23 Dekabr 2024, Bazar ertəsi

Dünya tarixi və elmi əsərlər ötən əsrdə Birinci və İkinci Dünya müharibələri arasındakı zaman kəsiyində imzalanmış iki mühüm əhəmiyyətli Moskva və Qars müqavilələrinin mövcud olmasına baxmayaraq, ədalətsiz mövqedə olmuşlar.
16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələri Naxçıvan Muxtar Respublikasının (indiki rəsmi adı) Azərbaycan Respublikasının suveren ərazisinə birləşməsinə şərait yaratmışdır. Türkiyə və Rusiya dövlətləri tərəfindən imzalanmış Moskva müqaviləsinin 3-cü maddəsinə görə, Naxçıvan Azərbaycan Respublikasının himayəsi altında muxtar dövlətdir və sərhədləri 1-ci əlavədə göstərilən şəkildə müəyyən edilmişdir. Müqavilədə həmçinin göstərilmişdir ki, Azərbaycan dövləti Naxçıvanın muxtariyyətinə öz himayəsi altında təminat verir və tarixi ərazilərini başqa xalqlara güzəştə getməyəcəkdir.

Moskva müqaviləsi, 16 mart 1921-ci il
Maddə 3.

Razılığa gələn hər iki tərəf müqavilənin 1-ci (B) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir za­man üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.

“Əlavə (B)”

Ararat stansiyası-Saraybulaq dağı (8071)-Gömrülü dağ (8839)-(8930)-(3080)- Sayat dağı (7868)-Qurdqulaq kəndi-Həməsür dağı (8160)-8022 yüksəkliyi-Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi.

Rusiya Sovet Federativ Sosialist Respublikasının iştirakı ilə Qars şəhərində bir tərəfdən Ermənistan, Azərbaycan və Gürcüstan, digər tərəfdən isə Türkiyə Respublikası arasında imzalanmış 1921-ci il 13 ok­tyabr tarixli müqavilənin 5-ci maddəsinə əsasən, Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərində Naxçıvan muxtar ərazisinin Azərbaycanın himayəsi altında yaradılması barədə razılığa gəlmişlər.

Qars müqaviləsi, 13 oktyabr 1921-ci il
Maddə 5.

Türkiyə hökuməti, Ermənistan və Azərbaycan Sovet hökumətləri müqavilənin 3 saylı əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar.

“Əlavə 3. Naxçıvan ərazisi”

Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-də saxlanılır), sonra düz xətlə qərbi Daşburun dağını (3142), oradan şərqi Daşburun dağını (4108)-Cəhənnəm dərəsi çayını keçərək bulağın (Rövnə) cənubuna çatır, Bağırsaq dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayırıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzalarının inzibati sərhədini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəkliyindən Kömürlü dağı (6839 və ya 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayat dağı (7868), Qurdqulaq kəndi-Həməsür dağı (8160)-8022-ci yüksəklik-Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədlərinin şərqi ”.
Qars müqaviləsi imzalanan zaman Naxçıvanın ərazisi 6.988 kvadratkilometr idi. Sonra Moskvanın Naxçıvan Muxtar Respublikasına aid olan ərazilərini qeyri-qanuni yolla Ermənistana verməsi nəticəsində Naxçıvan ərazisi 5.5 min kvadratkilometr olmuşdur. Nəticədə, beynəlxalq müqavilələr birtərəfli qaydada pozulmuşdur və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının sərhədləri yenidən müəyyənləşdirilmişdir. 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin qərarı ilə Naxçıvanın (Qərçıvan, Qurdqulaq, Horadiz, Ağbinə, Ağxaç, Almalı, İtqıran, Sultanbəy və Kilit kəndinin bir hissəsi), ümumən, 657 kvadratkilometr ərazisi Ermənistana verildi. 1962, 1965 və 1967-ci illərdə çap edilmiş regional xəritələr Ermənistan tərəfindən saxtalaşdırılıb. Urmiyadan Arazdəyənə qədər qırmızı kərpiclə olan sərhəd xətti tədricən Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə yaxınlaşdırılmış və 400 hektardan çox ərazi qanunsuz olaraq Ermənistan ərazisinə birləşdirilmişdir. 19 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Kərki kəndi erməni-rus silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Moskva və Qars müqavilələri bu günə qədər qüvvədə olsa da, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinin işğal olunması beynəlxalq hüquq, beynəlxalq müqavilələr haqqında qanuna dair 1969-cu il Vyana Konvensiyası, Beynəlxalq hüquq prinsipləri üzrə 1970-ci il Bəyannaməsi və 1975-ci il Helsinki Yekun Aktına ziddir.
Etibarlı tarixi mənbələr təsdiq edir ki, Ermənistan hakimiyyəti həmişə Naxçıvan Muxtar Respublikasını nəzarət altında saxlamağa və son nəticədə, Naxçıvanı Azərbaycandan ayırmağa cəhd etmişdir. 28 oktyabr 1920-ci ildə Azərbaycan hökumətinin heç bir iştirakı olmadan Sovet Rusiyası və daşnak Ermənistan arasında imzalanmış müqaviləyə əsasən, Zəngəzur və Naxçıvan əraziləri Ermənistana güzəştə gedilmişdir. 29 noyabr 1920-ci ildə Ermənistanda bolşevik hakimiyyəti qurulduqdan sonra ermənilər Naxçıvan və Zəngəzur ərazisini özlərinə tabe etmək istəyirdi. Naxçıvan və Zəngəzurun mülki əhalisi bu qərara qarşı kütləvi etiraz aksiyaları təşkil etdilər və Türkiyə nümayəndələri də bu qərara qarşı çıxdı. Ermənilər gördülər ki, Naxçıvan əhalisinin qarşısında durmaq çətindir. 28 dekabr 1920-ci ildə Yerevan Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanımaq qərarına gəldi. Moskva isə müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq və Türkiyə tərəfinin təklifini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını təyinetmə hüququnu tanımaq məcburiyyətində qaldı. Digər tərəfdən Naxçıvanı Azərbaycandan ayıran Zəngəzur mahalı qanunsuz olaraq bolşeviklər tərəfindən Ermənistana verildi. Bu cür qanunsuz qərardan sonra Naxçıvan Muxtar Respublikası Azərbaycandan ayrı düşdü. Erməni rejimi isə Naxçıvanı işğal etməyə cəhd edirdi.
1921-ci il yanvarın 1-də Naxçıvanda rəy sorğusu keçirildi və Naxçıvan əhalisinin 90 faizi Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyəti lehinə səs verdi. Behbud ağa Şahtaxtinski Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət verilməsi üçün çox çalışırdı. 1 mart 1921-ci ildə Şahtaxtinski V.İ.Leninə teleqraf göndərərək Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı, Dağıstan və Şimali Qafqaz vilayətlərinin müsəlman əhalisinin milli tərkibi, həmçinin Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcək taleyi və bu ərazilərin etnik strukturu və coğrafiyası barədə onu məlumatlandırmışdı. V.İ.Lenin onun təklifləri ilə maraqlanmış və Mərkəzi Komitənin Siyasi Bürosuna bu məsələləri müzakirə etmək əmri vermişdir. Həmin vaxt türk nümayəndələri müqavilə imzalamaq məqsədilə Moskvada səfərdə idi. Tərəflər 26 fevral 1920-ci il tarixdə danışıqlara başlamış və 16 mart tarixdə hər iki tərəfin iştirakı ilə Moskva müqaviləsi imzalanmışdır. Həmin gün Siyasi Büro Behbud ağa Şahtaxtinskinin təkliflərini təsdiq edərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaratmaq üçün qərar qəbul etdi. Mos­kva müqaviləsinin 3-cü maddəsinə əsasən, Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət verildi. Moskva müqaviləsi böyük tarixi əhəmiyyətə malikdir. İlk olaraq bu müqavilə iki ölkə arasında ittifaq quraraq Türkiyə və Rusiya arasında mübahisəli məsələləri həll etdi, həmçinin Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq Naxçıvan ərazisinin status məsələsinə həmişəlik olaraq aydınlıq gətirdi. Sovet Rusiyası və Türkiyə arasında olan Moskva müqaviləsi eyni zamanda Cənubi Qafqaz respublikaları arasında olan mübahisəli məsələləri də həll etdi. Bu razılaşmadan sonra Moskva istəyirdi ki, Türkiyə tərəfi digər Cənubi Qafqaz respublikaları ilə ikitərəfli saziş imzalasın. Lakin Türkiyə tərəfi bu ölkələrlə ayrı-ayrı müqavilə imzalamaq istəyirdi. Bəzi diplomatik danışıqlardan sonra bütün tərəflər razılaşdılar ki, Rusiyanın iştirakı ilə 26 sentyabr 1921-ci ildə birgə konfrans keçirsinlər. 13 oktyabr 1921-ci ildə Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz ölkələri arasında Qars müqaviləsi imzalandı. Müqavilə 20 maddə və 3 əlavədən ibarətdir. Müqavilənin 5-ci maddəsi Naxçıvanın taleyini müəyyən etdi. Bu müqavilədə Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsi Naxçıvanın muxtariyyətini müəyyənləşdirib. Müqaviləni imzalayan tərəflər isə Türkiyə, Azərbaycan və Ermənistandır.
Moskva və Qars müqavilələri nəticəsində Naxçıvan ərazisinin statusu həll olunub və beynəlxalq qanunlar tərəfindən tanınır. Qars müqaviləsi müddətsiz imzalanıb və imzalayan tərəflər birtərəfli olaraq bu müqaviləni ləğv edə bilməz.
Dünya xalqlarının əksəriyyəti 27 ildir ki, Azərbaycanın suveren ərazisində baş verən Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirirlər. Lakin bu xalqların rəhbərləri unudurlar ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası faciəvi şəkildə ərazilərinin itirilməsindən, yerli əhali isə Yerevandakı erməni rejimi tərəfindən buraya tətbiq olunan blokada nəticəsində yaranan iqtisadi çətinliklərdən əziyyət çəkirlər. Biz unutmamalıyıq ki, Naxçıvan bəşəriyyət sivilizasiyasının beşiyidir və bu ərazi dünya ictimaiyyətinin xüsusi diqqətinə layiqdir.

Peter Tase
23.10.2015
Amerika Birləşmiş Ştatlarının
“Eurasiareview” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR