23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyеv: Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir.


Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Respublikasının yarandığını bəyan etmişdir. Müsəlman Şərqinin ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış, müstəqil dövlətin təsisatları yaradılmışdır. Təəssüflər olsun ki, bu müstəqillik tarixinin ömrü çox çəkmədi. RSFSR 1920-ci il aprelin 27-28-də Azərbaycanın müstəqilliyini qanla boğdu. Çar Rusiyasının 1806-1828-ci illərdəki ilhaq siyasəti bu dəfə başqa ampluada – kommunist ideologiyasının milli məni inkar edən idbar baxışlar sistemi şəklində həyata keçirildi. Amma bu, Azərbaycan xalqının azadlıq ideallarını, müstəqillik arzularını susdura bilmədi.
24 il bundan öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. 1991-ci il oktyabr ayının 19-da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına göndərdiyi teleqramda deyilirdi: “Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası Ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıb­dır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.

Milli müstəqillik ideyasının reallaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyimizin təməli qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Siyasi iradə olmadan milli azadlıq hisləri özlüyündə heç bir nəticə verə bilməz. Konkret məqsədə hesablanmış belə bir fəaliyyət praktikası isə ötən əsrin 70-ci illərindən etibarən özünü göstərməyə başladı. Onun kökündə Azərbaycan naminə fəaliyyət, Azərbaycançılıq ideologiyası əsasında xalqın milli-mənəvi potensialının səfərbərliyə alınması, gələcək müstəqil dövlət üçün möhkəm iqtisadi bazanın yaradılması dayanırdı”.
Ümummilli liderimiz 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən tədbirləri taleyüklü tədbirlər adlandıraraq demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. 1969-1982-ci illərdə görülən işlər, tədbirlər ona görə taleyüklü xarakter daşıyırdı ki, onlar zamanı xeyli qabaqlayaraq ölkənin gələcəyini, müstəqil dövlətçilik dövrünü nəzərdə tuturdu. Bu mənada dövlət müstəqilliyimizin təməli, əslində, ötən əsrin 70-80-ci illərində qoyulmuşdu.
Müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyət kritik həddə çatdırılmışdı. Yanlış kadr siyasəti, daxili didişmələr, dünənki “çayxana elitası”nın bu gün mənsəb uğrunda güzəştsiz mübarizəsi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi sədaqət prinsipi müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsi Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən işğal edilməsinə səbəb olmuşdu. Hakimiyyətə zor və silah yolu ilə gəlmiş bir komanda özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə 1993-cü ildə ölkəni parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan əldə etdiyi deklarativ müstəqilliyi həqiqi müstəqilliyə çevirə, bu müstəqilliyi qoruyub inkişaf etdirə, nəhayət, bu müstəqillik idealları üzərində bütöv bir Azərbaycançılıq ideologiyasını ucalda biləcək bir liderə, xilaskara möhtac idi.
Həmin dövrdə ulu öndər Heydər Əliyevi milli dövlətçiliyimizin taleyi çox ciddi narahat edirdi. O, artıq Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli mübarizəyə başlamışdı. 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoymuş, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda tarixi qərarlar qəbul edilmiş, Azərbaycanın bu qədim diyarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa olunmuş, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdi.
O dövrdə Azərbaycana rəhbərlik edənlər dövlət müstəqilliyinin formal mahiyyəti ilə kifayətlənərək Sovet İttifaqının qorunub saxlanması üçün 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, möhtərəm Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina etmiş, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılmış, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilmişdi.
Ölkə Prezidenti cənab İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
Ötən əsrin əvvəllərində – müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkəmizə rəhbərlik edənlər Azərbaycanı çətin vəziyyətə salmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə – 1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış tarixin sosial sifarişi idi. Bu qayıdış xalqın istəyi ilə hasil oldu. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı uçuruma sürükləyən təhlükələri dəf etdi, insanların nigarançılıqla vuran qəlbinə bir inam və rahatlıq toxumu səpdi. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.
1991-ci ilin oktyabr tarixli müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana bu müstəqilliyi, sözün həqiqi mənasında, gətirmədi. Hüquqi akt hələ reallıq deyildi. Ona görə də Azərbaycanın həqiqi müstəqillik tarixi ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəldiyi tarixlə hesablanır.
Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ümummilli liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yenitipli iqtisadiyyatın nəzəri-konseptual inkişaf konsepsiyasını yaratmışdır. Ümummilli liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını təmin etmişdir. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlamışdır. Özəlləşdirmə proqramı uğurla həyata keçirilmiş, ümumdünya iqtisadi məkanına qətiyyətlə inte­qrasiya edən ölkəmiz xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmişdir. Ölkədə aqrar islahatlar aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirmişdir: bu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, Azərbaycançılıq və vətəndaş həmrəyliyi yoludur.
Dövlət idarəçiliyində belə bir konseptual xətt ulu öndərin xeyir-duası ilə böyük siyasətə qədəm qoyub 2003, 2008 və 2013-cü illərdə prezident seçkilərində iştirak edərək xalqın mütləq əksəriyyətinin səsini qazanıb Prezident seçilmiş cənab İlham Əliyevin fəaliyyətində də özünü qabarıq göstərir. Geridə qoyduğumuz illərin nəticələrinə nəzər saldıqda diqqəti cəlb edən əsas məqam ölkədə həyata keçirilən bütün işlərin, çoxcəhətli fəaliyyətin əsas məqsədinin, aparıcı leytmotivinin Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin möhkəmləndirilməsi faktıdır.
Cənab İlham Əliyevin ilk bəyanatı ondan ibarət olmuşdu ki, Azərbaycan indiyədək getdiyi yolu davam etdirəcək, Heydər Əliyev kursu dönmədən həyata keçiriləcəkdir. Heydər Əliyev siyasi kursu nə deməkdir? 1993-cü ildən başlayan bu kurs Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin başa çatdırılması, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın dinamik inkişafa xas olan iqtisadi bazasının yaradılması demək idi. Ölkədə siyasi plüralizm, demokratik və vətəndaş cəmiyyətinin bərqərar olması idi. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və beynəlxalq hüquq normaları ilə tənzimlənən sivil dünya siyasətinə inteqrasiya etməsi və bu məkanda özünə layiq yer tutması idi. Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edən və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının reallaşması idi.
Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı. Bu gün müstəqil Azərbaycanın səsi nüfuzlu beynəlxalq kürsülərdən gəlir, balanslaşdırılmış xarici siyasət real dividend­lərini verir, ölkə Avropanın enerji təhlükəsizliyi sistemində həlledici rola malikdir. İqtisadi qüdrətimiz respublikanı fəal sərmayəçi ölkəyə, regionda əsas söz sahibinə çevirmişdir.
Son 12 ildə həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət etmişdir. Bu gün ölkəmizdə hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən islahatlar uğurla davam etdirilir. Artıq Azərbaycan beynəlxalq aləmdə 155 ölkənin dəstəyini qazanan, BMT Təhlükəsizlik Şurasına üzv olan və ona rəhbərlik edən, Qoşulmama Hərəkatında 120 dövlətin dəstəyini alan, beynəlxalq tədbirlərin keçirildiyi, müstəqil siyasət yürüdən dövlətdir. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, bir milyondan artıq yeni iş yeri açılmış, iqtisadiyyat bir neçə dəfə artmış, yoxsulluq azalmış, büdcəmiz artmış, nəticədə, maaşlar, pensiyalar dəfələrlə qaldırılmış, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılmışdır.
Azərbaycan 24 ildir, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Əldə olunanlar dövlət müstəqilliyinin bəhrələridir.
Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorusun. Çünki müstəqilliyimiz bizim ən dəyərli milli sərvətimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil yaşasın”.

Muxtar respublikada böyük təntənə və ruh yüksəkliyi ilə dövlət müstəqilliyimizin bərpasının iyirmi dördüncü ildönümünün qeyd edildiyi bu günlərdə keçmiş tarixə nəzər salmaq hər bir vətəndaşın xeyrinədir. Keçmişdə qazandıqlarımızı itirməmək, onları daha da inkişaf etdirmək, gələcək nəsillərə təhvil vermək yalnız tarixi bilməklə, ondan ibrət almaqla mümkün olur. Tarix isə bizə onu deyir ki, Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqil dövlətçiliyi üçün mübarizəyə qalxmış, əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini elan etmiş, lakin təəssüf ki, onu yalnız 23 ay davam etdirə bilmişdir. Bundan yetmiş il sonra bir daha mübarizəyə qalxmış və itirdiyi müstəqilliyi 1991-ci ilin 18 oktyabrında bərpa etmişdir. Bu baxımdan bu gün biz Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin iyirmi dörd illiyini qeyd edərkən onu elan etməkdən daha çox, müstəqilliyi davam etdirən siyasi iradəni, bu siyasi iradənin sahibi olan ulu öndər Heydər Əliyevi və onun müstəqilliyə gedən uzun, çətin yolda səbir və mətanətini, siyasi təcrübəsini və ən başlıcası, müstəqillik üçün hazırladığı əlverişli şəraiti unutmamalıyıq. Unutmamalı və bunu bir siyasi məktəb kimi gələcək nəsillərə də təhvil verməliyik.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR