Şərur Rayon İcra Hakimiyyətində inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən tədbiri rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Səfər Hüseynov açmışdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri İntizar Həziyev “Torpaqların qanunauyğun istifadəsi və mühafizəsi günün tələbidir” mövzusundakı çıxışında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 may tarixli Fərmanı ilə mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək və torpaq idarəçiliyini təkmilləşdirmək məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarəti komitənin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Komitənin yeni funksiyalarının icrasında yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası ən vacib amillərdən biri hesab edilir. Bu baxımdan yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məqsəd torpaq münasibətlərinin tənzimlənməsində komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Diqqətə çatdırılmışdır ki, torpaqların qanunauyğun istifadəsinə dair 2015-ci ilin sentyabr ayında muxtar respublikanın şəhər və rayonlarında komitənin müfəttişləri tərəfindən yoxlamalar aparılmış, bu yoxlamalar zamanı bir sıra qanun pozuntularına rast gəlinmişdir. Həmin qanun pozuntularını təhlil edərkən məlum olur ki, bəzi vətəndaşlar mülkiyyətlərində olan torpaq sahələrinə bitişik bələdiyyə torpaqlarını, yaxud kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onlara verilmiş pay torpaqlarını qeyri-qanuni olaraq çəpərləyərək istifadə edirlər. Özbaşına tutulmuş bu ərazilərdə əkin və yaxud tikinti işləri aparılır ki, bu da mövcud qanun və qaydalara görə yolverilməzdir.
Vurğulanmışdır ki, ölkəmizdə əhalinin artması müqabilində adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq sahələrinin miqdarı getdikcə azalır. Bu amil nəzərə alınaraq torpaqlardan səmərəli istifadə olunması bu sahəyə cavabdeh orqanların qarşısında duran əsas vəzifələrdən birinə çevrilməlidir. Çünki torpağın qorunması ərzaq bolluğunun yaradılması və ən əsası ətraf mühitin mühafizə edilməsi deməkdir.
İntizar Həziyev bildirmişdir ki, torpaqlardan təyinatına uyğun olaraq istifadə edilməlidir. Yerli icra hakimiyyəti orqanları, torpaq mülkiyyətçiləri və istifadəçiləri, icarəçilər torpaq istifadəçiliyi sahəsindəki hüquq və vəzifələrini bilməklə yanaşı, həm də onlara düzgün və dönmədən əməl etməlidirlər.
Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə məsuliyyət haqqında danışan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasında torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları təsbit edilmişdir. Dövlət mülkiyyətində olan torpaqlar dövlətin xüsusi mülkiyyətidir və onlar qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar istisna olmaqla, qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Qanunvericiliyə əsasən, müəyyən kateqoriyaya aid edilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız onun təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Torpaqların kateqoriyasının qanunsuz dəyişdirilməsi isə İnzibati Xətalar Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən başqasının mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanan, habelə torpaq mülkiyyətçilərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.
Faiq Səfərov vurğulamışdır ki, torpaqların özbaşına tutulması, yəni zəbt edilməsi qanunla qadağan olunur və bu əməli törətmiş şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələbləri ilə məsuliyyətə cəlb edilirlər. Torpaqların zəbt olunmasının qarşısını almayan cavabdeh şəxslər isə bu Məcəllənin müvafiq maddəsinə uyğun olaraq səhlənkarlıq əməlinə görə məsuliyyət daşıyırlar.
Tədbirdə torpaq üzərində mülkiyyət hüququnun pozulmasına, onların istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə, yerli icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə məsuliyyətlər barədə də geniş izahat verilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Elman MƏMMƏDOV