Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq üzərində mülkiyyət hüququ ilə bağlı keçirilən hüquqi maarifləndirmə tədbirini Naxçıvan Şəhər Prokurorluğu təşkil etmişdi.
Qaraçuq Kənd Mərkəzində keçirilən və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açmışdır.
Naxçıvan şəhər prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Ramin Tağıyev çıxış edərək bildirmişdir ki, respublikamızda torpaq islahatlarının aparılmasının hüquqi əsasları və qaydaları 16 iyul 1996-cı il tarixdə qəbul olunan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin qanunda göstərilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarilə xalqımızın maddi rifahını yüksəltməkdən ibarətdir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Turqay Həşimli vurğulamışdır ki, torpaq sahələrində bəzi tikintilərin aparılması qanunvericiliklə qadağan olunur. İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilirlər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov yekun vurmuşdur.
Xəbərlər şöbəsi