İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri çərçivəsində muxtar respublikanın sənaye və mədəniyyət müəssisələri ilə tanış olub.
İlk olaraq Naxçıvan Sement Zavodunda olan qonaqlara məlumat verilib ki, bu müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1200 ton olan zavodda müasir texnologiya əsasında ən yeni avadanlıqlar quraşdırılıb. Yerli xammal hesabına işləyən Naxçıvan Sement Zavodunda 250 nəfər işlə təmin edilib. Bu, bir istehsal müəssisəsinin timsalında çox yaxşı göstəricidir. Zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunduğundan burada çalışan mühəndis-texniki işçilərin əksəriyyəti də bu sahə üzrə məzun olmuş ali təhsilli gənclərdir. Yüksək temperatur, təzyiq şəraitində həyata keçirilən istehsal prosesinə nəzarət üçün Yaponiyadan alınmış avadanlıqdan istifadə olunur. Almaniyadan alınıb gətirilmiş qaz analizatoru avadanlığı vasitəsilə istehsal prosesində təbii qaza tam avtomatik nəzarət etməklə təhlükəsizlik təmin olunur və enerjiyə qənaət edilir. Qeyd edilib ki, Naxçıvan sementi ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə istehsal olunur və satış üçün Bakı şəhərinə, habelə Gürcüstan Respublikasına göndərilir.
Naxçıvan Avtomobil Zavodu ilə tanışlıq zamanı isə bildirilib ki, bu müəssisədə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik ötürücü sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.
“Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətləri, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının plastik məmulatlar, çay və tütün məhsulları istehsalı müəssisələrində də iranlı qonaqlara bu müəssisələrin istehsal gücü, istehsal olunan məhsulların çeşidi və ixrac imkanları haqda ətraflı məlumat verilib.
Qonaqlar Naxçıvan Beynəlxalq Hava Limanında, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində, Xalça Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Came məscidində olublar, Heydər Əliyev Sarayında təşkil edilmiş “Muxtar respublika qadınları müstəqillik illərində” adlı sərgiyə baxıblar.
Dünən İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Səbuhi Həsənov