İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbaği “Şərq qapısı” qəzetinə müsahibə verib, Naxçıvanla bağlı təəssüratlarını bölüşüb.
Naxçıvanda çox böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirən Möhsün Xadim Ərəbbaği deyib: “Bizim burada səmimi görüşlərimiz oldu, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Xüsusilə iqtisadi sahədə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etdik. Mən əvvəllər də Naxçıvana gəlmişəm. Müqayisə edəndə görürük ki, indi Naxçıvan xeyli dəyişib, burada çox böyük işlər görülüb, yeni sənaye müəssisələri yaradılıb. Qeyd edim ki, biz buraya böyük qrupla gəlmişik. Bu səfərimizdə iranlı sahibkarlar, iş adamları iştirak edir. Hər birimiz bizə göstərilən səmimiyyətdən çox razıyıq. Naxçıvanın inkişafı bizi çox sevindirir, çünki Naxçıvanla bütün zamanlarda bizim əlaqələrimiz olub”.
Dünyanın bir çox ölkələrində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ilə tanış olduğunu deyən qonaq Naxçıvandakı istehsal müəssisələrində çox keyfiyyətli məhsullar istehsal edildiyini bildirdi.
“İstərdik ki, buradakı istehsal müəssisələrinin hər biri ilə əməkdaşlığımız olsun. Bizim sahibkarlar buranın iş mühiti ilə tanış olsunlar, qarşılıqlı olaraq sizin iş adamları bizim müəssisələrlə əlaqələr qursunlar, bir-birlərini yaxından tanısınlar”, – deyən Möhsün Xadim Ərəbbaği Naxçıvanla qarşılıqlı iqtisadi-ticarət və mədəni əlaqələrin genişləndiriləcəyini vurğuladı. O dedi: “Ali Məclisin Sədri ilə Araz Azad Ticarət və Sənaye Zonasının fəaliyyəti haqqında söhbət etdik. Qərara aldıq ki, muxtar respublikada istehsal olunan məhsulların İranda daimi sərgisini təşkil edək, həmçinin bizim məhsulları Naxçıvanda tanıdaq”.
Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Naxçıvanın və İranın mədəniyyət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin əlaqələrimizin inkişafına öz töhfəsini verəcəyini dedi və əmin olduğunu bildirdi ki, əməkdaşlığımız bundan sonra da yüksək səviyyədə davam edəcək.
Səbuhi Həsənov