“Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Bu sözləri 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir. 11 il bundan əvvəl əsası qoyulan Kəngərli rayonu ölkəmizin, eləcə də muxtar respublikamızın ən gənc rayonlarından hesab olunur. Ancaq bu “gənclik” rayonun inzibati vahid kimi statusundan qaynaqlanır, əslində, ərazinin tarixi çox qədimlərə gedib çıxır. Qarabağlar, Yurdçu, Şahtaxtı, Çalxanqala kimi kənd yaşayış məntəqələrində qədim tarix və mədəniyyətin mövcudluğunu göstərən dövrlərdən bizi min illər ayırır.
Bu yurd yerində keçmişdən üzü bəri Azərbaycanın dövlətçilik tarixində, mədəniyyətində, elm və səhiyyəsində öz sözünü demiş, böyük xidmətlər göstərmiş tarixi şəxsiyyətlər yetişib. Zəngin və çoxçalarlı ənənələrə malik Kəngərli rayonu bu gün həm də müstəqil Azərbaycanın yeni inkişaf modelinin bir rayonun simasındakı nümunəsinə çevrilib. Yarandığı gündən indiyədək burada görülən hər bir işə kompleks və məqsədyönlü yanaşma ortaya qoyulub. Nəticədə, Kəngərli rayonu hərtərəfli infrastrukturun təmin olunması baxımından 30-40 illik bir yolu 11 il ərzində qət edib.
Rayon 1 qəsəbə, 10 kənd yaşayış məntəqəsini özündə birləşdirir. Rayon mərkəzi olan Qıvraq qəsəbəsi Naxçıvan-Sədərək magistral avtomobil yolunun üzərində yerləşir. Bu ərazi əvvəllər boş, çöllük bir sahə idi. Burada rayon mərkəzinin salınmasına qərar veriləndə çoxları bunun xəyal olduğunu düşünürdü. Ancaq qısa bir müddətdə burada genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirildi. Həmin ərazidə inşa edilən bir-birindən yaraşıqlı inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik mədəniyyət evi, qəsəbədaxili rahat yollar, salınmış yaşıllıq zolaqları rayon mərkəzinə xüsusi gözəllik verir.
Yuxarıda da qeyd etdiyimiz kimi, ötən müddət ərzində rayonda genişhəcmli quruculuq tədbirləri aparılıb. Muxtar respublikamızda artıq ənənəvi hal almış kənd mərkəzlərinin tikintisi Kəngərli rayonunun bütün yaşayış məntəqələrini əhatə edib. Hazırda rayonun Yurdçu kəndində orta məktəb, kənd mərkəzi və xidmət mərkəzi üçün binaların tikintisi aparılır. Bu işlər tamamlandıqdan sonra Kəngərli rayonu muxtar respublikada bütün yaşayış məntəqələrinin abadlaşdırıldığı ilk rayon olacaq. Qıvraq qəsəbəsində hər il yeni binaların istifadəyə verilməsi qəsəbənin simasını xeyli dəyişibdir. Ötən il burada Təhsil Şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, Elektrik Şəbəkəsi üçün yeni binalar və Qıvraq elektrik yarımstansiyası istifadəyə verilib. Bu il isə qəsəbədə yeni Ticarət-İaşə və Bazar Kompleksi tikilib. Bundan əlavə, istifadəyə verilən tikililərin ətrafı abadlaşdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.
Aparılan quruculuq tədbirləri sırasında müasir və rahat yol şəbəkəsinin yaradılması Kəngərli rayonunda əsas diqqət mərkəzində saxlanılan sahələrdəndir. Son illərdə görülən işlərin nəticəsidir ki, rayonda bütün kənd yolları abadlaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq, uzunluğu 39 kilometr olan və 13 min nəfərdən çox sakinin yaşadığı 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yola birləşməklə) dairəvi avtomobil yolu yenidən qurulub. Bu da adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asanlaşdırıb. Bundan əlavə, ötən dövr ərzində ümumi uzunluğu 16 kilometr olan Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yoluna asfalt örtük salınıb, Qıvraq qəsəbəsinin, Qarabağlar və Yurdçu kəndlərinin daxili yollarında təmir işləri aparılıb.
Rayonda əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması daim diqqət mərkəzində saxlanılır, əkin sahələrinin həcminin artırılması üçün meliorativ və digər tədbirlər həyata keçirilir. Əkin sahələrinin və yaşıllıqların suvarma suyuna olan tələbatını ödəmək üçün 2015-ci ilin aprel ayında Uzunoba Su Anbarından qidalanan, hər birinin uzunluğu 16,2 kilometr olan 720 millimetrlik qoşa təbii axınlı boru xətti, 3 aqreqatlıq nasos stansiyası, 8,7 kilometr təzyiqli boru xətti, 1500 kubmetrlik qəbuledici və 250 kubmetrlik supaylayıcı hovuz istifadəyə verilib. Rayonun Böyükdüz kəndində 2000 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün yeni suvarma xətti çəkilib. Eyni zamanda digər yaşayış məntəqələrində 900 metr suvarma, 335 metr içməli su xətləri çəkilib, 1,7 km uzunluğunda drenaj xətti qazılıb istifadəyə verilib.
Həyata keçirilən tədbirlər rayonda aqrar sahənin inkişaf etdirilməsinə şərait yaradıb. Bu da ildən-ilə kənd təsərrüfatı məhsullarının tədarükündə özünü göstərir. Vurğulamaq lazımdır ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı rаyоndа əkinçiliyin inkişаfınа stimul vеrib. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Nахçıvаn Muхtаr Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icrası kənd təsərrüfatı məhsullarının həcminin ildən-ilə artması ilə nəticələnib. Kəngərli Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 1 sentyabr 2015-ci il tarixə rayonda 5056 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 13122 ton, 215 hektar kartof sahəsindən 2835 ton, 294 hektar tərəvəz bitkiləri əkini sahəsindən 3565 ton, 180 hektar bostan bitkiləri sahəsindən 2159 ton məhsul yığılıb. Eyni zamanda rayonun barverən meyvə bağlarından 4521 ton, üzüm bağlarından isə 122,6 ton məhsul tədarük olunub. Yeri gəlmişkən deyək ki, meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsinə şərait yaradan vasitələrdən biri də rayonda 300 ton tutumu olan soyuducu anbarın mövcudluğudur. Təsərrüfat sahibləri bundan yetərincə yararlana bilirlər. 2010-cu ildə Yurdçu kəndi ərazisində istifadəyə verilən soyuducu anbar rayonda kənd təsərrüfatı məhsullarının saxlanılmasında əhəmiyyətli rol oynayır.
Kəngərli rayonunda yaşıllaşdırma işləri də hər zaman diqqət mərkəzində saxlanılan tədbirlərdəndir. Cari ilin ötən dövründə rayon üzrə 4 hektar ərazidə meşəsalma, 7,5 hektar ərazidə isə meşəbərpa işləri aparılıb. Görülən işlər sayəsində 5900 ədəd müxtəlif meyvə tingləri, 320 ədəd həmişəyaşıl dekorativ ağac, 2800 ədəd gül kolu əkilib. Yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilərək qorunması və suvarılması təmin edilib.
Ümumiyyətlə, rayonun bugünkü mənzərəsinə nəzər saldıqda, burada istənilən sahənin inkişafında müsbət dəyişikliklərin olduğunu görərik. Və əldə olunan nailiyyətlər təkcə iqtisadi sahələri əhatə etmir. Mədəniyyət, təhsil, səhiyyə kimi humanitar sahələr də Kəngərli rayonunun hərtərəfli inkişafında mühüm rol oynayır. Bu haqda isə növbəti yazıda bəhs edəcəyik.
Bəli, muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonu indi rahat yolları, abad kəndləri, müasir siması, daim diqqət mərkəzində saxlanılan təmizliyi ilə seçilir. Ölkə başçısının bir neçə il bundan əvvəl söylədiyi “... Gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir” fikri hesab edirik ki, tam dolğunluğu ilə bu rayonun simasında öz təsdiqini tapıb. Unutmayaq ki, Kəngərli rayonu həm də Naxçıvanın ötən 20 ildə keçdiyi yolun son 11 ilində bünövrəsindən son daşınadək ərsəyə gətirilən müasir yaşayış məntəqələrindəndir.
Səbuhi Həsənov