Oktyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Himayəçilik Şurasının sədr müavini Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, Azərbaycanın qədim Naxçıvan torpağı görkəmli şəxsiyyətlər yetişdirib. Belə şəxsiyyətlərdən biri də Əziz Qurbanəli oğlu Şərifzadədir. Bu il Əziz Şərifin anadan olmasının 120 illiyi tamam olur.
Onun Azərbaycan elmi və ədəbiyyatı qarşısında müstəsna xidmətlərini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2015-ci il yanvarın 26-da “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış və yubileylə əlaqədar Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində Əziz Şərifin həyat və yaradıcılığını əks etdirən guşələr yaradılmış, elmi və oxucu konfransları keçirilmişdir. Bununla yanaşı, Əziz Şərifin 120 illiyi ilə bağlı poçt markaları buraxılmış, “Naxçıvan” jurnalının bir nömrəsi Əziz Şərifin yubileyinə həsr olunmuşdur. İl ərzində Əziz Şəriflə əlaqədar elmi tədqiqatların əhatə dairəsi daha da genişləndirilmiş, “Əziz Şərif: taleyi və sənəti” kitabı çap olunmuş, Naxçıvan Dövlət Televiziyası Əziz Şərif barədə sənədli film hazırlamışdır. Ali Məclis Sədrinin tapşırığı əsasında Naxçıvan şəhərində Əziz Şərifin adını daşıyan küçə, eləcə də Əziz Şərifin və yaxınlarının məzarları abadlaşdırılmışdır. Bu gün isə muxtar respublika rəhbərinin tövsiyəsi ilə Əziz Şərifin 120 illik yubileyi yüksək səviyyədə – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Himayəçilik Şurasının birgə təşkilatçılığı və muxtar respublika ziyalılarının, alim və tədqiqatçılarının iştirakı ilə geniş tərkibdə qeyd olunur.
Əli Həsənov Əziz Şərif irsinə və şəxsiyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə yubiley tədbirinin iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi Sərəncamın çox mühüm əhəmiyyəti vardır. Bu Sərəncam bir tərəfdən yaradıcı şəxslərə və ziyalılara göstərilən dövlət qayğısını yüksək səviyyədə ifadə edirsə, ikinci tərəfdən bu, 1996-cı ildən başlayaraq muxtar respublika Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi xəttin – tarixi şəxsiyyətləri yenidən xalqa və ictimai həyata qaytarmaq, onlar barəsində elmi tədqiqatlar aparmaq və əsərlərini nəşr etdirmək xəttinin davamıdır. Ali Məclis Sədrinin bu istiqamətdə verdiyi tapşırıqların mühüm elmi və ictimai nəticələri olmuş, Bəhruz Kəngərlinin, Məhəmməd Tağı Sidqinin, Məhəmməd ağa Şahtaxtlının, Behbud ağa Şahtaxtinskinin, Cəmşid Naxçıvanskinin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, İslam Səfərlinin, Məmməd Arazın, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin yubileyləri keçirilmiş, müstəqillik dövrünün yaratdığı yeni imkanlardan istifadə olunaraq bu şəxsiyyətlər barədə elmi araşdırmalar aparılmış, onların yaradıcılıqları, keçdikləri nümunəvi həyat yolu yenidən ictimai-pedaqoji və elmi-bədii düşüncənin predmetinə çevrilmişdir. Bu baxımdan böyük ədəbiyyatşünas alim və tədqiqatçı, görkəmli pedaqoq, publisist və tərcüməçi Əziz Şərifin də xidmətləri unudulmamışdır. Ali Məclis Sədrinin Sərəncamında çoxcəhətli fəaliyyəti ilə xalqa və ədəbiyyata xidməti özünə həyat kredosu seçmiş Əziz Şərif haqqında deyilir ki, XX əsrdə elmi-ədəbi fikrin inkişafında mühüm xidmətləri olan bu böyük şəxsiyyət “Molla Nəsrəddin məktəbindən aldığı ideyaları ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirməklə Azərbaycan ədəbiyyatşünaslığının möhkəm bünövrəsini yaratmışdır. O, xalqımızın milli-mədəni irsinin fədakar təbliğatçısı olmuş, sağlığında pedaqoq və elm xadimi kimi şöhrət qazanmışdır”.
Əli Həsənov demişdir ki, yeniyetməlik illərindən mətbuatda müxtəlif mövzularda ədəbi-tənqidi məqalələr dərc etdirən Əziz Şərif sonralar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı tədqiqatlar aparmış, bir çox məktub, sənəd və fotoşəkillər, xeyli qiymətli əlyazmalar aşkarlamış, elmi-ədəbi mühitə dəyərli töhfələr vermişdir. Əziz Şərifin əsərləri XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixini, ədəbi-mədəni əlaqələrini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Xalqımızın böyük ziyalısı özündən sonra qiymətli irs qoyub getmişdir. Bunların içərisində memuar və ya xatirə ədəbiyyatı adlandırılan materiallar böyük dəyərə malikdir. “Ana dilindən başqa heç bir dil bilməyən yazıçı, nə qədər istedadlı olsa da, yüksək bədii tərcümə yarada bilməz” – deyən Əziz Şərif bədii tərcümə sahəsində uğurlu fəaliyyəti ilə də ədəbiyyatımızın inkişafına böyük töhfələr vermişdir. Professor Əziz Şərif çoxşaxəli yaradıcılıq fəaliyyəti, ləyaqətli vətəndaş mövqeyi ilə Azərbaycan ziyalılarının ən mötəbər nümayəndələri sırasında özünəməxsus yer tutur. Bu gün bu yerin məna və əhəmiyyəti – Azərbaycan naminə xidmət məramı özünü bütün aydınlığı ilə göstərir, gələcəkdə də göstərəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü İsmayıl Hacıyev “Əziz Şərifin həyat və yaradıcılığı” mövzusunda çıxış edərək demişdir ki, Əziz Şərif ilk təhsilini Naxçıvan şəhər rus-tatar məktəbində almışdır. Əziz Şərif 1915-ci ildə Tiflis gimnaziyasında, 1915-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda oxumuş, 1935-ci ilə qədər Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində və Xalq Komissarları Şurasında müxtəlif vəzifələrdə işləmişdir. Bununla yanaşı, o, 1920-30-cu illərdə Tiflisdə mətbuat, nəşriyyat sahəsində çalışıb, sonra Tiflis Müəllimlər İnstitutunda dərs deyib. 1943-cü ildə Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirib. Əziz Şərif 1947-ci ildə “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası” mövzusunda namizədlik, 1956-cı ildə isə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının birinci dövrü (1869-1905)” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 1962-ci ildə professor elmi adına layiq görülmüşdür. 1962-ci ildən o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində professor, kafedra müdiri kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan ədəbiyyatını rusdilli auditoriyada layiqincə tədris və təbliğ etmişdir.
“Əziz Şərifin tədqiqatlarında mollanəsrəddinçilər və dünya ədəbiyyatı problemi” mövzusundakı çıxışında Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli diqqətə çatdırmışdır ki, Azərbaycan ədəbiyyatşünaslığında Əziz Şərifin adı mollanəsrəddinşünaslığın inkişaf tarixində xüsusi ehtiramla çəkilir. Alimin ayrı-ayrı mollanəsrəddinçilərin dünya ədəbiyyatı ilə bağlılıqları haqqında söylədiyi fikirlər bu aktual problemin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əziz Şərifin mollanəsrəddinçilər və dünya ədəbiyyatı problemi ilə bağlı müddəalarına daha çox alimin Cəlil Məmmədquluzadəyə dair yazdığı tədqiqat əsərlərində rast gəlirik. Böyük alimin “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası Cəlil Məmmədquluzadənin ömür və sənət yolunu əhatəli şəkildə dəyərləndirmək baxımından qiymətlidir.
Tədbirdə “Naxçıvan” Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Əziz Şərif və Naxçıvan ədəbi mühiti” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, Əziz Şərifin ilk yazısı 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında dərc olunan “Naxçıvandan məktublar” felyetonudur. İlk yazısının belə doğulub boya-başa çatdığı Naxçıvan torpağı ilə, buradakı ədəbi mühitlə bağlı olması ədibin vətəninə olan sevgisinin, həmyerlilərinə olan məhəbbətinin təzahürüdür. O, hər zaman Naxçıvanla, buradakı ədəbi proseslə, ictimai-ədəbi həyatla, maarif və mədəniyyətin inkişafı ilə, Naxçıvan ziyalıları və maarifpərvərləri ilə daim maraqlanmış, Naxçıvan ədəbi mühiti ilə əlaqəsini heç zaman kəsməmiş, bu mühit haqqında əsaslı fikirlər söyləmişdir. Onun Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Rza Təhmasib, Hüseyn Cavid ilə bağlı xatirələri, söylədiyi qiymətli fikirlər, yazdığı məqalələr o dövrün mədəni inkişafının mənzərəsini gözümüz önündə canlandırır. Ədəbiyyatşünas alim vətənindən uzaqda yaşamasına baxmayaraq, tez-tez Naxçıvana gəlmiş, ziyalılarla, tələbələrlə görüşmüş, mühazirələr oxumuş, öz dəyərli məsləhətləri ilə buradakı ədəbi mühitə yol açmışdır.
Yubiley tədbirinin sonunda görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin məqalələrindən parçalar oxunmuşdur.
“Şərq qapısı”