Oktyabrın 27-də Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 1 noyabrda keçiriləcək seçkilərlə əlaqədar olaraq seçkilərə 5 gün qalmışadək yaradılan 24 seçki məntəqəsinin məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün seminar-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə məlumat verərək bildirib ki, səsvermə günü seçki məntəqəsində yalnız məntəqə seçki komissiyasının üzvləri, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının nümayəndələri, seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvləri, akkreditasiyadan keçmiş yerli və beynəlxalq müşahidəçilər, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələri və seçicilər ola bilərlər. Seçkilər günü səsvermə saat 800-dən 1900-a kimi keçirilir. Saat 750-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 800-də səsvermənin başlandığını elan edir.
Məhərrəm Qasımov seçki günü məntəqə seçki komissiyası sədrinin, katib və üzvlərinin vəzifələri barədə də ətraflı məlumat verib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Vasif Kazımov qeyd edib ki, hazırda ölkəmiz çox mühüm bir siyasi kampaniya ərəfəsindədir. Xalqımız üçün böyük əhəmiyyət kəsb edən parlament seçkilərinə ciddi hazırlıq işləri görülür. Ölkəmiz demokratik seçkilərin keçirilməsində artıq böyük təcrübə qazanıb. Beynəlxalq müşahidəçilər, tanınmış ictimai-siyasi xadimlər, həmçinin ekspertlər Azərbaycanda keçirilən seçkilərin şəffaf, azad və ədalətli, demokratik olduğunu dəfələrlə bəyan ediblər. Parlament seçkilərinin də demokratik şəraitdə keçiriləcəyini bildirən beynəlxalq təşkilatların nümayəndələri bunu yüksək səviyyədə aparılan hazırlıq işləri ilə əlaqələndirirlər.
Çıxışında parlament seçkilərinin respublikamızın bugünkü ictimai-siyasi həyatında ən böyük siyasi kampaniya olduğunu bildirən Əlahiddə Ümumqoşun Ordunun Mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik Mirqiyas Rüstəmov bildirib ki, muxtar respublikada xidmət edən hərbi qulluqçuların səsvermələrinin təmin edilməsi üçün 21 qapalı seçki məntəqəsi yaradılıb. Hazırda seçicilər seçici siyahıları ilə tanış edilir, seçici siyahılarında zəruri dəqiqləşmələr aparılır, seçki məntəqələri səsvermə yeri, habelə zəruri seçki ləvazimatları ilə təmin olunur. Hərbi hissə və bölmələrdə hərbçilər arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. Mirqiyas Rüstəmov qeyd edib ki, hərbi xidmətdə olan seçicilər çox fəaldır. Hərbi hissələrdə mövcud olan qapalı seçki məntəqələri öz vəzifələrinin öhdəsindən peşəkarcasına gələcək, seçicilərin hüquqlarının qorunması, seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə otaqlarının seçkilərin keçirilməsi üçün hazırlanması, seçicilərin azad və maneəsiz şəkildə səsvermələrinin təmin edilməsi, səsvermənin yekunlarına dair məntəqə seçki komissiyasının rəsmi protokolunun tərtib edilməsi və dərhal dairə seçki komissiyalarına çatdırılması işləri əzmlə, məsuliyyətlə və dəqiqliklə yerinə yetiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Elnur Eyvazov səsvermə prosesindən sonra məntəqə seçki komissiyasında görülən seçki hərəkətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə seçki komissiyaları üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Seminar-treninqə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov yekun vurub.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti