Səbir edin, ay xal-xallılar
Babək rayonundakı Xal-xal kənd sakinlərinin bizə çatdırmaq istədikləri ərz-gileylərini oxuduq. Onu deyək ki, bütün sözlərində haqlıdırlar. Kənd sakini Aslan Hüseynov deyir ki, neçə illərdir, çalışırıq Naxçıvan çayının kənd ərazisində olan hissəsinə körpü salınmasına nail ola bilmirik ki, bilmirik. Muxtar respublikanın rəhbər təşkilatlarına, Babək rayonunun başçılarına gileyimizi çatdırsaq da, şikayətlərimiz kitabdan-kitaba salınaraq ildən-ilə keçirilir. Nəticəsi isə göz qabağındadır. Adamlar çətinlik çəkir, giley-güzar dolu ərizələr isə laqeyd rəhbərlərin qovluğunda yatır. Belə ki, gedir, deyəsən, hələ çox çəkəcək bu iş. Çünki niyə? Deyəcəklər ki, blokadadayıq. Material gəlmir. İndi qalır sizli-bizli soruşmaq: “Guya material olanda sözümüzü eşitmisiniz ki, qala indiki vaxt”.
Sevdimalı Məmmədovun gileyi avtobus barədədir. Deyir ki, əvvəllər kəndə gələn avtobuslar indi yoxa çıxıb. Qorxuruq ki, bu barədə də onlara müsbət cavab verən olmasın. Hamıya əllərində dəstəvuz elədikləri cavabı siz xal-xallılara da versinlər: “Benzin yoxdur”. Bir də deyəcəklər ay rəhmətliyin uşaqları, məgər ilin-günün bu vaxtında evdən eşiyə çıxarlar? Oturun evinizdə, azdan-çoxdan nə tapırsınız yeyin, söhbətinizi də edin. Daha ora-bura gedib özünüzü də, başqalarını da əziyyətə salmayın. İşdi şayət lap darda qalsanız, yəni xəstəniz, filanınız olsa, keçin bir üç-dörd min manatınızdan. Şəxsi maşınlardan istifadə edin. Bir də bunu deyə bilərlər ki, heç uzaq kəndlərə avtobus marşrutları işləmir. Siz ki, budur ey, burada qulağımızın dibindəsiniz.
Onda deyərsiniz ki, yaxşı, getməyək. Bəs belə narahat günlərimizdə, torpaqlarımızda müharibə getdiyi bir vaxtda axı heç bir yerlə əlaqəmiz yoxdur. Radiolar, telefonlar işləmir. Heç respublikamızda baş verən yeniliklərdən də xəbər tuta bilmirik. Bunun da səbəblərindən birini özünüz qeyd edirsiniz ki, dirəklər, kabellər oğurlanıb. Məgər bu millətimizə yad hərəkətləri törədənlər başqa yerlərdənmi gəliblər? Xalq malına qəsd edənləri kim cəzasına çatdırmalıdır? Siz də, biz də bilirik ki, bu, qanun keşikçilərinin işidir. Bəlkə, onlar vaxt tapıb təkcə sizdə yox, başqa kəndlərdə də bu cür hərəkətlər edən kabel oğrularını cəzalarına çatdıralar.
Artezian quyusunun illərdən bəri təmirə dayanması isə xal-xallılar üçün başqa çətinlik yaradır. Məktubda qeyd etdiyiniz kimi, deməyə sözünüz çoxdur.
İndi siz yazdınız, biz də onu aid təşkilatlara çatdırırıq. Yəni ki, bizdən yazmaqdır ki, onu elədik. İcrası qalır Babək Rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsi başçılarının öhdəsinə. Gözləyək görək, neçə vaxtdan bəri səbir edən xal-xallılara onlar yenədəmi dözməyi məsləhət görəcəklər?
“Şərq qapısı” qəzeti
30 yanvar 1993-cü il
Xal-xal kəndinin bugünkü mənzərəsi:
rahat yol, müasir məktəb, yeni kənd və xidmət mərkəzləri
Bu yazını oxuyanda istər- istəməz o illər yada düşür. Ancaq 1995-ci ildən sonra şəhər və kənd arasındakı fərqin aradan qaldırılması insana təsəlli verir, o illəri unutdurur. Bəli, ötən illər ərzində şəhərlə kənd arasındakı kəskin fərq tədricən öz yerini oxşarlıqlara verməyə məcbur olub. “Şərq qapısı” qəzetinin 22 il əvvəlki, 30 yanvar tarixli nömrəsində dərc edilən “ Səbir edin, ay xal-xallılar” sərlövhəli yazını oxuyanda, o illərdəki vəziyyətlə bu günü müqayisə edəndə düşünürsən ki, insan hər bir möcüzəni həqiqətə çevirməyə qadirdir. Sadəcə, Vətən sevgisi, əzm və fədakarlıq lazımdır.
…Bir il bundan öncə Xal-xal kəndi də köhnə sovet kəndinin nümunəsi kimi rayonun müasir kəndlərinin genişmiqyaslı xəritəsində kiçik bir nöqtə kimi görünürdü. Köhnə, yararsız məktəbi, sosial obyektləri, tozlu, torpaqlı, palçıqlı küçələri, uçuq-sökük divarları olan həyətləri ilə bu kənd, sözün həqiqi mənasında, klassik sovet dövrünün klassik bir nümunəsi idi. Ancaq hər şey bir anda dəyişildi. Kənd sakinləri günlərin bir günü gördülər ki, kəndin yollarında müxtəlif texnikalar şütüyür, müəyyən ərazilər tikinti obyekti kimi çəpərlənir, bu əraziyə çox sayda tikinti materialı gətirilir, işçi qüvvəsi cəlb olunur.
Çox keçmədi ki, kəndin mərkəzində yeni sosial obyektlər üçün binaların təməli atıldı, təcrübəli ustalar tərəfindən beton sütunlar ucaldıldı, hörgü işlərinə başlanıldı. Qısa zaman kəsiyində yeni kənd və xidmət mərkəzləri, məktəb köhnə yaşayış məntəqəsinin boz, rəngsiz mənzərəsinə yeni rənglər, çalarlar qatdı. Xal-xal kəndinin sakinləri bir sabah yuxudan oyananda gördülər ki, bu binaların hər birinin qapısına lent bağlanıb. Kənddəki sosial obyektlərin açılışı olduğu gün – 2015-ci il sentyabrın 22-si hər bir kənd sakininin yaddaşında silinməz izlər buraxdı.
Kənd sakini Mirələm Seyidov deyir ki, onun üçün ən əlamətdar hadisələrindən biri də Xal-xal kənd yolunun istifadəyə verilməsi olub. İşlərin miqyasından da göründüyü kimi bu yolun salınması üçün xeyli zəhmət çəkilib. Ona görə də bütün bu görülən işlərin qədrini-qiymətini bilməli, biz kənd sakinlərinin rahat şəraitdə yaşamasına hədəflənmiş bu tədbirləri həyata keçirən dövlətimizin diqqət və qayğısına öz əməli işimizlə cavab verməliyik. Etiraf edim ki, yağışlı günlərdə hər dəfə övladım evə gələndə ayaqqabılarını, əyin-başını palçıq içində görüb acıqlandığım az olmayıb. Bəzən soyuq qış aylarında dərsini boş keçirdiyinə görə də ona acıqlanmışam. Ancaq sonra fikirləşmişəm ki, uşaqda nə günah, əgər yolumuz çala-çuxurlu, gölməçəli-palçıqlıdırsa, uşaqdan da səliqəli olmağı, məktəb o qədər də şəraitli deyilsə, ondan yaxşı oxumağı tələb etmək düzgün deyil. Ancaq indi yeni və yaraşıqlı məktəbə aparan yollar abad, təmiz və səliqəlidir. Sevinirəm ki, bu gün valideynlər övladlarından səliqəli olmağı da tələb edə bilər, yaxşı oxumağı da. Çünki yolumuz da abaddır, məktəbimiz də.
Kənd tam orta məktəbinin müəllimlərindən Tərifə Fərzəliyeva kənddə yeni məktəbin istifadəyə verilməsinin bütün sakinlər tərəfindən minnətdarlıqla qarşılandığını deyir. Tərifə xanım qarşıda duran vəzifələrdən ağızdolusu və böyük ruh yüksəkliyi ilə danışır:
– Dövlətimiz tərəfindən göstərilən qayğı kollektiv qarşısında mühüm vəzifələr qoyur. Çalışacağıq ki, məktəbdə təhsilli, vətənpərvər gənclər yetişdirilməsinə nail olaq. Arzumuz budur ki, məktəbi bitirən hər bir gənc istər peşə məktəblərində, istərsə də ali və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirsin, mütləq bir peşə sahibi olsun, vətənpərvər ruhda tərbiyə alsın. Açılış mərasimində muxtar respublika rəhbərinin dediyi kimi: “Gələcəkdə harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir gənc, ilk növbədə, dövlətinə və xalqına xidmət etməli, ölkəmizin gələcəyi üçün məsuliyyət daşımalıdır. Bütün bunları isə gənclərə müəllimlər aşılamalı, onlar yalnız təhsilli deyil, həm də vətənpərvər gənclər yetişdirməlidirlər”.
Məktəbin müəllimlərindən Məhluqə Kərimova söhbətimizə qoşulur. Bildirir ki, şagirdlər yeni, müasir avadanlıqlarla təchiz olunmuş məktəbə gəlir. Hər dəfə dərs dediyim sinfə girəndə onların üzlərindəki təbəssümü görür, şagirdlərimə belə bir rahat şəraitdə dərs dediyim üçün sevinc hissi keçirir, fərəh duyuram. Uzun illərdir, köhnə, yararsız məktəb binasında uşaqlara biliklərin sirlərini öyrədən müəllim yoldaşlarım da mənimlə bərabər yeni fənn laboratoriyaları, kabinələri, elektron lövhəli sinifləri, kompüter otaqları, kitabxanası olan məktəbdə çalışmağın haqlı qürurunu yaşayırlar. Bir məsələni də qeyd edim ki, bu yaşayış məntəqəsinin köhnə sosial obyektləri, bərbad kənddaxili yolları olan bir kənddən müasir qəsəbə görkəmli yurd yerinə çevrilməsi hər bir kənd sakini tərəfindən minnətdarlıqla qarşılanır. Bütün bu görülən işlər dövlətimizin insan amilinə verdiyi önəmin, kənd sakinlərinin rahat yaşayışına göstərdiyi diqqətin bariz nümunəsidir. Qəzetiniz vasitəsilə bütün kənd sakinləri, məktəbimizin kollektivi adından dövlətimizə, onun qurub-yaradan insanlarına minnətdarlığımı bildirir, əminliklə demək istəyirəm ki, bütün bu görülən işlərin müqabilində daha səylə və əzmlə çalışacaq, gələcəyimiz olan uşaqların yaxşı təhsil alması, hərtərəfli biliyə malik olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Kənddə olarkən məktəbin direktoru İlqar Quliyev, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vasif İsmayılov, kənd sakinlərindən təqaüdçü-müəllim Zöhrab Hacıyevlə birlikdə 1993-cü ildə dərc olunan məqaləni oxuyub o günləri yada saldıq, keçmişlə bu günün reallıqları haqda söhbət etdik. Zöhrab müəllim dedi: O illər kənd sakinləri üçün çox ağır keçib. İşığın, qazın olmaması, telefonların işləməməsi böyük problemlər yaradıb. Bu da azmış kimi səhər durub görürdün ki, elektrik xətləri kəsilib, dirəklər sobada yandırılmaq üçün aparılıb. Bunların da bərpası bəzən aylar çəkirdi. Üstəgəl, ərzaq qıtlığı, sərhəd kəndlərindən gələn itki xəbərləri vəziyyəti daha da ağırlaşdırırdı. Yaxşı yadımdadır, uşaqlara çay vermək üçün qadınlar qənd olmadığından tut qurusundan, ərik qurusundan istifadə edirdilər.
Söhbət əsnasında gözüm ötən günlərdə istifadəyə verilən xidmət mərkəzindəki piştaxtaları ərzaqla dolu mağazaya sataşdı. Düşündüm ki, həqiqətən, o illər əsl imtahan illəri olub. Zöhrab müəllim elə bil düşündüklərimi üzümdən oxudu:
– İndi insanlar bolluq dövründə, firavan yaşayırlar. Ancaq o vaxt yaxın on kilometr ərazidə ərzaq almaq üçün bircə mağaza belə, yox idi. Əslində, mağazanın olması belə, bir şey ifadə etmirdi. Çünki şəhərdəki mağazaların da piştaxtaları boş idi. İndi gəl, vəziyyətdən baş çıxar görək, necə çıxarırsan. Kimin ağlına gələrdi ki, 20-22 il sonra bu kəndin sakinləri evlərinin iki addımlığında istifadəyə verilən xidmət mərkəzindəki mağazadan istədikləri naz-neməti əldə edə biləcəklər. Həm də ödəməni nağd pulla yox, ovuc içi boyda kartlarla etmək imkanları olacaq.
Kənd tam orta məktəbinin direktoru İlqar Quliyev bu əsnada söhbətə körpü saldı:
– Eyni sözləri kənd uşaqlarının təhsil şəraiti haqda da demək olar. Kəndin məktəbi uyğunlaşdırılmış binada idi. Qırıq şiferlər, sınıq-salxaq qapı-pəncərələr, aramsız tüstülənən neft və kömür sobaları vəziyyəti daha da çətinləşdirirdi. Qış aylarında uşaqlar partada palto, papaqla oturmalı olurdular. Belə olan halda isə müəllimlərdən keyfiyyətli tədris gözləmək və tələb etmək mümkün deyildi. Düzdür, bütün bu şəraitə baxmayaraq, işə vicdanla yanaşan müəllimlər çox idi. Ancaq şərait çox zaman öz sözünü deyir, dərslərin əksəriyyəti boş keçirdi. İndi yaraşıqlı məktəb binamız, geniş, işıqlı və rahat siniflərimiz var. Bu, muxtar respublikada son 20 ildə təhsil sahəsində inqilabi dəyişikliklərin nəticəsi, inkişafın göstəricisidir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vasif İsmayılov dedi ki, yeni inşa edilən kənd və xidmət mərkəzləri məzmun və mahiyyətcə yeni obyektlərdir. Kənddə fəaliyyət göstərən qurumların – inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, mədəniyyət evinin, kitabxananın, polis sahə və baytarlıq məntəqələrinin, poçt bölməsinin kənd mərkəzində yerləşdirilməsi əhalinin rahatlığını təmin edib. Kənd sakinləri hansısa problemini həll etmək üçün artıq rayon mərkəzinə getmək məcburiyyətində deyil. Onların bütün problemləri elə bu kənd mərkəzində həll olunacaq. Bu da vaxt itkisinin qarşısını alacaq. Bayaq 1993-cü ildə “Şərq qapısı” qəzetində kəndimizdəki problemlərlə bağlı dərc olunan yazını oxuyanda istər-istəməz o illərə qayıtdım, həmin çətinliklər kino lenti kimi gözlərim önündən keçdi. Sevinirəm ki, o yazıda qeyd edilən bütün problemlər öz həllini çoxdan tapıb. İndi 710 nəfər sakini olan kənddə 115 ev var. Onlardan 15-i təzə tikilib. Hamısı da su, elektrik enerjisi, mavi yanacaqla təmin olunub. Suvarma suyuna olan tələbat da dolğun şəkildə ödənilib. Kəndə hər 10 dəqiqədən bir avtobus gəlib-gedir. İndi kənd sakinlərinin əsas qayğısı torpaqla, onu əkib- becərməklə bağlıdır. Məncə, bu, son 20 ildə əldə edilən ən böyük nailiyyətdir.
Əslində, biz keçmişə nəzər salaraq o günləri qəti şəkildə tənqid etmək niyyətində deyildik. Sadəcə, o, bizim keçmişimiz, çətin sınaqlarla dolu tariximiz idi xatırladıq. Ona görə ki, bu gün Xal-xalın gözəl simasını görüb qürurlanan kəndin yeniyetmələri, bu günlərdə buraya yolu düşən muxtar respublika sakinləri, qonaqlar düşünməsinlər ki, elə Xal-xal ta qədimdən belə imiş. Xatırlatdıq ki, bu günlərin qədri daha yaxşı bilinsin. Xatırlatdıq ki, bu günlərə gəlmək üçün xal-xallıların hansı çətinliklərdən keçdiyi oxucularımıza aydın olsun. Rahat yol, müasir məktəb, inzibati binalar, gündən-günə artan fərdi evlər… Bütün bunlar Vətən sevgisi ilə qurub-yaradan xalq fədailərinin əhalinin rifahı naminə gördüyü işlərin təcəssümüdür.
Səbuhi Hüseynov
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər
arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür