23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.
Sayca üçüncüsü təşkil edilən görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rahib Kərimov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva iştirakçılara ölkəmizin, eləcə də muxtar respublikanın turizm potensialı, tarixi abidələri, gəzməli və görməli yerləri haqda ətraflı məlumat verib.
Gülbuta Babayeva deyib ki, bu il 42-dən çox ölkənin, 275-ə yaxın şirkətin iştirakı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunub. Muxtar respublikanı turizm cəhətdən cəlbedici edən amillərdən biri də burada mövcud olan tarixi-mədəni abidələrdir. Bu abidələri görmək üçün hər il minlərlə turist muxtar respublikamıza üz tutur. Təbii ki, abidələrin qorunması, bərpası və təbliği sahəsində görülən işlər bu baxımdan əhəmiyyət daşıyır. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına uyğun olaraq, 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılıb. Naxçıvanı dünyada tanıdan bu abidələrin bərpası diqqət mərkəzində saxlanılıb, yüzlərlə tarixi-mədəni abidəyə yeni həyat verilib.

Şöbə müdiri bildirib ki, Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Turistlər həm də informasiya daşıyıcısıdırlar. Turist səfər etdiyi ölkənin təbiəti, şəfalı bulaqları, ləziz mətbəxi, tarixi və mədəniyyəti, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparır və təbliğ edir. Son illərdə muxtar respublikada digər sahələr kimi, turizmin inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. Ötən dövrdə ümumi turizm infra­strukturunun yaradılması, kənd, müalicə, ziyarət, tranzit və digər turizm növlərində əldə edilən nailiyyətlər gələcək turizm mövsümlərində daha böyük uğurlara imza atılmasına stimul verir.
Sonda görüş iştirakçılarına “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı verilib. Həmin gün tədbir iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR