Muxtar respublikada hər ötən ay növbəti dəfə bunun şahidi oluruq
Ümummilli lider Heydər Əliyevin inkişafa, yüksəlişə istiqamətlənmiş siyasəti bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Təsadüfi deyil ki, hər ötən ay biz muxtar respublikamızın hətta ən ucqar məntəqələrində də abadlıq, quruculuq işlərinin şahidi oluruq. Bütün bunlar 3 sentyabr 1991-ci ildən başlanan quruculuq xəttinin davamı, onun bəhrələridir. Bu mənada, 3 sentyabr 1991-ci il qədim diyarımız Naxçıvanın, o cümlədən ana vətənimiz Azərbaycanın tarixində, müstəqil, azad, qüdrətli ölkəmizin taleyində böyük əhəmiyyətə malik bir gün kimi bundan sonra yüzilliklərboyu xatırlanacaqdır.
Ötən ayın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ordenlərin, medalların və fəxri adların təqdimatında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən tarixi gün barədə demişdir: “3 sentyabr Azərbaycan tarixində əlamətdar gündür. 1991-ci il sentyabrın 3-də ulu öndərimizin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında əlamətdar hadisə oldu. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi təkcə Naxçıvanın deyil, ümumilikdə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Ali Məclisin sessiyalarında müzakirələr aparmış, mühüm qərarlar qəbul etmiş, ölkədə həyata keçirilən yanlış siyasətə qarşı etirazını bildirmişdir. Əgər 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsəydi, bu gün müstəqil Azərbaycan da olmayacaqdı. Bu tarix Azərbaycana dövlətçilik, inkişaf, birlik, sabitlik və əmin-amanlıq gətirdi”.
Məhz həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində ölkəmizdə ulu öndərin müəyyənləşdirdiyi yolun inkişaf etdirilməsində yaxından iştirak edən, sədaqət göstərən 38 nəfərin əməyi layiqincə qiymətləndirilmiş, “Şöhrət” və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin, “Tərəqqi”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət proqramına uyğun olaraq, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası nəqliyyatda işləyən avtobusların daha müasir avtobuslarla əvəz olunması diqqət mərkəzində saxlanılır, sərnişinlərə nümunəvi xidmət göstərilir. Muxtar respublikada aparılan quruculuq tədbirləri nəticəsində yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub. Yeni yolların çəkilməsi, müasir xidmət imkanlarına malik avtovağzalların tikilməsi, şəhərdaxili və kəndlərarası marşrutlarda iritutumlu və rahat avtobusların istifadəyə verilməsi xidmətin səviyyəsini yüksəldib. Hazırda muxtar respublikada 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Bu gün Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 140-a yaxın marşrutda əhaliyə ictimai nəqliyyat xidməti göstərilir.
Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, müasir Avtobus Parkı istifadəyə verilib. Naxçıvan şəhərində universitetlərin, kolleclərin, çoxsaylı tam orta məktəblərin yerləşməsi, sənaye müəssisələrinin fəaliyyət göstərməsi nəqliyyata yeni avtobusların əlavə edilməsini zərurətə çevirib. Son illər muxtar respublikaya xeyli sayda xarici turistlərin gəlməsi ilə birlikdə Naxçıvan şəhərində nəqliyyat xidmətindən istifadə edənlərin sayı 10 min nəfəri ötüb. Əhalinin gündən-günə artması ictimai nəqliyyat vasitələrinin yenilənməsini, buna paralel olaraq sayının artırılmasını zərurətə çevirib. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 7 ədəd yeni avtobusun verilməsi insanların iş yerlərinə, tələbə və şagirdlərin isə təhsil müəssisələrinə vaxtında çatdırılmasına çox böyük töhfə verir. Həmin avtobusların istifadəyə verilməsi ilə birlikdə 14 yeni iş yeri açılıb. Avtobuslardan 5-i “Kinq-Lonq”, 2-si isə “İsuzu” markalıdır.
Bütün bunlar muxtar respublikamızda insan amilinə verilən yüksək dəyərin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sentyabrın 4-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobusların təqdim olunması münasibətilə kollektivi və sürücüləri təbrik edərək bu barədə deyib: “Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Xüsusilə də insan amili ilə bağlı olan məsələlər daim diqqət mərkəzində saxlanılır. Son illər sərnişindaşımalar üzrə xidmətin səviyyəsinin yaxşılaşdırılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ölkə başçısının diqqət və qayğısı nəticəsində nəqliyyat infrastrukturunun yenilənməsi, yeni metro və qatar vaqonlarının, avtobusların və taksilərin alınması bu sahədə əhaliyə göstərilən xidmətin müasir tələblər səviyyəsində qurulmasına imkan vermişdir”.
Bu gün müasir dövrün mühüm çağırışlarından biri kimi muxtar respublikamızda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının artırılmasına xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası əhalinin keyfiyyətli məhsullarla təminatına şərait yaradıb. Son illər bu sahədə görülən işlər balıqçılıq təsərrüfatının inkişafı üçün də geniş imkanlar açıb. Sentyabrın 10-da Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni inzibati və təsərrüfat binalarının istifadəyə verilməsi bu sahənin inkişafına göstərilən diqqətin və qayğının daha bir ifadəsidir. Artıq təsərrüfatın fəaliyyətinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb.
Binadakı qapalı hovuzların hər birində 25 min olmaqla, il ərzində 1 milyon balıq yetişdirilməsi nəzərdə tutulur. Bu, daxili tələbatın tam ödənilməsi ilə birlikdə gələcəkdə ixrac imkanlarının da artırılmasına şərait yaradacaq. Əvvəllər balıq ovu və satışı istiqamətində fəaliyyət göstərən Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nda yaradılan şərait muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə də imkan verəcəkdir. Bu günədək muxtar respublikanın su hövzələrində balıq artırılması qonşu ölkələrdən alınan balıqlar hesabına həyata keçirilirdisə, artıq bundan sonra təsərrüfatda su hövzələrinin bioloji xüsusiyyətlərinə və əhali tələbatına uyğun balıq sortları yetişdiriləcəkdir.
Muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası ilbəil gücləndirilir, fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürən avtomobillər və səfərbərlik ehtiyatları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası özünün sosial-iqtisadi inkişafı ilə regional cazibə mərkəzinə çevrilib. Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə, sentyabrın 29-da isə Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. Hər iki görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafından söhbət açılıb, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Bu gün muxtar respublikamızda ulu öndər Heydər Əliyevin layiqli davamçıları digər sahələrlə yanaşı, təhsil strategiyasını da uğurla həyata keçirirlər. Uzaqgörənliklə görülən genişmiqyaslı işlər muxtar respublikamızın kadr potensialının daha da yüksək səviyyədə formalaşmasına hesablanıb. Son 20 ildə sürətli inkişaf yolu keçən Naxçıvanda təhsil sahəsinə də böyük qayğı göstərilib. Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır. Təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmayan, həmçinin ucqar dağ və sərhəd kəndlərini də əhatə edən, perspektivə hesablanmış yeni məktəb binalarının tikintisi, muxtar respublikamızdakı ali təhsil müəssisələri üçün yeni, ən müasir binaların inşa olunması təhsilin inkişafına, kadr potensialının formalaşmasına öz töhfəsini verir. Sentyabrın 15-də – Bilik Günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir.
Muxtar respublikamızda uğurla həyata keçirilən məqsədyönlü quruculuq tədbirləri nəticəsində şəhərlərimizdə və kəndlərimizdə yeni sosial obyektlər inşa olunur, xidmət sahələri yaradılır. Kənd yollarının yenidən qurulması, yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi əhalinin rahat yaşayışına səbəb olur. Sentyabrın 22-də Babək rayonunun Xal-xal kəndi də muxtar respublikamızın abad kəndlərinin sırasına qoşuldu, həmin gün burada yeni sosial obyektlər istifadəyə verildi.
Hər bir yaşayış məntəqəsinin abadlığını təsdiq edən əsas amillərdən biri də onun yollarının müasir və rahat olmasıdır. Bu gün muxtar respublikada şəhər, qəsəbə və kənd yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu işlər Babək rayonunda da uğurla həyata keçirilir. Sentyabrın 22-də Xal-xal kənd avtomobil yolunun açılışı olub.
Deyirlər ki, abad kənd yolundan bilinər. Bu gün həm də yol infrastrukturu yüksək səviyyədə yenidən qurulan Xal-xal kəndi başdan-başa abad yurda çevrilib. Vaxtilə kənddəki tam orta məktəb uyğunlaşdırılmış və şəraiti olmayan binada fəaliyyət göstərib. Bu gün isə Xal-xal kənd tam orta məktəbi ən müasir təhsil müəssisələrinin sırasına qoşulub.
Əvvəllər muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir tədris sistemi qurulacağını təsəvvür belə, edə bilməzdik. Bu gün isə bu, günümüzün reallığıdır. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün Xal-xal kənd tam orta məktəbinin kompüter sinfində 17 kompüter dəsti quraşdırılıb və internetə qoşulub. Burada informatika fənni nəzəri və praktik əsaslarla öyrədiləcəkdir. Bununla da, Xal-xal kəndi nəinki muxtar respublikamızın, hətta dünyanın ən müasir təhsil şəraiti olan kəndləri sırasına qoşulmuş oldu.
Bu gün Xal-xal kəndində insanların rahat yaşayışına xidmət edən ən müasir infrastruktur yaradılıb. Həqiqətən də, kənddə çəkilən yeni yol, tikilən məktəb binası, kənd və xidmət mərkəzləri, kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsi, poçt bölməsi, baytarlıq məntəqəsi və digər xidmət sahələri əhaliyə daha yaxşı xidmət göstərilməsinə, eləcə də onların rahat yaşayışına imkan verir. Kənd tamamilə qazlaşdırılıb, bütün mənzillər fasiləsiz elektrik enerjisi ilə təmin olunub, təsərrüfatların inkişafı və genişləndirilməsi üçün hərtərəfli şərait yaradılıb. Artıq bu gün Naxçıvan şəhərinin mərkəzində yerləşən bir binanın evində mövcud olan bütün şərait Xal-xal kəndinin istənilən evində mövcuddur. Bütün bunlar insanların yurda bağlılığını daha da artırır, hətta deyərdim ki, muxtar respublikada şəhərlərdən kəndlərə axını gücləndirir. Həqiqətən də, təmiz havası, səfalı təbiəti, hər cür şəraiti olan sakit bir məkandan kim ayrılmaq istəyər və ya kim belə bir gözəl məkanda yaşamaq istəməz?
Bu mənada, çox böyük uğurdur ki, bu gün muxtar respublikanın ən ucqar kəndlərində də müasir şərait yaradılır. Belə kəndlərdən biri də Culfa rayonundakı gözəl təbiətə malik ucqar dağ kəndlərindən olan Galdır. Uca zirvələrin əhatəsində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən bu kənddə geniş quruculuq işləri aparılıb, sentyabrın 30-da məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Ucqar dağ kəndində istifadəyə verilən möhtəşəm məktəb binasının müasir maddi-texniki bazası dərslərin mütərəqqi metodlar əsasında keçilməsinə imkan verir. Sevindirici haldır ki, bu gün hətta ucqar dağ kəndindəki orta məktəblərin şagirdləri 1990-cı illərin əvvəllərindəki kimi təməl qidamız olan çörək dərdi çəkmir, gözləri yoran çıraq işığında dərslərini hazırlamır, Naxçıvanın işğalı təhlükəsini düşünmür. Bugünkü uşaqlar və gənclər uçulmuş-dağılmış, rütubətli və qaranlıq təhsil ocaqlarında deyil, Gal kəndində olduğu kimi, gözəlliyi ilə gözoxşayan və hər cür şəraiti olan binalarda təhsil alırlar.
Naxçıvan Muxtar Respublikasında çox əhəmiyyətli bir təcrübə də kənd mərkəzləri layihəsi ilə bağlıdır. Muxtar respublikamızda müasir kənd modelinin əsas səciyyəvi xüsusiyyətlərindən biri olan kənd mərkəzləri vasitəsilə yaşayış məntəqələrində vahid idarəetmə sistemi formalaşdırılır. Sentyabrın 30-da Galda yeni kənd mərkəzinin istifadəyə verilməsi bu sistemin ucqar dağ kəndimizdə tətbiqinə şərait yaradıb. Bu isə kənd sakinlərinin rahatlığının təmininə xidmət edən növbəti mühüm bir addımdır.
Galda müasir avadanlıqlarla təchiz edilən feldşer-mama məntəqəsinin istifadəyə verilməsi kənd əhalisinin sağlamlığının qorunmasına dövlət qayğısının bariz nümunəsidir.
Bir çox insanın səfalı təbiəti ilə seçilən ucqar dağ kəndində yaşamağa üstünlük verməməsinin başlıca səbəbi burada zəruri məişət tələbatlarının ödənilməsində ciddi çətinliklərin olmasıdır. Budur, Galda bu problem artıq öz həllini tapıb. Əvvəllər kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarına olan tələbatlarını ödəmək üçün rayon mərkəzinə və digər kəndlərə üz tuturdular. Bu da vaxt itkisinə və əlavə xərcə səbəb olurdu. Lakin kənddə yeni xidmət mərkəzinin istifadəyə verilməsi ilə bu məsələ öz həllini tapıb.
Son 20 ildə muxtar respublikada abadlaşan digər kəndlərimiz kimi, Gal kəndində də heç vaxt müasir məktəb binası, kənd və xidmət mərkəzləri olmamışdı. Lakin bu il aparılan quruculuq işləri kəndin simasını dəyişib, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılıb, yeni iş yerləri açılıb. Yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi sakinlərin böyük sevincinə səbəb olub. Artıq dağların əhatəsində yerləşən bu kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq xeyli asanlaşıb. İnsanlar dövlətin yaratdığı imkanlardan istifadə edərək təsərrüfatlarını genişləndirir, gün-güzəranlarını yaxşılaşdırırlar. Bu şərait, göstərilən qayğı ulu öndər Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Ölkəmizdəki sabitliyin, dinamik inkişafın daha bir ifadəsidir.
Rauf Əliyev