Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabr ayının 1-də keçiriləcək seçkilərə Naxçıvan Muxtar Respublikasında ciddi hazırlıq işləri görülür, ölkəmizin hər bir seçmək hüququ olan vətəndaşı qarşıdakı 5 ildə görmək istədiyi namizədə səs verməyə hazırlaşır. Ən layiqli namizədi seçmək üçün seçicilərə hərtərəfli şərait yaradılması diqqət mərkəzində saxlanılır. Bu günlərdə 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsində olduq. Məlumat üçün bildirək ki, bu dairədə 49 seçki məntəqəsində seçicilər öz namizədlərinə səs verəcəklər. Həmin məntəqələrdən 46-sı artıq fəaliyyətdədir. Məntəqələrin 21-i Babək rayonunda, 18-i Kəngərli rayonunda, 7-si Naxçıvan şəhərindədir. 3 məntəqə isə seçki gününə 5 gün qalanda yaradılacaqdır. Ümumilikdə, bu məntəqələrdə 43 min 677 nəfər səs verəcəkdir. Seçki prosesinin internet üzərindən izlənməsini təmin etmək məqsədilə dairənin 3-41, 3-42, 3-45, 3-12, 3-17 nömrəli seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçkilərin şəffaf, demokratik şəkildə başa çatdırılması üçün yaradılan şərait ürəkaçandır. Bütün məntəqələr lazım olan avadanlıqlarla təchiz ediliblər. Məntəqələr telefonlaşdırılıb. Hər bir məntəqədə iş planı və növbətçilik cədvəli tərtib olunub. Seçki gününü və yerini göstərən bildirişlər seçicilərə paylanılıb.
Babək qəsəbə tam orta məktəbinin binasında Azərbaycan Respublikasının Milli Məclisinə 3-41 və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 19-1 nömrəli seçki məntəqələri yaradılıb. Burada hər iki məntəqə tərəfindən ayrı-ayrılıqda hazırlanmış “Seçicinin məlumat lövhəsi” vasitəsilə məntəqə seçki komissiyalarının tərkibi, dislokasiyaları, iş planları, komissiya üzvlərinin vəzifə bölgüsü, deputatlığa qeydə alınmış namizədlərlə tanış olmaq mümkündür. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 3-41 saylı məntəqə seçki komissiyasının sədri Əli Hacıyev bildirdi ki, məntəqədə görülən işlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq mərhələlər üzrə həyata keçirilib. Seçici siyahıları dəqiqləşdirilib. Seçkidə 1186 seçicinin səs verəcəyini diqqətə çatdıran komissiya sədri onu da bildirdi ki, onlardan 1-i 1919-cu il təvəllüdlü, 31 nəfəri ilk dəfə səs verənlərdir. İlk dəfə səs verəcək seçicilərlə söhbətlər aparılıb.
Rayon Mədəniyyət Evində yaradılmış 3-42 və 19-2 saylı məntəqələrdə 1164 nəfər seçici səs verəcək ki, onlardan 16 nəfəri ilk dəfə səs verənlər siyahısındadırlar.
Şıxmahmud kənd tam orta məktəbində təşkil edilmiş 3-34, 22-1, Şıxmahmud kəndindəki uşaq musiqi, Yuxarı Uzunoba, Şəkərabad kənd tam orta məktəblərinin binalarında təşkil edilmiş 3-35, 22-2, 3-31, 22-6, 3-32, 22-5, 3-43, 19-5 saylı məntəqələr də seçkilərə tam hazırdır.
Xəbərlər şöbəsi