Naxçıvanda dövlət torpaq idarəçiliyinin yaradılmasının 95 illiyi qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri Müslüm Cabbarzadə bildirmişdir ki, 95 il əvvəl, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə İnqilab Komitəsinin nəzdində ilk Torpaq Şöbəsi yaradılmışdır. 1924-cü il yanvarın 18-də Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Torpaq Komissarlığı fəaliyyətə başlamışdır. 1946-cı il mayın 28-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Xalq Torpaq Komissarlığı Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış və Kənd Təsərrüfatı Nazirliyinin Torpaq Şöbəsi yaradılmışdır.
Müslüm Cabbarzadə qeyd etmişdir ki, 1991-ci ildə ölkəmizin müstəqillik əldə etməsindən sonra qarşıda duran həllivacib məsələlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, torpaq islahatlarının aparılması idi. Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən torpaq islahatının əsası 1992-ci ildə, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə Culfa rayonunun Şurud və Gal kəndlərində torpaq islahatı keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, aqrar islahatların aparılmasını həyata keçirmək, eləcə də dövlət torpaq idarəçiliyini yenidən qurmaq və gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 sentyabr 1992-ci il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi yaradılmışdır. Komitə yaradıldıqdan dərhal sonra onun muxtar respublikanın rayonlarında, sonra isə Naxçıvan şəhərində şöbələri təşkil edilmişdir. Aqrar islahatlar muxtar respublikamızda uğurla həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi Aqrar İslahat Komissiyası ilə birgə muxtar respublika ərazisində genişmiqyaslı aqrar islahatların həyata keçirilməsində mühüm rol oynamışdır. Belə ki, muxtar respublika üzrə 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatı aparılmış, 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Ümumilikdə, muxtar respublikada 70 min 598 ailə aqrar islahatlardan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrilmişdir ki, bu da muxtar respublika əhalisinin ərzaq və digər zəruri kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəlməsinə gətirib çıxarmışdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 may 2001-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adlandırılmışdır. 2002-ci il fevralın 5-dən isə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Naxçıvan filialı müstəqil Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutuna çevrilərək Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyinə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 31 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək onun əsas funksiyaları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir.
Qeyd olunmuşdur ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılmış, 27 may 2015-ci tarixli Fərmanla komitənin Əsasnaməsi təsdiq edilmişdir.
“Muxtar respublikamızda vətəndaşların əmlak və torpaq hüquqlarının tənzimlənməsinə də hərtərəfli dövlət qayğısı göstərilir. Yeni yaradılmış Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində hazırda görülən işlər isə bu qayğının daha bir nümunəsini əks etdirir”, – deyən Müslüm Cabbarzadə bildirmişdir ki, hazırda komitənin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılır.
Vurğulanmışdır ki, muxtar respublikada dövlət torpaq idarəçiliyinin inkişafı istiqamətində həyata keçirilən işlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin bir hissəsidir.
Sonra Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi aparatının Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Nəcəfalı Nəcəfalıyevin, komitənin Sədərək Rayon İdarəsinin müdiri Hüsaməddin Həsənovun, komitə aparatının İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin aparıcı məsləhətçisi Mətləb Hüseynlinin çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və mükafatlar təqdim edilmişdir.
Sonda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tarixi və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Xəbərlər şöbəsi