23 Dekabr 2024, Bazar ertəsi

 Bu kənddə də kompleks quruculuq işləri aparılıb

Yurdumuza qızılı payızın yenicə qədəm qoyduğu günlərin birində yolumuzu Culfa rayonunun Gal kəndinə saldıq. Yaşıllıqlar qoynunda yerləşsə də, payızın nəfəsi  duyulan bu yaşayış məntəqəsi Culfa rayonundan 35 kilometrlik bir məsafədə yerləşir. Kəndə gedən yol Dizə kəndindən keçir. Naxçıvan-Ordubad magistralının Culfa rayonunun Yaycı kəndi ərazisindən ayrılan bu yolda yenidənqurma işləri aparıldığının şahidi olduq. Yol yatağı genişləndirilir, hamarlama işləri görülür. Yol inşaatçıları gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər. Dağlar qoynunda yerləşən Şurud kəndinə qədər bu iş sürətlə davam etdirilir. Gal Şurud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan bir yaşayış məntəqəsidir. 

Məlumat üçün bildirək ki, bu kənddə 47 təsərrüfatda 135 sakin yaşayır. Kəndin girəcəyində gözəl bir mənzərə ilə rastlaşırıq. Sıra ilə düzülmüş kənd tam orta məktəbinin binası, kənd və xidmət mərkəzləri bu yaşayış məntəqəsinə xüsusi yaraşıq verməklə Galı muxtar respublikanın müasir kəndlərindən birinə çevirib. Həmin obyektlər sen­tyabr ayının 30-da istifadəyə verilib. Gal kəndinin sakinləri o günün sevincini yaşayırlar. Kənd sakini Növhəl Məmmədov deyir ki, elə ki payız gəldi, yağışlar başladı, demək olar ki, mövcud yollardan istifadə etmək, rayon mərkəzinə, Naxçıvan şəhərinə getmək, problemlərimizi həll etmək, ev üçün nə isə almaq müşkül məsələyə dönürdü. İndi yollarımızda yenidənqurma işlərinin aparıldığını görəndə xeyli sevinirik. Kənddaxili yol abadlaşdırılıb, Dizə kəndindən başlayaraq 14 kilometr məsafəyə çınqıl örtük verilib, sel­ötürücü və su keçidləri tikilib, kənd daxilində 300 metrlik beton kanal çəkilib. Elektrik, rabitə, su və təbii qaz təchizatı da yaxşılaşdırılıb, yeni elektrik, rabitə, fiber-optik kabel xətti çəkilib, mövcud artezian quyusunda və “Anabat” kəhrizində təmir-bərpa işləri aparılıb.

Digər bir kənd sakini Novruzəli Quliyev söhbətə qoşulur:
– Gördüyünüz bu yeniliklər bir neçə ay çəkilən zəhmətin bəhrəsidir. Deməli, insanların rahat yaşamasını təmin etmək üçün qayğı göstərilərsə, yaşanan çətinlikləri aradan qaldırmaq mümkün olar. Gal Şurud kənd inzibati ərazi dairəsinin tərkibindədir. Yanvar ayında Şurudda kənd mərkəzi istifadəyə verilib, sentyabr ayında isə Galda. Bu, o deməkdir ki, bundan sonra heç bir Gal sakini hansısa bir sənəd almaq, kitabxanadan istifadə etmək və ya digər məsələni həll etmək üçün vaxt itirib Şuruda üz tutmayacaq.
Yolumuzu kənd mərkəzindən salırıq. İki mərtəbədən ibarət olan bu yeni binada bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün iş otaqları ayrılıb. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub və iclas zalı ən müasir tələblər səviyyəsindədir. Rabitə evində 384 yerlik yeni ATS quraşdırılıb. Poçt bölməsinin fəaliyyəti də diqqət­çəkicidir.
Neçə illərdir ki, muxtar respublikada həyata keçirilən sosial tədbirlərin əsasını təşkil edən sahələrdən biri əhalinin sağlamlığının qorunmasıdır. Bu məqsədlə hər il ayrı-ayrı yaşayış məntəqələrində səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Bu da insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Gal kəndinə də bu qayğıdan pay düşüb. Yaşayış məntəqəsində müasir avadanlıqlarla təchiz edilən feldşer-mama məntəqəsinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Kənd sakini Sərvinaz Əliyevanı daha çox sevindirən də bu məntəqənin istifadəyə verilməsidir:
– Sağlamlıq şirin nemətdir. Odur ki, hər bir insan sağlam yaşamaq istəyir. Bu məntəqə də bizim sağlamlığımızı qorumaq üçün tikilib. Dövlətimizə minnətdarıq ki, kənd sakinlərinə belə qayğı göstərir.
Həmin gün kənddə istifadəyə verilən kənd tam orta məktəbinin binası 3 mərtəbəli olmaqla, 96 şagird yerlikdir.
Məktəb binasında tədris, idarəetmə, sinifdənxaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün nümunəvi şərait yaradılıb. Binada 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb. Kompüter sinfində şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün lazımi imkanlar yaradılıb, kompüterlər internetə qoşulub. Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə təchiz olunub.
Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılıb. İdman zalında mini-futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün şərait yaradılıb. Məktəbin müəllimləri ilə söhbət zamanı muxtar respublikada ucqar dağ və sərhəd kənd­lərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən geniş danışıldı. Şamama Məmmədova bildirdi ki, 2015-2016-cı tədris ilinədək məktəb ümumi orta təhsil ocağı kimi fəaliyyət göstərib. Cari ildən təhsil ocağının tam orta məktəbə çevrilməsi, yeni məktəb binasının istifadəmizə verilməsi mövcud problemlərimizi aradan qaldırıb. Daha şagirdlərimiz IX sinfi bitirdikdən sonra başqa kəndlərdəki məktəblərə üz tutmayacaq, orta təhsillərini burada başa vuracaqlar.
Elmar Quliyev Gal məktəbi üçün yeni binanın istifadəyə verilməsini onların məsuliyyət hissini daha da artırdığını bildirdi və belə qayğı üçün pedaqoji kollektiv və kənd camaatı adından minnətdarlığını ifadə etdi.
Məktəbin direktoru Təranə Nəsirova bildirdi ki, təhsil müəssisəsinin pedaqoji kollektivi öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun verdiyi tövsiyələr əsasında qurub. Açılış mərasimində Ali Məclisin Sədri deyib: “Ölkənin gələcəyini bilmək üçün onun gənc­liyinə nəzər salmaq lazımdır. Gələcəyin təminatçıları olan gənc nəsil isə məktəblərdə yetişir. Ona görə də hər bir təhsil ocağında, ailədə gənc­lərin hərtərəfli hazırlanması diqqət mərkəzində saxlanılmalı, bu məqsədlə ardıcıl tədbirlər görülməlidir... Təhsil sahəsində yaradılan şərait müəllim və şagirdlərin üzərinə mühüm vəzifələr qoyur. Şagirdlər yaxşı təhsil almalı, gələcəkdə xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar. Müəllimlər isə gənclərə yaxşı təhsil verməklə yanaşı, həm də onları vətənpərvər böyütməlidirlər. Məktəbdə dərs prosesi müasir tədrisin tələbləri səviyyəsində qurulmalı, müəllim-şagird münasibətlərində fərdi yanaşmaya üstünlük verilməli, hər bir gəncin marağına və bacarığına uyğun peşə seçiminə köməklik göstərilməlidir. Gal kənd tam orta məktəbində bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Qarşıda duran əsas vəzifə bu şəraitdən düzgün istifadə etməkdən ibarətdir”.
Məqsəd aydındır. Ona nail olmaq üçün fəaliyyət istiqaməti dəqiqliyi ilə müəyyənləşdirilib, yüksək səviyyədə şərait təmin olunub, kadr potensialı səfərbər edilib. Bütün bunlar isə kollektivə göstərilən etimadı doğrultmağa böyük əminlik hisləri yaradır.
Kənd yaşayış məntəqələrində yaşayan sakinlərin zəruri məişət tələbatlarının yerində ödənilməsi məqsədilə muxtar respublikanın kənd­lərində istifadəyə verilən xidmət mərkəzlərinin sayı ilbəil artmaqdadır. Gal kəndi də belə yaşayış məntəqələri sırasına daxil olub.
Əvvəllər kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarına olan tələbatlarını ödəmək üçün rayon mərkəzinə və digər kəndlərə üz tuturdular. Bu da vaxt itkisinə və əlavə xərcə səbəb olurdu. Lakin yeni xidmət mərkəzinin istifadəyə verilməsi ilə bu problem öz həllini tapıb. Mərkəzdə ərzaq-sənaye malları mağazası və bərbərxana fəaliyyətə başlayıb.
Gal kəndinin sakinləri hələ də yeni obyektlərin açılış mərasiminin sevincini yaşayırlar. Son 20 ildə belə sevinc muxtar respublikanın çox kəndlərində yaşanıb. Və bundan sonra da yaşanacaq. Bu, muxtar respublikada insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına verilən böyük önəm, doğma diyarın sabahına cavabdehlik hissidir.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR