Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbiri mədəniyyət və turizm naziri Natəvan Qədimova açmışdır.
Tədbirdə “Müstəqillik xalqımızın əldə etdiyi ən mühüm tarixi nailiyyətdir” mövzusunda məruzə edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirmişdir ki, hələ ölkəmizə birinci rəhbərliyi dövründə müstəqil dövlətin təməlini qoyan ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə bu müstəqilliyin əbədiliyini təmin etmişdir.
Bildirilmişdir ki, bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın.
Vurğulanmışdır ki, Azərbaycan artıq 24 ildir, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Muxtariyyətinin son 20 ilini öz tarixinə tərəqqi və dinamik inkişaf dövrü kimi yazan qədim Naxçıvan torpağı da dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə dəyərli töhfələr verməkdədir. Muxtar respublikada bütün sahələr üzrə analoqu olmayan uğurlar ona görə qazanılır ki, burada ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə davam etdirilir. Artıq ümummilli liderimiz tərəfindən müstəqilliyin əsaslarının işlənib hazırlandığı bu torpaq müstəqilliyin bəxş etdiyi inkişaf yolunda inamla irəliləyir.
Tədbirdə “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı videoçarx və “Nuhun yurdu Naxçıvan” filmi nümayiş etdirilmişdir.
Xəbərlər şöbəsi