23 Dekabr 2024, Bazar ertəsi

1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir.

Qeydə alınmış namizədlərin bərabərliyi
Qeydə alınmış bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan, həmçinin kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər.

 D İ Q Q Ə T

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliklərin irəli sürülməsi Seçki Məcəlləsinin 58.1-ci maddəsinə və Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına müvafiq olaraq oktyabr ayının 2-si, saat 1800-də başa çatıb.

* * *

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə namizədliklərin irəli sürülməsi “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 54.1-ci maddəsinə və Ali Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına müvafiq olaraq oktyabr ayının 7-si, saat 1800-də başa çatır.

Dövlət və bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlər vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.

Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları Seçki Məcəlləsinin 55.2-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 51.2-ci maddəsi ilə müəyyənləşdirilir.

Dövlət və ya bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir.

Yuxarıda qeyd edilən məhdudiyyətlərə əməl edilməsi Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına seçicilər qarşısında əlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.

* Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər.
* Göstərilən şəxslərin seçicilərə maddi, maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır.
* Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

Qeydə alınmış namizədin fəaliyyətinin təminatları

* Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir.
* Qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.
* Qeydə alınmış namizəd həmin müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.

Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

* Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.
* Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Qeydə alınmış namizədin seçkilərdə
iştirakının şərtləri

Seçkilərdə iştirak edən qeydə alınmış namizəd Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2.4-cü maddəsində göstərilən şərtlərlə yanaşı, aşağıdakı şərtlərə riayət etməlidir:
* qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
* qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;
* seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.

Namizədin namizədlik statusundan
imtina etməsi

İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.
Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə bir gün müddətində qərar qəbul edir.
Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kam­paniyası dövründə sağlamlığının pozulması başa düşülür.
Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının Azərbaycan Respublikası Seçki Məcəlləsinin 98.3-cü və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR