Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Heydər Əliyev adına Hərbi Lisey tərəfindən kursantların vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə uyğun olaraq, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində kursantlara vətənpərvərlik mövzusunda “Diqqət, mən 301-əm” filmi nümayiş etdirilib.
Film milli qəhrəman Şirin Mirzəyevin həyatı və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, döyüş yoldaşları və ailə üzvlərinin onun haqqında söylədikləri xatirələrdən bəhs edib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Milli Ordunun qurucularından olan polkovnik-leytenant Şirin Mirzəyevin sərkərdəlik qabiliyyəti sayəsində Naxçıvanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər ermənilərdən azad edilmişdi. O, Ağdamın 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da müdafiəsinə rəhbərlik edib. 1992-ci il iyunun 18-də Sırxavənd istiqamətindəki döyüşlərdə şəhid olub.
Ceyhun Məmmədov