2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən yanğınsöndürənlər hər il oktyabrın 10-da peşə bayramlarını qeyd edirlər.
1969-1982-ci illərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, yanğın təhlükəsizliyi orqanlarında da problemlər öz həllini tapmışdır. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən ümummilli liderimiz ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülmüşdür. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, kadr ehtiyatının yaradılması, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması kimi vacib məsələlər öz həllini tapmışdır. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi daha da təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yüksəlmiş, təminat və təchizat məsələləri öz uğurlu həllini tapmışdır.
Muxtar respublikada ilk yanğın komandası 1927-ci il iyunun 15-də yaradılmışdır. Səkkiz nəfərdən ibarət yanğın komandasının şəxsi heyətinin sayı sonrakı illərdə artırılaraq 14 nəfərə çatdırılmış və yanğın maşınları ilə təchiz edilmişdir. Naxçıvan şəhərində yaradılmış peşəkar yanğın hissəsi 1981-ci ildə hərbiləşdirilmiş yanğın hissəsinə çevrilmiş, rayonlarda peşəkar yanğın hissələri fəaliyyət göstərməyə başlamışdır. Müstəqillik illərindən başlayaraq Naxçıvan Muxtar Respublikasında da yanğından etibarlı mühafizə sistemi formalaşdırılmış, yanğınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işi diqqət mərkəzində saxlanılmışdır.
Ölkəmizin iqtisadi inkişafına dayaq olan, əhalinin əmlakını qoruyan yanğın təhlükəsizliyi orqanları bu gün Naxçıvan Muxtar Respublikasında diqqət və qayğı ilə əhatə olunmuş, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin maddi rifahının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, 2002-ci ildə Sədərək rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmış və onun fəaliyyətinin təmin edilməsi üçün inzibati bina və texniki qaraj tikilmiş, 2003-cü ildə isə Ordubad və Şahbuz rayonlarında peşəkar yanğın hissələri hərbiləşdirilmiş yanğın hissələrinə çevrilmişdir. 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə idarə statusu verilmiş, onun yerli qurumları xidmətdən şöbəyə çevrilmiş, Kəngərli rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmışdır.
2006-cı ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi ilə yanğın təhlükəsizliyi orqanlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Həmin dövrdən başlayaraq Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binaları əsaslı təmir edilmiş, Kəngərli, Şahbuz, Ordubad, Şərur, Babək və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhəri, Şərur, Babək və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğınsöndürmə avtomobilləri müasirtipli radiostansiyalarla təmin olunmuş, nazirlik və onun struktur qurumları ilə etibarlı rabitə əlaqəsi yaradılmışdır.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi üçün də lazımi tədbirlər görülür. Ötən dövrdə bu məqsədlə kifayət qədər texnika, texniki vasitə, cihaz və avadanlıqlar, eləcə də xüsusi geyimlər alınmışdır. Son 10 ildə 25 ən müasir yanğınsöndürmə avtomobili, 5 əməliyyat minik avtomobili, müxtəlif diametrli yanğın şlanqları, 17 dəst kompüter, xidməti və gündəlik geyim formaları və əşya-əmlaklar alınaraq əməkdaşların istifadəsinə verilmişdir. Güclü maddi-texniki baza işin nümunəvi təşkilinə şərait yaratmış, muxtar respublikada baş verən yanğın hadisələri zamanı insanlara və qonşu tikililərə ziyan dəyməsinin qarşısı alınmışdır.
Göstərilən dövlət qayğısına əməli işi ilə cavab verən yanğınsöndürənlər muxtar respublikada yanğından mühafizə tədbirlərinin gücləndirilməsini diqqət mərkəzində saxlayırlar. Bu məqsədlə maarifləndirmə işinə də xüsusi diqqət yetirilir. Əməkdaşlar mənzillərdə yoxlamalar keçirir, əhali arasında yanğın təhlükəsizliyi barədə söhbətlər aparırlar. 2015-ci ilin 9 ayı ərzində yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 2140 obyektdə əsaslı və 2205 obyektdə nəzəri yoxlamalar, 77 min 881 şəxsi yaşayış evində, 327 dövlət yaşayış binasında yanğın-texniki müayinələr aparılmış, 19 min 498 vətəndaşa yaddaş kitabçası təqdim edilmiş, insanlar yanğına qarşı təlimatlandırılmışdır. İnsanların kütləvi toplaşdığı mədəni-maarif müəssisələrində, təhlükə potensiallı və yanğın-partlayış təhlükəli obyektlərdə yanğın-texniki müayinələr aparılmış, işçilərin yanğına qarşı maarifləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə mənzillərdə və fərdi yaşayış evlərində elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsi yarada biləcək halların qarşısının alınması məqsədilə reydlər keçirilmiş, 372 halda yanğın təhlükəsi törədən elektrik xəttinin, 317 halda qeyri-standart qaz xəttinin və plitələrinin istismarı dayandırılmışdır. Həmçinin əkin sahələrində məhsul yığımında iştirak edən 145 kombayn texniki baxışdan keçirilmiş və odsöndürmə vasitələri ilə tam təmin edildikdən sonra sahələrə buraxılmışdır. Biçin dövründə taxıl zəmilərində əməkdaşlar tərəfindən patrul xidməti təşkil edilmiş, baş verə biləcək yanğın hadisələrinə çevik reaksiyanın verilməsi üçün yanğın avtomobillərinin növbətçiliyi təşkil edilmişdir. Aparılan profilaktik işlərin sayəsində taxıl zəmilərində yanğın hadisələri qeydə alınmamışdır.
Ötən müddət ərzində yanğın təhlükəsizliyi orqanlarında xidmətin təşkili, döyüş və peşə hazırlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Yanğın təhlükəsizliyi orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi, gənc kadrların hazırlanması məqsədilə, ümumilikdə, 107 nəfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ukrayna və Belarus respublikalarının akademiyalarına, həmçinin Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir. Onlardan 88 nəfəri təhsillərini başa vuraraq bu gün Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarında xidmətlərini layiqincə davam etdirirlər.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarının fəaliyyətinin normal təşkili daim diqqət mərkəzində saxlanılır, yanğınsöndürənlərin əməyi qiymətləndirilir. Son illər yanğın təhlükəsizliyi orqanlarının əməkdaşlarından 2-si “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı, 21-i isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.
Muxtar respublika yanğınsöndürənləri bundan sonra da öz fəaliyyətlərini müasir dövrün tələbləri səviyyəsində quracaq, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin etibarlı təmin olunması üçün səylərini əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti