23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər, zəhmətkeş insanların əməyi daim yüksək qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif olunurlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli sərəncamları ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşları təltif olunub. Təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları da vardır. Onların ikisini redaksiyamıza dəvət edib sevinclərini bölüşdük.

Səbuhi HÜSEYNOV – Təhsil İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri: – 25 ildir ki, muxtar respublikamız blokada şəraitində yaşayır. Belə bir şəraitdə yaşamağımıza baxmayaraq, iqtisadiyyatımızın, mədəniyyətimizin və sosial həyatımızın elə bir sahəsi yoxdur ki, yeni inkişaf mərhələsinə çatmasın. Bu, bizi qəlbən sevindirir. Çünki insanların rahat və firavan yaşaması, zəhmətkeş insanların layiqli və təhlükəsiz iş şəraiti ilə təmin olunması Naxçıvan Muxtar Respublikasında daim diqqət mərkəzindədir. Bu gün 70 min nəfərdən artıq üzvü olan Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və onun yerli strukturları da qayğı ilə əhatə olunub. 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının inzibati binası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Dövlətimizin bu qayğısı muxtar respublikamızda həmkarlar işinin canlanmasına təkan verib. Bu gün hər bir ittifaq üzvü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısını öz üzərində hiss edir. Sevinirəm ki, bu qayğıdan mənə də pay düşüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşəm. Əməyimə verilən bu yüksək qiymətə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Məhsəti MƏMMƏDOVA – Dövlət və Bələdiyyə İdarələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin təlimatçısı: – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif olunanlar sırasında adımın olması məni çox sevindirdi. Bu gün cəmiyyətdə, ictimai mühitdə həmrəyliyi təmin edən təşkilatda fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası muxtar respublikada Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələrin həllinə öz töhfəsini verir. İnsanların həyat şəraitinin, rifah halının daha da yaxşılaşmasına yönəlmiş bərpa və quruculuq tədbirlərinin görülməsində, ətraf mühitin sağlamlaşmasında, yaşıllaşdırma iməci­liklərinin təşkilində və keçirilməsində həmkarlar ittifaqlarının üzvləri fəallıq göstərir, öndə gedir. Bu işlərdə mənim də əməyimin olması sevindiricidir. “Tərəqqi” medalına layiq görülməyim kiçik əməyimə verilən böyük qiymətdir. Bundan sonra üzərimizə daha da böyük məsuliyyət düşür. İnsan o vaxt özünü xoşbəxt hiss edir ki, başqasına xeyir verir, Vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir, onun əməyini dövləti qiymətləndirir. Mən bundan sonra da yeni cəmiyyət quruculuğunda yaxından iştirak edəcək, sosial tədbirlərin həyata keçirilməsində əlimdən gələni əsirgəməyəcəyəm.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR