Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində, ilk olaraq, ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Baş katib Naxçıvan Biznes Mərkəzində olub, muxtar respublikada istehsal olunan məhsullara baxıb. Bildirilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi barədə məlumat verməkdir. Bu gün muxtar respublikada 357 növdə, 1106 çeşiddə məhsul istehsal edilir. Hazırda Naxçıvan Biznes Mərkəzində 65 sahibkarlıq subyektində istehsal olunan müxtəlif çeşiddə məhsul nümayiş etdirilir.
Naxçıvan Dövlət Xalça Muzeyində qonağa burada nümayiş etdirilən müxtəlif xalça növləri haqqında məlumat verilib. Bildirilib ki, Naxçıvan uzaq keçmişdən öz xalçaları ilə məşhur olub. Regionun qədim İpək Yolu üzərində yerləşməsi burada xalçaçılığın, ümumilikdə isə ticarətin inkişafına böyük təsir göstərib. Hazırda muzeydə nümayiş etdirilən müxtəlif dövrlərə aid xalça növləri də Naxçıvanın zəngin toxuculuq və sənətkarlıq ənənələrinə malik olduğunu göstərir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı ilə tanışlığa ulu öndərimiz Heydər Əliyevin büstünü ziyarət etməklə başlayıb. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olan Jandos Asanova məlumat verilib ki, kompleksdə yerləşən və Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bu məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib. Hazırda bu muzey kompleksində açıq səma altında Naxçıvan Muxtar Respublikasının ərazilərindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş etdirilir. Xan sarayı ilə də tanış olan qonağa məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 1200-ə yaxın eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olub. Duzdağ Fizioterapiya Mərkəzində bildirilib ki, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı müalicənin ideal nəticələr verməsinə şərait yaradır. Bronxial-astma xəstəliklərindən əziyyət çəkənlər burada müalicə olunurlar. Xəstəxanaya dünyanın müxtəlif ölkələrindən xəstələr də müraciət edirlər.
Dünən Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovun Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Xəbərlər şöbəsi