23 Dekabr 2024, Bazar ertəsi

Seçkilər hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm siyasi proses kimi xarakterizə olunur. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı siyasi qüvvəyə və insanlara etibar edir. 2015-ci il noyabrın 1-i müstəqil Azərbaycanın tarixinə növbəti parlament seçkiləri kimi daxil olacaq.

Dinamik inkişaf yolunda olan Naxçıvan Muxtar Respublikası ictimai-siyasi fəallığı ilə də diqqəti cəlb edir. İndiyədək ölkəmizdə keçirilmiş bütün seçkilərin muxtar respublikada yüksək səviyyədə baş tutması bunu təsdiqləyir. Növbəti parlament seçkilərinin də demokratik, ədalətli keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. 7 saylı Ordubad-Culfa Seçki Dairəsində də seçkilərə hazırlıq yüksək səviyyədə aparılır. Dairə 48 məntəqəni əhatə edir. Dörd məntəqə seçkilərə 5 gün qalmış yaradılacaqdır. Məntəqələrin çoxu yeni tikilmiş binalarda yerləşdirilmiş, bəziləri isə təmir edilərək hər cür şərait yaradılmışdır. Seçki materialları, daşınan və daşınmaz qutular, kabinələr verilmiş, məntəqələr telefonlaşdırılmış, generatorlarla təmin edilmişdir.

Qeyd edək ki, 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə 34609 seçici səs verəcəkdir ki, onlardan 29008 nəfəri Ordubad rayonundandır. Dairə üzrə 682 nəfər, o cümlədən Ordubad rayonu üzrə 555 nəfər ilk dəfə səs verəcək gənclərdir. Seçkilərin şəffaflığının izlənməsi üçün 5 məntəqədə veb-kameralar quraşdırılmışdır.
Dairənin Ordubad rayonu ərazisində yerləşən 4 və 5 saylı məntəqələrinə baş çəkib vəziyyətlə tanış olduq. Məntəqələr seçkilərə tam hazırdır. 4 saylı məntəqə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin binasında yerləşir. Səliqəli, işıqlı, yüksək zövqlə tərtib olunmuş məntəqədir. Səs vermək üçün hər cür şərait yaradılmışdır. Burada 1149 seçici qeydə alınmışdır.
Məntəqə seçki komissiyasının sədri, katib və üzvləri, habelə seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilmiş, stol və stullar qoyulmuşdur. Lövhədə seçicilərin yaşadıqları ünvanlar üzrə siyahısı vurulmuşdur. Hər bir seçici öz adının seçki siyahısında olub-olmadığını həmin siyahıda dəqiqləşdirə bilər.
5 saylı seçki məntəqəsi isə Ordubad şəhərindəki İnternat Məktəbində yerləşir. Məntəqə seçki komissiyasının sədri İlkin Quliyev bildirdi ki, məntəqənin əhatə etdiyi ərazidə 810 seçici yaşayır, onlardan 11 nəfəri ilk dəfə səs verəcəkdir. Məntəqədə hər şey Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilmişdir. Ümumiyyətlə, burada vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılmışdır.
Komissiyanın sədri sonda onu da vurğuladı ki, seçki demokratik proseslərin atributlarından biridir. Şəffaf, azad və ədalətli seçki keçirilməsi ölkədə demokratiyanın inkişafına önəm verilməsinin təzahürüdür. Artıq Azərbaycan bu sahədə təcrübə qazanmış və beynəlxalq aləmdə demokratik seçkilər keçirilməsində siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmışdır. Əlbəttə, builki parlament seçkiləri də tam demokratik və şəffaf şəraitdə keçiriləcəkdir.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR