23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 8-də Heydər Əliyev Muzeyində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda Naxçıvan Dövlət Texniki Kolleci tələbələri üçün açıq dərs keçilib.
Açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, ölkəmizin müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilərdi. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider görkəmli dövlət xadimi Heydər Əliyev idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış xalqımızın özünəqayıdış və özünütəsdiqində ümummilli lider Heydər Əliyevin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən etibarən Azərbaycanda milli kadrların yetişdirilməsinə, beləliklə, Azərbaycançılıq düşüncəsinə real təminat əldə olunmasına, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyi kimi, Naxçıvan Muxtar Respublikasının inkişaf etdirilməsinə də ümummilli vəzifələr səviyyəsində böyük qayğı göstərib. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb çalışdığı, muxtar respublikanın rəhbəri olduğu illərdə Azərbaycan üçün çox əhəmiyyətli olan böyük tarixi qərarlar qəbul edib. Azərbaycanın bu diyarının – Naxçıvanın mürəkkəb hərbi-siyasi şəraitdə işğaldan xilas olunmasının başlıca səbəbi xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi xalqı öz ətrafında birləşdirməsi, region dövlətləri ilə əlaqələri möhkəmləndirməsi idi. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndərimizin siyasi kursunun yaradıcılıqla həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü intibahının və gələcək inkişafının əsasını təşkil edir.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərini vurğulayan, dahi rəhbər Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan Ramil Oruc­əliyev onu da qeyd edib ki, iki əsrin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışının nəticəsidir. Məhz həmin tarixi qayıdışdan sonra ümummilli liderimizin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edib. 1993-cü ildən sonrakı dövr müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılıb, ictimai-siyasi sabitliyin və qanunçu­luğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olub. Məhz bundan sonra dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli şərait yaradılıb.
Sonra tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR