23 Dekabr 2024, Bazar ertəsi

2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı cari ilin fevral ayının 9-da keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən aidiyyəti qurumlara əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsinin təmin edilməsi haqda verilən tapşırıq doğma diyarımızda dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub. Bu addım muxtar respublika sakinləri tərəfindən dövlətimizin öz vətəndaşına, bütövlükdə, insan amilinə verdiyi dəyərin təzahürü kimi qiymətləndirilir. Tapşırıqdan sonrakı müddətdə müvafiq tədbirlər həyata keçirilib, maddi-texniki baza yaradılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə “Hyundai” markalı avtomobil verilib. Avtomobil səyyar xidmətin göstərilməsi üçün avadanlıqlarla təchiz edilib.

Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili muxtar respublikanın bir sıra kənd yaşayış məntəqələrində olub, əhaliyə yerlərdə səyyar xidmət göstərib. Nazirliyin əməkdaşı, polis baş leytenantı Seymur Tağıyevlə söhbət zamanı bildirdi ki, vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərmək imkanları yaradılıb. Sentyabr ayının 16-dan oktyabr ayının 5-dək səyyar xidmət avtomobili Şərur rayonunun Alışar, Mahmudkənd, Maxta, Dərəkənd, Yuxarı Aralıq, Oğuzkənd, Həmzəli, Şahbulaq, Qorçulu, Diyadin, Xanlıqlar, Vərməziyar, oktyabr ayının 6-da Kəngərli rayonunun Qıvraq yaşayış məntəqələrində olub. Müsahibim onu da diqqətə çatdırdı ki, Şərur rayonunda 108 azyaşlı uşaq, 167 böyük üçün şəxsiyyət vəsiqəsi alınmasından ötrü, ümumilikdə, 275 nəfərin sənədləri qəbul edilib. Həmin dövrdə 59 nəfərə sürücülük vəsiqələri təqdim olunub. Kəngərli rayonunun Qıvraq qəsəbəsində isə 16 şəxsiyyət vəsiqəsi üçün sənədlər qəbul edilib, 9 nəfər sürücülük vəsiqəsi alıb. Oktyabrın 7-8-də səyyar xidmət avtomobilinin xidmətindən rayonun Qarabağlar və Çalxanqala kəndlərinin sakinləri də yararlanıblar. Bu kəndlərdə şəxsiyyət vəsiqəsi hazır­lanmaq üçün 27 nəfərin sənədləri qəbul edilib, 10 nəfərə sürücülük vəsiqəsi verilib. Dünən səyyar xidmət avtomobili Kəngərli rayonunun Böyükdüz kəndində olub.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR