1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir.
Seçkiqabağı təşviqat
vətəndaşların və siyasi partiyaların seçiciləri
seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətidir.
* * *
Seçkiqabağı təşviqat aparmaq hüququna
aşağıdakılar malikdirlər:
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları.
Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:
* kütləvi informasiya vasitələri ilə;
* kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və sair) keçirilməsi yolu ilə;
* çap olunmuş, audivizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
* qanunla qadağan edilməyən digər üsullarla.
Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, televiziya və radio verilişləri, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.
Qeydə alınmış namizəd, siyasi partiya, siyasi
partiyaların bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.
Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:
* xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
* xarici vətəndaşlara;
* vətəndaşlığı olmayan şəxslərə;
* 18 yaşına çatmamış vətəndaşlara;
* beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
* dövlət hakimiyyəti orqanlarına, bələdiyyə qurumlarına və onların idarə və təşkilatlarına;
* hərbi hissələrə;
* xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
* aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
* seçki komissiyalarına, seçki komissiyasının üzvlərinə və digər vəzifəli şəxslərinə.
Seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.
Seçkiqabağı təşviqat Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 2015-ci il oktyabr ayının 9-da, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə isə 2015-ci il oktyabr ayının 20-də başlanır və oktyabr ayının 31-i saat 800-də dayandırılır.
* * *
Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq QADAĞANDIR.
Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.
Teleradio verilişləri təşkilatlarının və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilirsə, bu teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə və siyasi partiyalara seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü bərabər şərait yaradırlar.
Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə formasından asılı olmayaraq, hər hansı materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər.
Kütləvi informasiya vasitələri seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc etdikdə rəy sorğusu keçirən təşkilatları, onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş sualları, sorğuda iştirak edənlərin sayını bildirməlidir.
Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir.
* * *
Kütləvi informasiya vasitələrində seçkiqabağı
təşviqatın ödənişli əsaslarla aparılmasının
ümumi şərtləri
* Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.1, 77.4-cü və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 64.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiya bloklarına, referendum üzrə təşviqat qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.
* Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiya blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.
* Müvafiq teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsi və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiya bloklarına, referendum üzrə təşviqat qruplarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən ən geci 50 gün ərzində dərc etməlidirlər.
* Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə bilərlər. Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təbliğatla bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlər, siyasi partiyalar və referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.
Müvafiq seçki komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası