Seçki hər bir xalqın həyatında ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də vətəndaşların azad seçim imkanlarını təmin edən hüquqi prosesdir. Noyabrın 1-də bu proses vasitəsilə xalqımız növbəti beş ildə görmək istədiyi deputatlarını seçəcək.
Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edəcək növbəti parlament seçkilərinə 2 həftədən az bir vaxt qalır. Seçkilərin yüksək səviyyədə təşkili üçün muxtar respublikamızda artıq zəngin təcrübə qazanılıb. Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də bir daha göstərib ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda vətəndaşların öz seçki hüquqlarından istifadəsi diqqət mərkəzində saxlanılıb. Bu, seçkilərdə iştirak edən xarici müşahidəçilər tərəfindən də təsdiq edilib. Ölkəmiz daha bir seçki ərəfəsindədir. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabr ayının 1-də keçiriləcək seçkilərə hazırlıqla bağlı görüləcək işlərlə tanış olmaq üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etdik. Öyrəndik ki, seçki prosesinə start veriləndən bu günədək Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa əsasən, nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilib.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üçün 7 seçki dairəsi üzrə 316, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üçün 45 seçki dairəsi üzrə də 316 məntəqə yaradılıb. Ümumilikdə, seçkilərdə 268 min 463 seçici iştirak edəcək. Onların 4 min 799 nəfəri ilk dəfə səs verənlərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 135 nəfərin namizədliyi qeydə alınıb.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının tərkibində 37 məntəqə yaradılıb. Bu məntəqələrdə 43 min 955 seçici öz namizədinə səs verəcək. Onlardan ən yaşlısı 103 yaşlı Səriyyə Sadiqovadır. 674 nəfər isə ilk dəfə olaraq seçici hüququndan istifadə edəcək. Dairə Seçki Komissiyasının sədri Cahangir Seyidovun sözlərinə görə, deputatlığa namizədlərin təşviqatı üçün açıq və qapalı yerlər ayrılıb, müəyyən olunmuş yerlərdə təşviqat lövhələri quraşdırılıb. Dairə üzrə 120 müşahidəçi qeydə alınıb. Seçkilərə 5 gün qalana kimi müşahidəçi olmaq istəyənlər müraciət edərlərsə, onların müraciətinə baxılacaq. 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının 10, 12, 15, 17 və 28 nömrəli məntəqələrində veb-kameralar quraşdırılıb. Bu da seçki prosesinin internet üzərindən izlənməsinə imkan verəcək.
Qeyd edək ki, bu dairə üzrə Dairə Seçki Komissiyası qanunvericiliyə uyğun qaydada onun ərazisində fəaliyyət göstərən məntəqələrin seçkiyə hazırlığını tam təmin edib. Məntəqə üzvləri gündəlik olaraq Seçki Məcəlləsinə uyğun şəkildə hazırlıq işlərini aparırlar.
4-36 saylı seçki məntəqəsində olduq. Bu məntəqədə seçkilərə hazırlıq qənaətbəxşdir. Burada hazırlanmış məlumat lövhəsi vasitəsilə məntəqənin tərkibi, dislokosiyası, iş planı, vəzifə bölgüsü, deputatlığa qeydə alınmış namizədlərlə tanış olmaq mümkündür. Məntəqədə səs verəcək 1474 nəfər seçicinin siyahısı dəqiqləşdirilib. Onlardan 35 nəfəri ilk dəfə səs verəcək seçicilərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 25-5 nömrəli məntəqə seçki komissiyası Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki 16 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Məlahət Rüstəmova bildirdi ki, bu məntəqədə 1359 seçici səs verəcək. Onların 33 nəfəri ilk dəfə səs verənlərdir. M.Rüstəmova onu da diqqətə çatdırdı ki, məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi məqsədilə müntəzəm olaraq treninqlər keçirilir və bu tədbir seçki gününə qədər davam etdiriləcək. İlk dəfə səs verənlərlə də maarifləndirici tədbir keçiriləcək.
Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqələr lazım olan bütün avadanlıqlarla təchiz edilib. Artıq seçki gününü və yerini göstərən bildirişlər paylanılıb.
Muxtar Məmmədov