Ordusu” filminə baxıblar.
Xəbərlər şöbəsi