23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində energetiklərin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan agent­liyin baş direktoru Yasin Səfərov Naxçıvanda energetika sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası əvvəllər elektrik enerjisi ilə Zaqafqaziyanın vahid energetika sistemi və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. Mənfur ermənilərin düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik verilişi dayandırılmış, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülmüşdür.
Həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınması təmin edilmişdir.

Bildirilmişdir ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat, illik elektrik enerji istehsalı 80 milyon kilovat-saat olan Biləv Su Elektrik Stansiyası, 2014-cü ilin aprel ayında isə ümumi gücü 20,5 meqavat olan “Arpa­çay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.
Yasin Səfərov tikintisi davam etdirilən və gələcəkdə tikilməsi nəzərdə tutulan elektrik stansiyaları barədə də məlumat verərək bildirmişdir ki, hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Həmçinin 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi məqsədilə layihələndirmə işləri aparılır.
Naxçıvanın əlverişli iqlim və coğrafi şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Hazırda bu imkanlardan səmərəli istifadə olunur. Muxtar respublikada nəinki Azərbaycanda, hətta Qafqaz və region ölkələrində ən böyük Günəş elektrik stansiyası inşa olunur. Babək rayonunun Xal-xal kəndində 35 hektarlıq ərazidə tikilən Günəş elektrik stansiyasında ən müasir Günəş panelləri, invertor və transformatorlar quraşdırılır. Stansiyanın gücü 20 meqavat olacaq və burada il ərzində 30 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.
2008-2015-ci illər ərzində muxtar respublikada elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bütün kateqoriyalardan olan tələbatçıların istifadə etdikləri elektrik enerjisinin dəyərinin rəqəmsal elektron sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Hazırda Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılması davam etdirilir. Artıq mənzillərdə 6500 ədəd belə sayğac qoyulmuşdur. Bu tədbirlər hesabına elektrik enerjisi sərfi azalmış, istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsinin yaxşılaşdırılması təmin edilmişdir. 2006-cı ildə elektrik enerjisinin ötürülməsi və paylaşdırılmasında texnoloji itkilər nəzərə alınmaqla tələbatçılara verilmiş elektrik enerjisinin dəyərinin cəmi 48,3 faizi, 2007-ci ildə 68,6 faizi, 2008-ci ildə 97,7 faizi ödənilmişdir. 2009-2014-cü illərdə və 2015-ci ilin ötən dövründə isə 100 faiz ödəmə təmin edilmişdir. Həmçinin texniki itkilərin azaldılması da diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ildə texniki itki 12,7 faiz, 2011-ci ildə 11,3 faiz, 2012-ci ildə 10 faiz, 2013-cü ildə 8,6 faiz, 2014-cü ildə 7 faiz təşkil etmiş, 2015-ci ilin ilk 9 ayı ərzində isə bu göstəricini 6,9 faizə qədər endirmək mümkün olmuşdur. Bu, ölkə üzrə ən yaxşı göstərici hesab edilir.
“Energetiklərin əməyi də yüksək qiymətləndirilmişdir”, – deyən Yasin Səfərov vurğulamışdır ki, son illər 1 nəfərə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi”, 4 nəfərə “Naxçıvan Muxtar Respublikasının Əməkdar mühəndisi” fəxri adları verilmiş, 17 nəfər “Tərəqqi” medalı, 2 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 15 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif edilmişdir.
Sonda agentliyin bir qrup əməkdaşı mükafatlandırılmışdır.
Tədbirdə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının direktoru Cəlal Hüseynov, Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin mühəndisi Nəriman Paşayev çıxış edərək göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR