Dünən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları sədrlərinin, veb-kameralı seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katiblərinin, həmçinin seçki günü məlumatların internet vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinə ötürülməsini təmin edəcək kompüter mütəxəssislərinin iştirakı ilə seminar-treninq keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabr ayının 1-də keçiriləcək seçkilərə hazırlıq prosesi davam edir. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa şərait yaradır. Səsvermə günü istənilən internet istifadəçisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər.
Məhərrəm Qasımov seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə geniş məlumat vermiş, seçkilərin şəffaf keçirilməsində həmin vəzifələrin dəqiqliklə yerinə yetirilməsinin zəruriliyini vurğulamışdır. Bildirmişdir ki, məntəqə seçki komissiyasının sədri komissiyanın işinə ümumi rəhbərlik edir, komissiya üzvləri arasında iş bölgüsü aparır, səsvermənin başlanmasını və qurtarmasını elan edir, seçki məntəqəsində səsvermə qaydalarına əməl olunmasını təmin edir və qanunla onun üzərinə qoyulmuş digər vəzifələri icra edir. Katiblər isə sədrin göstərişlərini və sədr tərəfindən onlara verilən səlahiyyətləri icra edir, sədrin tapşırığına əsasən, katiblərdən biri beynəlxalq və yerli müşahidəçilərin siyahısını tərtib edir, sədr seçki məntəqəsində olmadıqda, onun tapşırığı ilə səsvermə yerində qayda-qanuna və ümumi vəziyyətə nəzarət edirlər. Səsvermə günü seçki məntəqəsində yalnız məntəqə seçki komissiyası üzvləri, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının nümayəndələri, seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvləri, akkreditasiyadan keçmiş yerli və beynəlxalq müşahidəçilər, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, o cümlədən KİV nümayəndələri və seçicilər ola bilərlər. Seçkilər günü səsvermə saat 800-dən 1900-a kimi keçirilir.
Seminar-treninqdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini Əli Mikayılov Azərbaycanın seçkilərdə veb-kameralardan istifadə sahəsində uzunmüddətli təcrübəyə malik olduğunu vurğulayaraq bildirmişdir ki, ölkəmizdə keçirilən seçkilərdə rabitə və informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması seçki sisteminin təkmilləşdirilməsinə, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulmasına, eləcə də seçki prosesində aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. Veb-kameraların texniki xüsusiyyətləri və istifadə qaydaları ilə bağlı tədbir iştirakçılarına məlumat verən Əli Mikayılov qeyd etmişdir ki, kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından səsvermənin yekunlarının müəyyənləşdirilməsi və səsvermənin nəticələri haqqında protokolun doldurulmasından sonra seçki məntəqələrinin bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət göstərəcəkdir. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazıldığına görə veb-kameraların quraşdırılması yekunlaşdıqdan sonra kameraların hərəkət etməsi, başqa istiqamətə yönəldilməsi, onların fəaliyyətinin fasiləsizliyinin pozulması, məlumatların əldə edilməsi, ötürülməsi və saxlanılması prosesinə, habelə bu məqsədlə istifadə edilən texniki qurğulara və vasitələrə qanunsuz müdaxilə, eləcə də kameralar vasitəsilə səsvermə kabinələrinin və kabinələrin içərisinin çəkilməsi qadağandır. Bu tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.
Mərkəzi Seçki Komissiyasının katibi Elnur Eyvazov səsvermə prosesindən sonra məntəqə seçki komissiyasında görülən seçki hərəkətləri ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə seçki komissiyaları üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.
İclasa Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov yekun vurmuşdur.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti