23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasətinin davamına səs verdi

Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadimi bu gün dünyada söz sahibi olan müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı və ölkəmizin davamlı inkişafının müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edən, ölkəmizi lider dövlətlər sırasına çıxaran və dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirmişdir.
2003-cü ildə xalqına ünvanladığı müraciətində “...Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”, – deyən ümummilli liderimiz bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi İlham Əliyev barədə demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Cənab İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündən – 15 oktyabr 2003-cü ildən bu günə qədər ötən 12 il göstərdi ki, Azərbaycan dövlətçiliyini möhkəmləndirmək, respublikamızı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün müəyyən edilmiş müdrik siyasi xətt uğurla davam etdirilir. Əgər Azərbaycanın inkişaf strategiyasının hazır­lanaraq həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ali hakimiyyətə qayıdışından sonra mümkün olmuşdusa, bu siyasi xəttin dəyişən dünyanın tələblərinə uyğunlaşdırılması 2003-cü ilin 15 oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi nəticəsində mümkün olmuşdur. 2003-cü ilin 15 oktyabr seçkiləri bir daha təsdiqlədi ki, xalqımız ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqdir. Çünki bu kurs ölkəyə və onun vətəndaşlarına xidmət yolunu özündə əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Danılmaz faktdır ki, xalq həmişə düzgün seçim etməyə maraqlıdır. Cənab İlham Əliyev isə bu seçimin doğru seçim olduğunu öz fəaliyyəti ilə təsdiq etməklə Vətənə və xalqa ləyaqətlə xidmət etməyin real nümunəsini yaradır. Onun Prezident kimi fəaliyyətinin ötən 12 ili genişmiqyaslı uğurlarla, bütün sahələr üzrə qazanılan nailiyyətlərlə əlamətdar olmuşdur.
Ölkə Prezidentinin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətin kökündə “real iş görmək” prinsipi dayanır. Bütün ölkəni əhatə edən tikinti və quruculuq işlərinin aparılması, yollar və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi, qitələri birləşdirən dəmir yollarının, transmilli neft və qaz kəmərlərinin çəkilməsi, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi cənab İlham Əliyevin səmərəli fəaliyyətinin yalnız görünən tərəfidir. Ölkə rəhbərinin yeritdiyi siyasi kursda iqtisadi inkişaf, sadəcə, məqsəd deyil, həm də vasitədir. Dövlət müstəqilliyinin qorunması, Azərbaycanın dünyada lider ölkəyə çevrilməsi yolunda vasitə!
Azərbaycan Respublikası özünün karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün neft və qaz boru kəmərləri mar­şrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə üstünlük verir. İlk dəfə bu təşəbbüslə xalqımızın ümummilli lideri Heydər Əliyev çıxış etmişdir. Xatırladaq ki, “Əsrin müqaviləsi” imzalanan zaman ulu öndər Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün şimal və qərb istiqamətləri ilə yanaşı, əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də inşasının zəruriliyini bəyan etmişdi. Zaman bu uzaqgörən ideyanın həqiqiliyini sübut etmiş və Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı Azərbaycanda uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin neft-qaz ehtiyatlarının dünya bazarına ixracı üçün şaxələndirilmiş boru kəməri sisteminin yaradılmasına xüsusi önəm verir. Hazırda Azərbaycan təbii qazını dörd istiqamətdə ixrac etmək imkanına malikdir. Artıq reallaşdırılan TANAP və TAP layihələri buna bariz nümunədir.
XX əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirib müstəqil dövlətə çevirmiş, 1993-2003-cü illərdə isə müstəqilliyimizi əbədi edərək dövlətçiliyimizin bünövrəsini yaratmış, ölkəmizin davamlı inkişafının əsasını qoymuşdur. Bu gün davam etdirilən yol həmin yoldur, böyük inkişafı hədəfləyən strateji məqsəd həmin məqsəddir. Ulu öndəri­mizin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idisə, cənab İlham Əliyevin amalı əldə edilmiş müstəqilliyi qorumaq və möhkəmləndirməkdir. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirləri xalqımız dəstəkləyir və proseslərdə fəal iştirak etməyi, tikilənləri, yaradılanları qoruyub saxlamağı özünün vətəndaşlıq borcu sayır.
Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiqli yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir”.
Burada biz müstəqillik anlayışının yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirildiyini görürük. Azərbaycanda ümummilli liderimizin bizə ən böyük əmanəti olan dövlət müstəqilliyi nəinki qorunub saxlanılmışdır, o daha da gücləndirilmişdir. “Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun”, – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin əsas qayəsi ölkəmizin heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparması, hər bir sahədə xalqın mənafeyinin və milli maraqlarının əsas götürülməsidir.
Beynəlxalq münasibətlər sisteminin aparıcı subyektlərindən biri kimi uğurlu xarici siyasət həyata keçirən Azərbaycan Respublikası güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoniyasını təmin etməklə dünya birliyində böyük nüfuz qazanmışdır. Bu gün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq ölkə­mizin qarşısında geniş üfüqlər açır.
İstənilən halda ölkənin qazandığı nailiyyətlər onun iqtisadi inkişafında özünü daha qabarıq şəkildə büruzə verir. Arxada qalan 12 ilin iqtisadi statistikası göstərir ki, bu dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf xətti dönməz xarakter almış, eyni zamanda bu xətt artan iqtisadi imkanlara uyğun olaraq inkişaf etdirilmişdir. Bununla da, Azərbaycan dövləti dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına nail olmuşdur. Dünya ölkələrini bürüyən iqtisadi və maliyyə böhranı bunu bir daha sübut etdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam edir, bütün sosial məsələlər öz həllini tapır, valyuta ehtiyatlarımız daha da çoxalır.
Ölkədə bütün sahələrin dinamik inkişafının davamlı xarakter daşıması üçün, ilk növbədə, təhsilli, savadlı, dünyagörüşlü kadrların yetişdirilməsi əsas şərtlərdəndir. Təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, yeni məktəb binalarının tikilməsi, təhsil ocaqlarının pulsuz dərsliklərlə təmin edilməsi ölkə rəhbərinin bu vacib sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Son 12 ildə ölkəmizdə yüzlərlə məktəb binalarının tikilməsi təhsil sistemində ən uğurlu islahat kimi tarixə düşmüşdür. Məktəb binaları ən müasir avadanlıqlarla, informasiya texnologiyaları ilə zənginləşdirilir, şagirdlər pulsuz dərsliklərlə təmin olunur, müəllim əməyi yüksək qiymətləndirilir, onların əməkhaqları artırılır.
Ən qiymətli kapital olan insanların sağlamlığının qorunmasına da dövlət başçısı xüsusi önəm verir. İndi nəinki şəhərlərdə, rayon mərkəzlərində, ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən səhiyyə müəssisələri istifadəyə verilir.
Bu gün dövlət başçısı ordu quruculuğuna xüsusi diqqət yetirir. Azərbaycan Ordusunun qüdrəti ilbəil artır, ölkəmizin müdafiə potensialı gücləndirilir. Torpaqlarımızı etibarlı qoruyan, düşmənə hər an layiqli cavab vermək gücündə olan milli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında xalqın güvənc yerinə çevrilmişdir.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə maaşlar və pensiyalar orta hesabla 6 dəfədən çox artırılmışdır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə, işsizlik tüğyan edərkən, Azərbaycanda 1 milyondan artıq yeni iş yeri açılmışdır. Büdcə xərcləri, hərbi xərclər, valyuta ehtiyatları dəfələrlə artmışdır. Bir sözlə, ölkəmizin uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülmüşdür. Oktyabrın 12-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı demişdir: “Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib – Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək”.
Azərbaycanın sürətli inkişafı, onun tam təhlükəsiz regiona çevrilməsi respublikamızı beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi ölkəyə çevirmişdir. Hər il keçirilən humanitar forumlara, beynəlxalq sərgilərə artan maraq, bu il Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi ölkəmizin, ən əsası isə dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq nüfuzundan xəbər verir.
Ölkəmizdə regionların tarazlı inkişafı da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üzrə hərtərəfli əsaslandırılmış inkişaf proqramı olmasın. Qəbul olunmuş pro­qramların mühüm elementlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Hələ hakimiyyətinin ilk illərindən bölgələrin inkişafı olmadan Azərbaycanın inkişafının mümkün olmadığını bildirən dövlətimizin rəhbəri tövsiyə etmişdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, hər bir rayon mərkəzi müasir standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri aparılmalı, yol­lar, körpülər salınmalı, sosial obyektlər tikilməli, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş verməlidir”.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Naxçıvan Muxtar Respublikasının timsalında əyani şəkildə özünü göstərməkdədir. Bu gün Naxçıvan öz inkişafının yeni mərhələsini yaşayır. Blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük quruculuq pro­qramları gerçəkləşdirilir. Bu gün Naxçıvanda hansı sahəyə baxsaq, orada geniş islahatların aparıldığının şahidi olarıq. Naxçıvanın inkişafa qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisi, yurd sahibliyinin misilsiz nümunəsidir. Muxtar respublikada bütün sahələr üzrə analoqu olmayan uğurlar ona görə qazanılır ki, burada ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə davam etdirilir.
Dövlət başçısı muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirmiş və bunun səbəblərini belə açıqlamışdır: “Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkan­lar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”.
Azərbaycanın ötən 12 illik inkişaf və tərəqqi yolunu qısaca olaraq belə xarakterizə etmək mümkündür: Ulu öndər Heydər Əliyevin siyasi kursu etibarlı əllərdədir və ölkə başçısı cənab İlham Əliyev bu kursu uğurla davam etdirir, ölkəmizi inam və qətiyyətlə gələcəyə aparır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR