Azərbaycanın tarixi bayraqları ölkəmizdə dövlətçilik ənənələrinin dərin köklərə malik olduğunu bir daha göstərir
XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsi çar Rusiyası tərəfindən işğal olunduqdan sonra Azərbaycan xanlıqlarına məxsus olan tarixi dövlətçilik rəmzləri, hakimiyyət simvolları ləğv edildi. Buna baxmayaraq, xalqın tarixi yaddaşında ənənələr qaldığı üçün 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra tarixi materialların toplanması və öyrənilməsi, dövlətçiliyin simvol və atributlarının bərpasına başlandı. Üçrəngli bayraq dövlət atributu kimi qəbul olundu. Dövlətçilik simvollarının bərpası tarixi hadisənin zəruriliyi kimi kütlənin şüuruna yüksək mənəviyyat, vətənpərvərlik, Vətənlə fəxr hissinin qayıdışına kömək etdi. Lakin 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunması bu prosesi dayandırdı.
Bolşeviklərin hakimiyyətə gəlişi ilə Azərbaycanın özünəməxsus dövlət rəmzləri Sovet Rusiyasının simvollarının əksi olan qondarma rəmzlərlə əvəz olunaraq ləğv edildi. Yalnız 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi elan olunduqdan sonra tarixi dövlətçilik rəmzlərinin bərpasına yenidən başlanıldı.
1990-ci il 17 noyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü nəticəsində üçrəngli Azərbaycan bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi statusunu aldı.
Son zamanlar Azərbaycan elmində əhəmiyyət kəsb edən və köməkçi tarixi fənlər arasında aparıcı yerlərdən birini bayraqlar haqqında elm – veksillologiya tutur.
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2015-ci ilin may ayının 10-dan 30-dək Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin bayraq fondlarında və arxivlərində elmi-tədqiqat aparmışam. Elmi araşdırma nəticəsində bayraq fondlarında Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş iki bayrağını aşkar etdim.
Türkmənçay müqaviləsindən sonra rusların tabeliyinə keçmiş naxçıvanlılardan ibarət Kəngərli süvari dəstəsinin fəxri və döyüş bayrağı, həmçinin Naxçıvan bəy taqımının döyüş bayrağı mövcud idi. Həmin bayraqlar rus-türk müharibəsi ərəfəsində azərbaycanlılardan ibarət atlı müsəlman alaylarına təqdim olunmuşdur. Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqlarının üzərində Rusiyanın dövlət gerbi, ikibaşlı qartalın təsviri var. Naxçıvan bəy drujinasının döyüş bayrağının üz tərəfində yuxarıda qeyd olunan ikibaşlı qartal təsvir olunur, arxa tərəfində isə aypara rəmzi əks olunur. Bu günə kimi yalnız sözügedən bayraqlar Naxçıvana aid tarixi bayraqlar kimi təqdim edilirdi. Ona görə də Naxçıvan xanlığının bayraqlarını axtarıb üzə çıxarmaq həm bir xanlığı “bayraqsız” qoymamaqla yanaşı, həm də Azərbaycanın xanlıqlar dövrü dövlət rəmzlərinin müəyyən edilməsini tamamlamaq baxımından da əhəmiyyətli işdir. Aşkar olunmuş bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur! Bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zəruriyyəti 2010-cu ildə nəşr olunmuş “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı monoqrafiyamda qeyd edilmişdi.
1809-1810-cu illərdə Abbasabad qalası tikilmişdir və qalada sərbaz alayı yaradılmışdı, qalanın müdafiəsi üçün 4000 sərbaz və 500 nəfərlik süvari alayı təşkil edilmişdi. Sərbaz alayının başçılarından biri Ehsan xan Kəngərli olub. 1812-ci ilin 19-20 oktyabr günlərində İran şahzadəsi Abbas Mirzənin müttəfiqi olan Kəlbəli xanın oğlu Şeyxəli bəy Aslandüz savaşında rus ordusuna qarşı döyüşdə iştirak etmiş və məğlubiyyət nəticəsində əsir düşmüşdü.
Sankt-Peterburq şəhərində Dövlət Ermitaj Muzeyinin bayraq fondunda və arxivində tərəfimdən aparılmış elmi-tədqiqat nəticəsində Naxçıvan xanlığının birinci bayrağı tapılmışdır. Belə ki, tapılan Naxçıvan bayrağı 1812-ci ilin 19-20 oktyabrında Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülmüşdür. Dövlət Ermitaj Muzeyinin arxiv sənədlərində qeyd olunan bayraq “1812-1813-1814-cü il döyüşlərinin qənimətləri” kimi göstərilir.
Yeni aşkar edilmiş Naxçıvan xanlığının bayrağı dördkünc formada olaraq, uzunluğu 145 santimetr, eni 159 santimetrdir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, bayrağın sol tərəfində “Qurani-Kərim”dən 48-ci əl-Fəth surəsinin bir hissəsi yazılıb: “Həqiqətən, biz sənə açıq-aydın qələbə verdik”. Bayrağın aşağı hissəsində “Qurani-Kərim”dən 2-ci əl-Bəqərə surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə “Ey rəbbimiz bizə səbir ver, bizi sabit et”, sol tərəfdə isə “Kafirə və qövmeyə qarşı bizə kömək et” yazıları vardır. Bayrağın orta hissəsində açıq-sarı rəngli romb parça tikilib, üzərində sarı rəngdə aslan və Günəş, şiri-xurşid rəmzi təsvir edilib. İrəvan xanlığının bayrağından fərqli olaraq, burada aslanın üzü sağ tərəfə duraraq, başı frontal istiqamətdə göstərilir. Aslanın sol pəncəsində qılınc təsvir edilib. Bayraq torbacığı sol tərəfdən tikilib. Bayraq ucluğu ələm formasındadır. Ucluğun üzərinə ucları qotazlı ağ rəngdə iki lent bərkidilib. Naxçıvan xanlığının bayrağının İrəvan xanlığının bayraq rəmzlərinə yaxın olması heç də təsadüfi deyildi. Tarixdən məlum olduğu kimi, bu xanlıqlar çox vaxt vahid mövqedən çıxış etmiş, hətta idarəetmədə ortaq prinsipləri qorumuşlar. Bu bayraq Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilmiş döyüş bayrağıdır.
Tarixdən məlum olduğu kimi, rus ordusu 1827-ci ilin may ayında İrəvan qalasını tam mühasirəyə alaraq general İ.Paskeviçin komandanlığı altında olan hissələr fasilə edərək Naxçıvan xanlığına yürüşə başlamışdılar. Rus qoşunları altı günə Naxçıvana çatdılar və Naxçıvan qalası yaxınlığında Həsən xanın və Nağı xanın komandanlığı altında olan süvari dəstə ilə knyaz Eristovun komandanlıq etdiyi rus ordusu arasında döyüş baş verdi. Rus ordusu qarşı tərəfi məğlub edərək 1827-ci il iyunun 26-da Naxçıvana daxil oldu.
Elmi araşdırmalar nəticəsində aşkar etdiyim ikinci bayraq Naxçıvan xanlığının dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının bayrağı dördkünc formada, eni 144 santimetr, uzunluğu 178 santimetrdir. Qızılı ipəkdən hazırlanmış bayraq bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir. Bütün bayraqlarda olduğu kimi, bu bayraqda da sağ tərəfdən bayraq torbacığı tikilib. Bayrağın üzərində ərəb qrafikası ilə “Qurani-Kərim”dən 48-ci əl-Fəth ayəsinin bir hissəsi və dini şüarlarla yanaşı, 6 (altı) səkkizguşəli ulduz və nəbati elementlər əks edilir. Üst zolağın üzərində ərəb qrafikası ilə “Qurani-Kərim”dən 48-ci əl-Fəth surəsinin bir hissəsi “Allahdan kömək qələbə yaxındır. Məhəmməddən möminlərə müjdə” yazısı qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində digər xanlıq bayraqlarında əks olunmuş zanbaq gülü burada da parçadan tikilib. Sağ tərəfdə biri digərinin içərisində aralarında dairəvi sədd olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib. Qeyd etmək lazımdır ki, əks edilmiş ulduz Möminə xatın türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının bayraqları üzərində, XVIII-XIX əsr Şərq dövlətlərinin bayraqlarında da buna oxşar elementə rast gəlinməyib. Orta zolaqda açıq-qızılı parçadan iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı (şəmşir) təsvir olunub. Qılıncın üst hissəsində “Əlidən başqa döyüşçü yoxdur” yazısı əks edilir. Yazının qarşısında insan əli formasında (xəmsə), yaxud ələm şəklində açıq-qızılı parça tikilib. Qılıncın alt hissəsində isə “Zülfüqardan başqa qılınc yoxdur” yazısı var. Yazının qarşısında və hər iki tərəfində səkkizguşəli ulduz olan, ucları sol tərəfə istiqamətlənən aypara və ulduz, aypara təsvirləri əks olunub. Hər iki yazının axırında isə yuxarıda göstərilən səkkizguşəli ulduz və zanbaq gülü tikilib. Ayparanın sağ tərəfində “Əli” adı iki dəfə güzgü əksi kimi təsvir edilib, yazının üst hissəsinin mərkəzində minarə yerləşdirilib. Əli sözünün solunda “Hüseyn”, sağında isə “Həsən” adları yazılıb. Sonuncu zolağın sağ tərəfində iç-içə, arasında dairəvi sədd olan səkkizguşəli sonuncu ulduz tikilmişdir.
Bayrağın təsviri təhlil edilərək belə qənaətə gəlinir ki, bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi-ideoloji, dini və tarixi-mədəni ənənələrini əks etdirir.
Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizdə yeganə “tarixi bayraqlar” kolleksiyası qorunur. Bayraqlarda olan ərəbdilli yazılar Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən oxunmuşdur. Kolleksiyadakı bayraqların heç birinin üzərində mənsub olduğu xanlıqların adları əks olunmamışdır, bəzilərinin tərtibatında yalnız rəmzi elementlər istifadə edilmişdir.
Sankt-Peterburq Artilleriya Muzeyində aşkar edilmiş bayraq Naxçıvan xanlığının dövlət bayrağı kimi istifadə edilmiş və bayrağın yaxşı vəziyyətdə olması onu göstərir ki, bayraq yalnız rəsmi mərasimlərdə istifadə edilmiş və dövlət bayrağına layiq tərzdə saray daxilində qorunmuşdur.
Bayrağın üzərindəki səkkizguşəli ulduz və ayparanın əks olunması sübut edir ki, Azərbaycan Respublikasının dövlət bayrağındakı ay-ulduz 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətindən öncə Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və Azərbaycançılığı, milli məfkurəni, dövlətçilik ənənələrini əks etdirən mühüm əlamətdir.
Bayraqların təsvirlərini təhlil edərək belə qənaətə gəlinir ki, təqdim olunan hər iki bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. Azərbaycanın tarixi bayraqları ölkəmizdə dövlətçilik ənənələrinin dərin köklərə malik olduğunu bir daha göstərir.
“Vətəndaş cəmiyyəti” jurnalı,
2015-ci il, № 9