23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Oktyabrın 12-də keçirilən mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı təmin edən müasir və güclü ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazır­lığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, baş ədliyyə müşaviri Elnur İsmayılov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Zaman Qasımov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Ramin Kazımov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclər hərbi xidmətə yola salınıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR