23 Dekabr 2024, Bazar ertəsi

Dünən Babək Rayon İcra Hakimiyyətində icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdül­hüseyn Zamanov açmışdır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Faiq Səfərov “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə məsuliyyət” mövzusunda çıxış edərək bildirmişdir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaq qanunvericiliyinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız onun təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi İnzibati Xətalar Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Qeyd olunmuşdur ki, torpaqların özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpaqların çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan və qeydiyyatından gizlədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət və inzibati məsuliyyətə səbəb olur.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri İntizar Həziyev “Torpaq üzərində mülkiyyət hüququnun təmin edilməsi” mövzusunda çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi torpaq qanunvericiliyinin tələblərinə əməl edilməsini təmin etmək məqsədilə 2015-ci ilin sentyabr ayında muxtar respublikanın şəhər və rayonlarında yoxlamalar aparmışdır. Yoxlamalar zamanı yerlərdə torpaqdan istifadə ilə bağlı qanun pozuntularına rast gəlinmişdir. Komitə tərəfindən belə halların aradan qaldırılması üçün yerlərdə icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Görüşlərin təşkilində məqsəd dövlət torpaqlarının mühafizəsinə, qorunmasına və istifadəsinə vahid mərkəzdən dövlət nəzarətinin həyata keçirilməsi, belə torpaqlardan kateqoriyasına zidd istifadə hallarının qarşısının alınmasıdır.
Komitənin yeni funksiyalarının icrasında yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası vacibdir. Bu baxımdan rayonlarda belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Komitə tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Yeni əsasnamə ilə muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilmişdir. Komitənin şəhər və rayonlar üzrə müfəttişləri dövlət torpaqlarının mühafizəsinə, qorunmasına, kateqoriyasına zidd istifadəsinə nəzarəti həyata keçirirlər. Müfəttişlər mütəmadi qaydada monitorinq və müşahidələr aparır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyaların tətbiqi nəzərdə tutulmuşdur.
Vurğulanmışdır ki, yerlərdə bəzən torpaqların kateqoriyasına zidd istifadə hallarına rast gəlinir. Bələdiyyə torpaqları yaşayış məqsədilə istifadə olunur, tikintilər aparılır. Eyni zamanda kənd təsərrüfatı, sənaye, örüş və otlaq sahələrində də yaşayış evləri, obyektlər tikilir və ya yaşayış təyinatlı torpaqlarda istehsal obyektləri inşa olunur. Belə halların aradan qaldırılması üçün komitənin torpaq müfəttişləri yoxlamalar həyata keçirirlər. Pozuntu halları aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Bu sistem muxtar respublika üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi və istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR