Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı dövlət müstəqilliyinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə təşkilatın sədr müavini İbrahim Hənifəzadənin geniş məruzəsi dinlənilmiş, məruzə ətrafında müzakirələrdə YAP rayon təşkilatının şura üzvü Ramin Şükürov, Maxta kənd tam orta məktəb ilk partiya təşkilatının sədri Musa Şirəliyev, partiya fəalı Natəvan Hüseynova və başqaları çıxış etmişlər.
Qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi barədə qəbul edilmiş Konstitusiya Aktı xalqımızın siyasi həyatında tarixi hadisə oldu. Bu sənədlə Azərbaycan 1918-ci ilin 28 mayında istiqlaliyyət qazanmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi və suveren dövlət kimi beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu dünyaya bəyan etdi.
Vurğulanmışdır ki, müstəqilliyin əldə edilməsi xalqımızın ən böyük sərvətidir və hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Lakin daxildəki çəkişmələr, ermənilərin 1988-ci ildən başladıqları və doxsanıncı illərin əvvəllərindən daha da genişləndirilən işğalçılıq siyasəti dövlətimizin varlığını və suverenliyini sual altına qoymuşdu. Məhz bu zaman xalqımız qarşılaşdığı fəlakətlərdən xilas, nicat yolunu ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə siyasi sabitlik yarandı, bütün sahələr üzrə quruculuq işlərinə başlandı. Ulu öndər ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizin əbədi və dönməz olması üçün zəmin yaratdı.
Qeyd olunmuşdur ki, əldə olunan uğurlu nəticələrə nəzər salarkən görürük ki, xalqımız 1993-cü ildə düzgün seçim etmişdir. Bu illər ərzində müstəqilliyimizin möhkəmlənməsi, xalqın rifah halının yaxşılaşması, ölkənin sosial-iqtisadi inkişafı üçün nə mümkündürsə edilmişdir və edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf sürətinə görə artıq neçə illərdir ki, dünyada yüksək yerlərdə qərar tutur. Qazanılan bu uğurların təməlində ulu öndər Heydər Əliyevin uzun müddətə hesablanmış siyasi-iqtisadi inkişaf proqramı, bu siyasətin ölkə başçısı tərəfindən ardıcıllıqla və yaradıcılıqla davam etdirilməsi dayanır. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan siyasi, sosial-iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanmışdır. Fəxrlə demək olar ki, artıq Azərbaycan dünya birliyində həm siyasi nüfuzuna, həm iqtisadi gücünə, həm də hərbi potensialına görə öncül yerlərdə dayanır.
Çıxışlarda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın inkişaf mərhələləri, aparılan məqsədyönlü islahatlar və qazanılan nailiyyətlər barədə də danışılmışdır. 20 il bundan əvvəl Naxçıvanda dinamik inkişaf dövrünün başlandığı diqqətə çatdırılaraq bildirilmişdir ki, həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmişdir. İqtisadiyyatın dinamik inkişafını şərtləndirən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Muxtar respublikamızın hər bir bölgəsini əhatə edən inkişaf Şərur rayonunun sosial-iqtisadi göstəricilərində də özünü göstərir. Ölkə Prezidentinin və Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində rayonda mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər tikilir, yeni istehsal və emal müəssisələri işə salınır, aqrar sahədə uğurlu nəticələrə nail olunur. Bu gün qürur duyuruq ki, ulu öndərin siyasəti sayəsində müstəqilliyi artıq sarsılmaz, dönməz və əbədi olmuş Azərbaycan Respublikasında yaşayır və qurub-yaradırıq.
Tədbirdə bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilmişdir.
Xəbərlər şöbəsi