Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib. Nazirliyin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin akt zalında davam etdirilən tədbiri maliyyə naziri Xalid İsgəndərov açaraq bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib, Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin 18 yanvar 1924-cü il tarixli qərarı ilə Xalq Maliyyə Komissarlığına çevrilib. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli Fərmanı ilə Naxçıvan MSSR Maliyyə Komissarlığı Naxçıvan MSSR Maliyyə Nazirliyi adlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 1998-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin bazasında Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyi yaradılıb. Bu nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə çevrilib.
Qeyd olunub ki, son illərdə bu qurum da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, 2007-ci ilin avqust ayında Naxçıvan şəhərində müasir standartlara uyğun zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət yeni bina inşa edilərək nazirliyin mərkəzi aparatının istifadəsinə verilib, əməkdaşların normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Eyni zamanda nazirliyin Kəngərli, Culfa, Şahbuz, Sədərək və Babək rayon şöbələri üçün yeni inzibati binalar tikilib. Ordubad Rayon Maliyyə Şöbəsi isə daha yaxşı iş şəraiti olan inzibati binaya köçürülüb.
Vurğulanıb ki, muxtar respublikada müasir texnologiyaların tətbiqi ilə bağlı nailiyyətlərdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi də bəhrələnib. Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığından Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə daxil olan xəzinələrarası köçürmə sərəncamları elektron şəkildə daxil olmaqdadır. Sənəd dövriyyəsini sürətləndirmək, vaxt itkisini minimum həddə endirmək, sənədlərin təhlükəsizliyini təmin etmək və arxivini yaratmaq məqsədilə 2013-cü ildə daxili elektron poçt sistemi yaradılıb. Muxtar respublikanın idarə və təşkilatlarında maliyyə fəaliyyətinə nəzarətin operativliyini təmin etmək məqsədilə hesabat.nakhchivan.az domen ünvanlı operativ nəzarət portalı yaradılıb, portalda muxtar respublikanın bütün dövlət müəssisələrini əhatə edən elektron poçt sistemi istifadəyə verilib. Bundan əlavə, 4 oktyabr 2013-cü ildə muxtar respublikadakı dövlət müəssisələrində çalışan işçilərin əmək məzuniyyətlərinə operativ nəzarət etmək və məzuniyyətlə bağlı vahid informasiya bazasının yaradılması məqsədilə nazirlikdə əmək məzuniyyəti sistemi yaradılıb. Həmin il dekabrın 20-də tariflər haqqında məlumat sistemi də istifadəyə verilib ki, bu da, öz növbəsində, ştat cədvəlləri və tariflərin düzgün işlənməsinə və kənarlaşmalara yol verilməməsinə, dövlət müəssisələrində çalışan işçilərin tarif dərəcələri və vəzifə maaşlarına nazirliyin müvafiq şöbələri tərəfindən operativ nəzarətin həyata keçirilməsini təmin edir.
Xalid İsgəndərov kollektivin bundan sonra da yaradılmış şəraitdən düzgün istifadə edəcəyini və onlara göstərilən qayğıya əməli işlə cavab verəcəyini bildirib.
Nazirliyin bir qrup əməkdaşı mükafatlandırılıb.
Tədbirdən sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil olunmuş “Muxtar respublika qadınları müstəqillik illərində” adlı sərgiyə baxıblar.
* * *
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaranmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Nazirliyin inzibati binasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək bildirib ki, 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvan təhsili uzun tarixi bir inkişaf yolu keçib. Naxçıvanda maarif və təhsil hələ qədim dövrlərdən inkişaf edib. XIX əsrin sonlarında Naxçıvanda üsuli-cədid məktəbləri yaradılıb. XX əsrin əvvəllərində maarif şəbəkəsi genişlənib, diyarın şəhər və kəndlərində müxtəlifsəviyyəli dünyəvi məktəblər açılıb. 1920-ci ilədək Naxçıvanda, təqribən, 2000 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 45 məktəb fəaliyyət göstərirdi. Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarına əsasən, Naxçıvanda həmin məktəbləri özündə birləşdirən ilk Təhsil Şöbəsi yaradılıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə milli təhsilin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 1969-82-ci illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bütün sahələrlə yanaşı, təhsilin inkişafı xalqımızın böyük oğlunun diqqətində idi.
Piri Nağıyev bildirib ki, təhsilin inkişafını ölkəmizin, xalqımızın gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strategiya muxtar respublikamızda uğurla davam etdirilməkdədir. Muxtar respublikamızda təhsilin maddi-texniki bazasının gücləndirilməsi, müasir məktəb binalarının inşa edilməsi, mövcud təhsil ocaqlarının yenidən qurulması, yaxud əsaslı təmir olunması regionda təhsilin inkişafına müsbət təsirini göstərməkdədir.
Muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində həm kəmiyyət, həm də keyfiyyət baxımından nailiyyətlər əldə olunub. 1995-2015-ci illər ərzində ümumtəhsil məktəblərinin ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri bunun əyani sübutudur. Belə ki, 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş 3512 məzundan 1301 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd verib və onlardan 401 nəfəri respublikamızın müxtəlif ali təhsil ocaqlarına daxil olub. 2014-2015-ci tədris ilində isə ümumtəhsil məktəblərini 3331 məzun bitirib, onlardan 2638 nəfəri, məktəbi bitirənlərin 79,2 faizi ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1582 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da sənəd verənlərin 60 faizini təşkil edir. Ali məktəblərə qəbul olunanlardan 313 nəfəri 500-700 intervalında bal toplayıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici 1995-1996-cı tədris ilində 5 nəfər olub.
Son 20 ildə ümumtəhsil məktəblərini 89305 məzun bitirib, onlardan 52165 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd verib, 21162 nəfəri tələbə adını qazanıb. Bunlardan 2945 nəfəri 500-700 intervalında bal toplayıb.
Tədbirdə Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Babək rayon Qoşadizə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəmsiyyə Əsgərova çıxış edərək muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan danışıblar. Çıxışlarda qeyd olunub ki, təhsil sistemimizin dünya təhsilinə inteqrasiyası və qazanılmış təcrübənin müasir dövrlə əlaqələndirilməsi yolu ilə muxtar respublikamızda geniş dünyagörüşə, aydın təfəkkürə, sağlam düşüncəyə malik vətənpərvər gənclərin yetişdirilməsi biz təhsil işçilərinə etibar edilib. Bu etibarı doğrultmaq, muxtar respublika rəhbərinin təhsil işçilərinin qarşısına qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmək üçün daha da mütəşəkkil işləməyə, bilik və bacarığımızı daim artırmağa və səmərəli tətbiq etməyə borcluyuq.
Sonda muxtar respublikamızın bir qrup qabaqcıl təhsil işçisinə Təhsil Nazirliyinin fəxri fərmanı verilib.
* * *
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də yaradılmasının 95 illik yubileyi qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə tər gül dəstələri düzüblər, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə nazir Cavid Səfərov məruzə edərək bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarına əsasən, sakinlərin sosial müdafiəsini təşkil etmək məqsədilə İnqilab Komitəsinin nəzdində Sosial Təminat Şöbəsi yaradılıb. Tarixin sonrakı inkişaf mərhələlərində Naxçıvanda idarəetmə quruluşunun dəyişməsinə müvafiq olaraq Naxçıvan SSR Xalq Komissarları Sovetinin 4 dekabr 1921-ci il tarixli qərarı ilə yaranmış Əmək və Əhalinin Sosial Təminatı Xalq Komitəsi Naxçıvan SSR Xalq Komissarları Sovetinin 11 fevral 1922-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Təminatı Xalq Komissarlığına, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Təminatı Xalq Komissarlığı Naxçıvan MSSR Sosial Təminat Nazirliyinə çevrilib. 3 aprel 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Naxçıvan Muxtar Respublikası Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilib, onların bazasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 iyun 2011-ci il tarixli Fərmanı ilə nazirliyin strukturu təkmilləşdirilib, yeni xidmətlər yaradılıb. Bu diqqət və qayğının davamı olaraq nazirliyin inzibati binasında əsaslı yenidənqurma işləri aparılıb.
Nazir deyib ki, son on səkkiz il ərzində şəhər və rаyоn məşğulluq mərkəzləri tərəfindən 31759 nəfər işaxtaran vətəndаş iqtisаdiyyаtın müхtəlif sаhələrində, o cümlədən əmək yаrmаrkаlаrının təşkili nəticəsində 9948 nəfər peşə və ixtisaslarına uyğun işlə təmin olunublar. Hazırda muxtar respublikada nazirlik tərəfindən sosial müdafiəyə ehtiyacı olan 16 min 176 şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir. Aztəminatlı ailələrin maddi rifah halının yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 28 milyon 272 min 334 manat ünvanlı dövlət sosial yardımı ödənilib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvində iştirak edən və 1941-1945-ci illər müharibəsində əlil olmuş 448 nəfərə avtomobil verilib, 191 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunub.
Bildirilib ki, məhdud fiziki imkanlı 4695 nəfər müxtəlif texniki bərpa vasitələri ilə təmin olunub, 2808 nəfərə protez-ortopedik xidmət göstərilib, bu kateqoriyadan olan 2205 nəfər respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicəsi məqsədilə göndərişlərlə təmin ediliblər.
Ahıl vətəndaşlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlibdir. Hazırda tək yaşayan və hərəkət qabiliyyəti məhdudlaşmış 478 ahıl vətəndaşa əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən evlərində, 14 ahıla isə Ahıllar evində sosial xidmət göstərilir.
Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, kinekt və əmək terapiyası otaqları, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə və eşitmə məhdudiyyəti olan uşaqlar üçün brayl və daktilo əlifbasının tədrisi üzrə kurslar təşkil olunub. Onlara audio və elektron kitabxana xidməti göstərilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almalarına, onların cəmiyyətə daha fəal inteqrasiyasına təkan verib.
Sonra məruzə ətrafında çıxışlar olub, nazirliyin bir qrup əməkdaşına mükafat və fəxri fərman təqdim edilib.
Xəbərlər şöbəsi