23 Dekabr 2024, Bazar ertəsi

Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsindən 94 il keçir. Qars müqaviləsi ilə Тürkiyə və Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələləri həll оlundu. Bu müqavilənin əsas müddəaları Mоskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsi idi.

Qars müqaviləsində öz ədalətli həllini tapan bir sıra məsələlər əvvəlki müqavilələrdə – Gümrü (Aleksandropol) və Moskva müqavilələrində də ya müzakirə olunmuş, ya da imzalanmışdı. “Böyük Ermənistan” yaratmaq üçün bir sıra torpaqlara iddialı olan ermənilər bu torpaqları əldə etmək üçün siyasi və hərbi vasitələrdən istifadə edirdi. Bu yolda onlara iri kapitalist dövlətləri kömək edirdi. Konkret olaraq Azərbaycanın bir sıra ərazilərini, xüsusilə Naxçıvan ərazisini ABŞ, İngiltərə və Rusiya çox cidd-cəhdlə Ermənistana vermək istəyirdi. Ermənilər “böyük Ermənistan” uğrunda Türkiyə və Azərbaycanla müharibə aparırdı. Türk ordusu 24 sen­tyabr 1920-ci ildə ermənilərin hücumlarının qarşısını almaq üçün onlarla müharibə aparmalı oldu və həmin il noyabr ayının 18-də daşnakları məğlub etdi. Dekabrın 2-də Ermənistanın daşnak hökuməti ilə Türkiyə arasında Gümrü müqaviləsi bağlandı. Daşnaklar xəyallarında qurduqları “böyük Ermənistan”ın ərazisinin İrəvan və Göyçə gölü rayonu ilə məhdudlaşdığını etiraf etdilər. Gümrü müqaviləsinin 2-ci maddəsində tərəflər Naxçıvan bölgəsi ilə bağlı aşağıdakı razılığa gəlmişdilər: Ermənistan Kükü dağı, Həməsür dağı, Qurdqulaq kəndi, Sayat dağı, Arpaçay evləri, Qəmərli dağı, Saray bulaq dağları, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasuyun töküldüyü yerdən keçən zolağın cənubundakı (Naxçıvan, Şahtaxtı, Şərur) əraziyə daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara qarışmayacaq, indiki ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır.

Müqavilənin 12-ci maddəsinə əsasən isə Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit işlərinin sərbəstliyinin təminatını öz üzərinə götürmüşdü. Gümrü müqaviləsinə görə Dəvəli və Arazdəyəndən başqa bugünkü Naxçıvanın sərhədləri, demək olar ki, müəyyənləşdirilmişdi. Lakin nədənsə, tarixən türk bölgələri olan Uluxanlı, Qəmərli və ən başlıcası isə 1920-ci ilə qədər Naxçıvanı erməni hücumlarından qoruyan Böyük Vedi və ətrafındakı bir çox kəndlər ermənilərə verilmişdi. Bunun nəticəsində Naxçıvanın şimal-qərb sərhədi Dəvəli olmuşdu.
Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-ci illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda soyqırımlar törətmiş, lakin əhalini tabe edə bilməmişlər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edilmişdi.
1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Bəyanatda deyilirdi: “… Bundan sonra heç bir ərazi məsələsi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kənd­lilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzur ərazisində bütün hərbi əməliyyatlar dayandırılır. Sovet Azərbaycanının bütün qoşunları oradan çıxarılır”.
Azərbaycan İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə bələd olan Naxçıvan əhalisi diyarın Azərbaycandan qoparılmasına qarşı etiraz etdi. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı. Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvan əhalisi ilə görüşlər zamanı Behbud ağa Şahtaxtinski açıqca demişdi: “Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər”.
Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi və daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bol­şevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı.
Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etməliyik. Onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi 1921-ci il 1 mart tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Behbud ağa Şahtax­tinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi.
Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Mos­kvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etdi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verildi.
Moskva danışıqlarında Azərbaycanın RSFSR-dəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtax­tinskinin böyük əməyi və xidməti olmuşdur. Rusiya Moskva konfransında Azərbaycanın iştirakını təkid etsə də, Moskvada olan Behbud ağa Şahtaxtinski bunun əleyhinə olmuşdur. O, Moskvadan Azərbaycanın xarici işlər üzrə xalq komissarı M.D.Hüseynova göndərdiyi məktubda yazırdı: “…Şəxsən mən Azərbaycanın konfransda iştirak etməsinə mənfi münasibət bildirməyimi onunla izah etmişəm ki, mənim orada deyəcəyim elə bir şey yoxdur. Hər bir xırda məsələyə görə isə türklərin əleyhinə getməyimiz, ümumiyyətlə, bizə sərf etmir, çünki mənim onlara böyük təsirim var. Məni Anadoluda həyata keçiriləsi bir çox kombinasiyalar gözləyir və əgər mən konfransda Azərbaycana heç bir dəxli olmayan məsələlərdə türklərə qarşı çıxsam, bütün bu imkanlardan məhrum olaram”.
Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi və müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın bütovlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi.
Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapdı. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə istəyirdi ki, üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə imzalasın. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etdi. Türkiyənin bu formatda danışıqlara getməsinin başqa səbəbləri də var idi. İlk növbədə, Türkiyə Moskva müqaviləsini imzalamaqla özü üçün çox mühüm bir neçə məsələni həll etmişdi. Bunlar aşağıdakılar idi: 1. Sovet Rusiyası XVIII əsrin sonlarından etibarən Türkiyəyə qarşı tətbiq etdiyi kapitulyasiya rejimindən və xristian əhalinin işləri ilə əlaqədar Türkiyənin daxili işlərinə qarışmaqdan imtina etdi. 2. Türkiyə XIX əsr boyunca çar Rusiyası ilə apardığı müharibələrdə Şərqi Anadoluda və Qafqaz bölgəsində itirdiyi torpaqların əksəriyyətini geri qaytardı (Qars, Kağızman, Ərdəhan, Oltu, Artvin sancaqlarını bütünlüklə, Batum və Sürməli sancaqlarının da bir qismini, ümumi sahəsi 23,6 min kv.km ərazini). 3. Naxçıvanın Azərbaycanın tərkibində saxlanmasına və onun himayəsi altında muxtariyyət yaradılmasına nail oldu. 4. Gürcüstana verilməsinə razı olduğu Batum və ətraf bölgələri əhatə edən ərazidə muxtariyyət yaradılmasına nail oldu. 5. Türkiyə Antanta dövlətlərinə qarşı mübarizədə Sovet Rusiyasından böyük maddi, hərbi və mənəvi kömək aldı.
Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırıldı. AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orconiki­d­ze ilə birlikdə hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Lakin Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bildi. Qeyd etməliyik ki, Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvan ölkəsinin mənafeyini müdafiə etmək üçün Tağı Səfiyevi ora ezam etmişdi.
Qars konfransı 1921-ci il sen­tyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Açılışda Kazım Qarabəkir paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış etdilər. Qars danışıqları çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif edirdi. Kazım Qarabəkir paşa bunu belə əsaslandırırdı ki, “Moskva hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlətlər kimi ayrıca müqavilə bağlamaq istəyirik”. RSFSR-in nümayəndəsi Y.Qanetski isə bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi.
Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 1921-ci il ok­tyabrın 13-də Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “[Naxçıvan ərazisi] Urmiya kəndindən [başlayır], oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində [qurtarır]”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərdi və Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verildi. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verildi. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirildi. 1990-cı illərdə erməni silahlı qüvvələri Kərki kəndini işğal etdilər. Beləliklə, Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 1923-cü il iyunun 16-da siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in konstitusiyaları qəbul edilmişdir. Bu konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilmişdi. Müstəqillik dövründə isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 1998-ci ildə qəbul olunmuşdur. Bu Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” şəklində təsbit olunmuşdur. Son illərdə muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni həyatında çox böyük uğurlar qazanılmışdır.
Naxçıvanı ələ keçirmək istəyən, bunun üçün hər cür vasitələrdən istifadə edən, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”, – deyən ermənilərin qarşısına Qars müqaviləsi ilə sədd çəkilmişdir. Bu müqavilənin şərtlərini də erməni daşnakları dəfələrlə pozmuşdur. Ermənistan Respublikasının Naxçıvana qarşı hər hansı ərazi iddiaları heç bir hüquqi əsasa malik deyil və beynəlxalq hüquq normalarına ziddir. Həm Moskva, həm də Qars müqavilələri bu günədək etibarsız elan edilməyib və bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi, “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR