23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 19-da İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbar­zadə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikanın təhsil və səhiyyə müəssisələri, eləcə də istehsal imkanları ilə tanış olmuşdur.

“Naxçıvan” Universiteti ilə tanışlıq zamanı rektor, professor İsmayıl Əliyev ali təhsil ocağı barədə məlumat verərək demişdir ki, universitet üçün müasir təhsil şəraiti yaradılmışdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə var. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Tədris korpuslarında müasir auditoriyalar, imtahan mərkəzləri, proyektor və elektron lövhə quraşdırılan mühazirə zalları, Heydər Əliyev Dövlətçilik Mərkəzi, coğrafiya, Azərbaycan tarixi, turizm-informasiya kabinələri və nəşriyyat fəaliyyət göstərir.
Şərqi Azərbaycan Vilayətinin ostandarı həmin gün Naxçıvan Biznes Mərkəzində olmuş, muxtar respublikada istehsal olunan məhsullara baxmışdır. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov bildirmişdir ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkar­ların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi barədə məlumat verməkdir. Bu gün muxtar respublikada 357 növdə, 1106 çeşiddə məhsul istehsal edilir. Yeni yaradılan müəssisələr əhalinin 336 növdə məhsula olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda Naxçıvan Biznes Mərkəzində 65 sahibkarlıq subyektində istehsal olunan müxtəlif çeşiddə məhsul nümayiş etdirilir.
“AKİ Əczaçılıq Anbarı” MMC və “Nəqşicahan MED” müəssisələri ilə də tanış olan İsmayıl Cabbarzadəyə bu müəssisələr haqqında ətraflı məlumat verilmişdir. Sonra qonaq Duzdağ Fizioterapiya Mərkəzində olmuşdur. Bildirilmişdir ki, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı müalicənin ideal nəticələr verməsinə şərait yaradır. Bronxial-astma xəstəliklərindən əziyyət çəkənlər burada müalicə olunurlar. Xəstəxanaya dünyanın müxtəlif ölkə­lərindən xəstələr də müraciət edirlər.
İsmayıl Cabbarzadə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin xəstəxana binasında yaradılan şəraitlə tanışlıq zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbin strukturu, beynəlxalq əlaqələri, maddi-texniki bazası barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universiteti ilə İran İslam Respublikasının ali məktəbləri arasında əməkdaşlıq vardır. Universitetin Tibb fakültəsində Pediatriya, Tibbi profilaktika, Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə 326 tələbə təhsil alır. Xəstəxanada tələbələrin seçdikləri ixtisaslar üzrə hərtərəfli bilik və təcrübə qazanması üçün lazımi şərait yaradılmışdır.
Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə səfərinin sonunda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi ilə tanış olmuşdur. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov demişdir ki, mərkəzdə dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə müəssisələrində istifadə olunan tibbi avadanlıqlar quraşdırılmışdır. Səhiyyə müəssisəsində yaradılan şərait ən ağır cərrahi əməliyyatların aparılmasına imkan verir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR