Məşğələni giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, azadlıq, müstəqillik xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir.
Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da mürəkkəb və çətin məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi ulu öndər Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyevin “Ümummili lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, xalqımız daim öz müstəqilliyini və suverenliyini təmin etməyə çalışıb, tarixin müəyyən dövrlərində buna nail olaraq zəngin dövlətçilik ənənələri yaradıb.
Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, birincisi, xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin; ikincisi, xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Azərbaycan xalqının bəxti onda gətirib ki, müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını həyata keçirib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan məruzəçi bildirib ki, məhz ümummilli liderimizin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, əbədi xarakter alıb, ölkəmiz bugünkü inkişafa, tərəqqiyə qovuşub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi