23 Dekabr 2024, Bazar ertəsi

Rayon prokurorluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə rayon prokuroru, I dərəcəli hüquqşünas Tural İbrahimov “Vətəndaşların seçki hüquqları və bu hüquqların pozulmasına görə məsuliyyət” mövzusunda məruzə etmişdir.
Bildirilmişdir ki, vətəndaşların seçki hüquqlarının qanunvericilik bazasının əsası Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyada göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Vətəndaşlar ölkənin idarə olunmasında, ilk növbədə, seçkilər vasitəsilə iştirak edirlər. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan fəaliyyət qabiliyyətli vətəndaşların hamısı seçki hüququna malikdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 3-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək hüququ vardır. Vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edirlər. Səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. Vətəndaşlar seçkilərdə namizədin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Vurğulanmışdır ki, vətəndaşların seçki hüquqlarının pozulması mülki, inzibati və cinayət məsuliyyəti yaradır. Hər bir vətəndaşın pozulmuş hüquqlarının müdafiəsi üçün respublikamızda mükəmməl qanunvericilik bazası vardır. Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Vətəndaşların pozulmuş hüquqlarının məhkəmə müdafiəsi üçün də mükəmməl qanunvericilik bazası mövcuddur.
Tədbirdə rayon prokurorunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas Arif Quliyevin “Təbii qazın, istilik və elektrik enerjisinin talanması cinayətdir” mövzusunda məruzəsi dinlənilmişdir.
Arif Quliyev təbii qazın, elektrik və istilik enerjisinin talanması, təbii qazdan, istilik və elektrik enerjisindən qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR